Saakaşvili: Məni buna görə bağışlaya bilmirlər

“Nəyə görə “Gürcü Arzusu” və onun himayədarları - ruslar 2008-ci ilin avqust müharibəsi ilə bağlı bu qədər qəzəblidir? O zaman Putin və Sarkozinin tələblərinə və amerikalıların təkliflərinə baxmayaraq, Gürcüstanı tərk etmədiyim üçün məni bağışlaya bilmirlər”.

Teleqraf xəbər verir ki, bunu Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili deyib.

“Özümü xilas etmək naminə xalqımı ağır vəziyyətdə qoymadım. Əksinə, bütün Gürcüstanı və bütün demokratik dünyanı ayağa qaldırdım. Gürcüstanı xilas etdik və Rusiya 2008-ci ildə həmin müharibədə qarşıya qoyduğu heç bir strateji məqsədə nail ola bilmədi. Biz isə böyük quruculuq işlərini və dünyanın ən uğurlu islahatlarını davam etdirdik.

Onlar bu gün də amansızcasına qəzəblidirlər və bizim alvanili qəhrəmanımız Giorgi Antsuxelidzeni “piar obrazı” adlandırırlar. Halbuki o, boyun əymədi, işğalçının çəkmələrini öpmədi, Ali Baş Komandanı söymədi və tərəddüd etmədən Gürcüstan uğrunda canını fəda etdi. İşğalçının önündə könüllü şəkildə sürünən “Gürcü Arzusu”nun nümayəndələri belə sınmaz insanlardan isterik şəkildə qorxurlar. Məhz buna görə də Giorginin xatirəsinə qarşı mübarizə aparırlar”, - sabiq prezident bildirib.

Mixeil Saakaşvili qeyd edib ki, onlar Gürcüstan ordusunu da bağışlamayıblar:

“Çünki tamamilə qeyri-bərabər döyüşdə ordu bir neçə gün ərzində bizə üstünlük qazandırdı və dünya müdaxilə edənə qədər tab gətirdi. Buna görə də Gürcüstan ordusunu zəiflətməyə, döyüş ruhunu məhv etməyə çalışırlar. Elə buna görə də Gürcüstanın hərbi sənayesini məhv etdilər.

Gürcü xalqını da bağışlamayıblar. Çünki həlledici anda biz bir yumruq kimi birləşdik, bütün fərqlərimizi kənara qoyduq və düşmənin, eləcə də dünyanın qarşısına vahid xalq kimi çıxdıq. Məhz buna görə artıq 14 ildir gürcülərdən amansızcasına qisas alırlar. Onların azadlığını əllərindən alır, alçaldır, sıxışdırır, ölkədən qovur, yerinə isə rusları və başqalarını məskunlaşdırırlar. Bütün dünyada Gürcüstanın nüfuzuna zərbə vururlar”.