Yaxın Şərqdə sistem müharibəsi: Qlobal güc nizamı yenidən formalaşır -ANALİZ

“Mövcud Yaxın Şərq prosesləri artıq klassik hərbi münaqişə çərçivəsindən çıxaraq qlobal sistemin yenidən formalaşması mərhələsinə daxil olub. Analitiklərin fikrincə, regionda baş verənlər təkcə dövlətlərarası gərginlik deyil, eyni zamanda güc arxitekturasının, informasiya idarəetməsinin və ideoloji təsir mexanizmlərinin yenidən qurulmasıdır”.

Sherg.az xəbər verir ki bu sözləri Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

O qeyd edib ki, proses üç əsas istiqamətdə -sistem müharibəsi, teopolitik-ideoloji qarşıdurma və qlobal güc balansının dəyişməsi üzrə inkişaf edir:

“Müasir qarşıdurmanın əsas xətti sistemlərin özünü qoruma və genişləndirmə qabiliyyətinə bağlıdır. Burada əsas rəqabət dövlətlər arasında deyil, təhlükəsizlik və iqtisadi idarəetmə modelləri arasında gedir. Təhlükəsizlik artıq yalnız müdafiə funksiyası deyil, həm də siyasi asılılıq mexanizminə çevrilib. Xüsusilə enerji, nəqliyyat dəhlizləri, logistika marşrutları və rəqəmsal məlumat axınları strateji üstünlüyün əsas komponentlərinə çevrilib.Eyni zamanda kiberməkan, məlumat mərkəzləri və kritik infrastruktur obyektləri müasir münaqişələrin əsas hədəf zonaları kimi çıxış edir”.

İdeoloji və inanc müstəvisində rəqabət

Analitikin yanaşmasına görə, Yaxın Şərqdə baş verən proseslərin ikinci mühüm mərhələsi ideoloji və teopolitik müstəvidir:

“ Burada əsas məqsəd regionun idrak xəritəsinin yenidən formalaşdırılmasıdır. Münaqişə yalnız siyasi sərhədlərlə deyil, həm də dini narrativlər,identiklik strukturları, kollektiv təhlükə qavrayışı üzərindən aparılır. Bu mərhələdə “vəkalət müharibələri” yeni forma alaraq təkcə hərbi qruplarla deyil, həm də informasiya, emosional və ideoloji şəbəkələrlə davam etdirilir. Nəticədə informasiya və interpretasiya gücü müasir qarşıdurmanın əsas elementlərindən birinə çevrilir”.

Qlobal güc mübarizəsi: Yeni dünya nizamına doğru

Ağar əlavə edib ki, Qlobal səviyyədə baş verən proseslər ABŞ, Çin və Rusiya arasında formalaşan strateji rəqabətin Yaxın Şərq üzərindən kəsişdiyini göstərir:

“Regionun enerji resursları, geostrateji mövqeyi və dini-ideoloji çəkisi onu qlobal sistem üçün əsas rəqabət meydanına çevirir. Hazırda bölgədə: ittifaq sistemləri yenidən formalaşır, bəzi inteqrasiya layihələri zəifləyir, yeni bloklaşma meylləri güclənir. Eyni zamanda “kontrollu xaos” modeli vasitəsilə regional balansın idarə olunması cəhdləri müşahidə edilir”.

7 oktyabr 2023 hadisəsi: Strateji dönüş nöqtəsi

Ekspert əlavə edib ki, 7 oktyabr 2023-cü il hadisəsini regionda sistem qırılmasının başlanğıcı kimi qiymətləndirirlər:

“Bu hadisə nəticəsində: normallaşma prosesləri dayandırıldı, diplomatik yaxınlaşma planları zəiflədi, regional təhlükəsizlik arxitekturası sarsıldı, İsrailin çəkindirmə gücünə dair suallar yarandı. Eyni zamanda ABŞ mərkəzli regional dizaynın yenidən formalaşdırılması prosesi sürətləndi. Bu kontekstdə münaqişə yeni mərhələyə -“yenidənqurma və güc balansının bərpası” mərhələsinə keçib”.

Türkiyənin rolu: Düyün dövləti faktoru

A.Ağar onu da deyib ki, mövcud geosiyasi dinamika fonunda Türkiyə regionda periferik deyil, mərkəzi strateji düyün kimi qiymətləndirilir:

“ Onun mövqeyi Şərq və Qərb sistemlərinin kəsişmə nöqtəsində yerləşir. Türkiyə qarşısında üç əsas strateji seçim dayanır:

1. Passiv mövqe:Qlobal proseslərin nəticələrini qəbul edən dövlət modeli.

2. Asılı inteqrasiya:Başqa güc mərkəzlərinin sistemlərinə uyğunlaşma.

3. Aktiv balans siyasəti: Müstəqil mövqe saxlayaraq güc mərkəzləri arasında tarazlıq yaratmaq.

Türkiyənin uzunmüddətli geosiyasi gücü aşağıdakı istiqamətlərdən asılı olacaq:

• müdafiə və təhlükəsizlik müstəqilliyi

• enerji və ticarət dəhlizlərinə nəzarət

• informasiya və narrativ gücü

• regional sabitlikdə vasitəçilik rolu

• çoxqütblü sistemdə balanslaşdırıcı mövqe

Bu model Türkiyənin yalnız regional aktor deyil, həm də sistem formalaşdıran güc mərkəzinə çevrilməsi imkanını artırır. Nəticə etibariylə Yaxın Şərqdə baş verən proseslər göstərir ki, dünya artıq klassik müharibə mərhələsini keçərək çoxqatlı sistem qarşıdurmasına daxil olub. Bu mərhələdə əsas mübarizə yalnız güc balansı ilə deyil, reallığın necə və kim tərəfindən formalaşdırılması ilə bağlıdır. Beləliklə, region təkcə münaqişə coğrafiyası deyil, eyni zamanda yeni qlobal nizamın formalaşdığı strateji mərkəz kimi çıxış edir”.