Ərdoğan FETÖ üzvünü sui-qəsd ittihamı ilə məhkəməyə verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vəkili Hüseyn Aydın 15 İyul çevriliş cəhdi zamanı Marmarisdə dövlət başçısına qarşı həyata keçirilən sui-qəsd cəhdində iştirak etməkdə ittiham olunan, 10 il qırmızı bülletenlə axtarıldıqdan sonra saxlanılan FETÖ üzvü Burkay Karatepe və ona yardım edən şəxslərlə bağlı Muğla Prokurorluğuna şikayət ərizəsi təqdim edib.

Teleqraf xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Şikayət ərizəsində Burkay Karatepe və bu vaxta qədər gizlənməsində ona kömək edən şəxslər barəsində “Prezidentə sui-qəsd”, “Konstitusiyanın pozulması”, “Dövlətin birliyini və ərazi bütövlüyünü pozmaq”, “Terror təşkilatına üzv olmaq” və “Cinayətkarı himayə etmək” maddələri üzrə istintaq aparılması və onlar haqqında cinayət işinin açılması tələb olunub.

Xatırladaq ki, bu gün Türkiyə ərazisində saxlanılan Burkay Karatepe barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.