Parlamentari: AİB ilə tərəfdaşlıq yeni layihələrin əsasını qoyur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Asiya İnkişaf Bankının prezidenti Masato Kandanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Asiya İnkişaf Bankı arasında səmərəli əməkdaşlığa toxunuldu, birgə layihələrin uğurlu icrası qeyd edildi. 1999-cu ildən indiyədək Asiya İnkişaf Bankı tərəfindən nəqliyyat, su təchizatı, enerji, maliyyə, təhsil, səhiyyə və digər sahələri əhatə edən 145 kredit, qrant, investisiya və texniki yardım layihələri üzrə Azərbaycana 5,5 milyard dollar dəyərində maliyyə dəstəyinin göstərildiyi vurğulandı.

Asiya İnkişaf Bankının Azərbaycan dövləti ilə yanaşı, özəl sektorla da uğurlu əməkdaşlıq etdiyi qeyd olundu. Bu xüsusda neft-qaz, elektrik enerjisi, yol, dəmiryolu, kənd təsərrüfatı, su təchizatı, çirkab suların axıdılması və digər istiqamətlərdə icra olunan birgə layihələrə toxunuldu.

Söhbət zamanı Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması istiqamətində Vaşinqtonda əldə edilmiş nailiyyətlərin regionun nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi üçün də böyük imkanlar yaratdığı diqqətə çatdırıldı.

Görüşdə Mərkəzi Asiya-Azərbaycan-Avropa marşrutu üzrə bağlantıların önəmi qeyd edildi. Həmçinin ölkəmizlə bank arasında yeni layihələrə toxunuldu, bu xüsusda dəmiryolu, metro şəbəkəsinin genişləndirilməsi və su təchizatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olundu.

Milli Məclisin deputatı Vüqar Bayramov Sherg.az-a deyib ki, Azərbaycan Asiya ölkələri ilə əməkdaşlığını gücləndirir:

"Nəzərə alsaq ki, Asiya İnkişaf Bankı beynəlxalq təşkilatlar arasında xüsusi yer tutur, bu qurum vasitəsilə digər Asiya ölkələri və dövlətləri ilə əlaqələrin dərinləşməsi də müşahidə olunur. Əsasən də Mərkəzi Asiya dövlətləri ilə münasibətlərimizin genişlənməsi diqqət çəkir. Azərbaycan Prezidentinin öz fəaliyyətində də xüsusi vurğuladığı məqamlardan biri məhz Mərkəzi Asiya ölkələri ilə son illər siyasi yaxınlığın daha da güclənməsidir. Bu ölkələr Asiya İnkişaf Bankının üzvüdür. Bu da onu göstərir ki, Azərbaycan həmin platforma çərçivəsində sözügedən dövlətlərlə səmərəli əməkdaşlıq qurur. Asiya İnkişaf Bankı ilə əməkdaşlıq həm infrastrukturun genişləndirilməsi, həm də yeni layihələrin icrası baxımından vacibdir. Azərbaycan uzun müddətdir ki, Asiya İnkişaf Bankı ilə qarşılıqlı milli maraqlara uyğun, faydalı əməkdaşlıq əlaqələrini davam etdirir. Bunun nəticəsi olaraq, nəqliyyat, infrastruktur və kommunal xidmətlər sahəsində, eləcə də son illər təhsil və səhiyyə sektorlarında əməkdaşlığın güclənməsi müşahidə edilir. Bütün bunlar onu göstərir ki, Azərbaycanla Asiya İnkişaf Bankı arasında, eləcə də ümumilikdə region ölkələri arasında güclü əməkdaşlıq platforması formalaşmaqdadır".