Ermənistan baş nazirinin müavini Tiqran Xaçaturyan Fransanın İrəvandakı səfiri Olivye Dekotinini diplomatik missiyasının başa çatması münasibətilə qəbul edib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.
Baş nazirin müavini son illərdə Ermənistan-Fransa münasibətlərinin zəngin və dinamik gündəliyini yüksək qiymətləndirərək, ikitərəfli tərəfdaşlığın möhkəmləndirilməsinə verdiyi şəxsi töhfəyə görə səfirə təşəkkür edib. Tiqran Xaçaturyan görülən işlərin ikitərəfli münasibətlərin davamlı inkişafı üçün zəruri olan möhkəm təməli təmin etdiyinə əminliyini bildirib.
Həmsöhbətlər həmçinin Ermənistan-Fransa əməkdaşlıq gündəliyinin vacib sahələri, o cümlədən enerji, infrastruktur, ixracın şaxələndirilməsi və digər sahələrdə görülən işlər barədə fikir mübadiləsi aparıblar.