Geni dəyişdirilmiş qarpızlar zəhərləyir: İçində sarı zoğ varsa, yeməyin!

Professor xəbərdarlıq edir ki, süni yetişdirilən meyvələr təhlükəlidir
Yay mövsümündə havaların isinməsi ilə qida zəhərlənməsi hallarının artması geniş yayılmış tendensiyalardandır. Bu zəhərlənmələrin əsas səbəblərindən biri də yayda tez-tez istehlak olunan qarpızdır. Son illərdə qarpızdan zəhərlənmə hallarında artım müşahidə olunur və təəssüf ki, bu hallar bəzən gecikmiş tibbi müdaxilə səbəbilə faciəvi nəticələrlə, o cümlədən ölümlə yekunlaşır.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, qarpızın üzərindəki kiçik dəliklər, bir çox hallarda böcək dişləməsi kimi qəbul edilsə də, əslində, bu izlər bəzi vicdansız satıcı və istehsalçıların qarpıza iynə ilə müdaxilə etməsinin nəticəsi ola bilər. Məqsəd isə süni dadlandırıcılar və ya rəngləndiricilər vurmaqla meyvəni daha cazibədar göstərməkdir. Belə müdaxilələr qarpızın daxildən çürüməsinə və təhlükəli mikroorqanizmlərin yaranmasına səbəb ola bilər. Bu isə sağlamlıq üçün ciddi risklər yaradır.
Buna görə də mütəxəssislər istehlakçılara qabığında deşik olan qarpızlardan uzaq durmağı, iri ölçülü, parlaq rəngli və birbaşa günəş altında uzun müddət qalmayan qarpızlara üstünlük verməyi tövsiyə edirlər.
Professor Adil Qeybulla isə hesab edir ki, zəhərlənmə əsasən qarpızın yetişdirilmə və saxlanma şəraitindən asılıdır. O, Sherg.az-a açıqlamasında qeyd edib ki, meyvə tərəvəzlərdən zəhərlənmə halları səbəbsiz deyil:
" Xüsusilə, qarpız və sulu meyvələrdən zəhərlənmələr daha çox onun yetişdirmə və saxlanma qaydalarına bağlıdır. Bəzən vaxtından əvvəl yetişdirilən meyvələrə süni iqlim şəraitində yetişdirildiyi üçün müxtəlif gübrələr, dərmanlar vurulur ki, o da meyvənin tərkibinə keçə bilər. Qarpız kimi giləmeyvələr də bu cür maddələri daha çox özündə toplayır. Qarpızı kəsərkən onun içərisi yetərincə gözümüzün öyrəşdiyi formada deyilsə, onun içində sarı zoğlar daha qabarıqdırsa və yaxud daha yumşaqdırsa, onları yemək olmaz”.
Professor bildirib ki, vaxtından əvvəl yetişmiş meyvələri çox az miqdarda qəbul etmək lazımdır:
 “Bəzən insanlar nəfsini saxlaya bilmirlər və bu da bədənə həddən artıq zərərli maddələrin toplanmasına və zəhərlənməyə gətirib çıxara bilər: “Bəzi genetik modifikasiya olunmuş meyvələr var ki, konkret bir temperaturda bunların geni dəyişdirilir. Bunlar da uzun müddət, illərlə qala bilir. Amma bu temperatur fərqi dəyişdikdə onlar tez yetişir və xarab olurlar. Bu da əsasdır. Bu məhsullar təhlükəlidir. Günəş altında uzun müddət qalan meyvə və giləmeyvələri qəbul edəndə diqqətli olmaq lazımdır. Bütün bunlara insanlar əməl etsələr və az qəbul etsələr, problemlər yaşanmaz. Məncə, hər meyvə öz vaxtında yeyilsə yaxşı olar”.