“Ataların əlində siqaret yox, kitab olmalıdır” -  Şahbaz Xuduoğlu

“Kitab oxuyan valideynin övladı da oxuyacaq” 

Uşaqların tərbiyəsində kitablar xüsusi yer tutur. Kitab onları zəngin mənəvi zövqə malik bir insan kimi tərbiyə edir, öz xalqının mübarizələrlə zəngin tarixi keçmişini dərindən başa düşmələrinə imkan yaradır. Təsadüfi deyil ki, hər il aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunur və bu əlamətdar gün vasitəsilə cəmiyyətin diqqəti uşaq ədəbiyyatının əhəmiyyətinə yönəldilir.

Qeyd edək ki, uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı bir tarixçəsi var. Məşhur nağılçı Hans Xristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitabı Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib. 1967-ci ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən isə Danimarka yazıçısı Hans Xristian Andersenin dünyaya gəldiyi gün – aprelin 2-si Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilib. Bu günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini uşaq ədəbiyyatına və onun problemlərinə cəlb etməkdir.

Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun hekayələrinin yazılı kitab şəklində çap edilməsi ilə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A. Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədilə rəsmli kitab nəşr etdirib.

XVIII əsrdən uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranıb. D.Defo və C. Sviftin “böyüklər” üçün yazılmış “Robinzon Kruzo” (1719) və “Qulliverin səyahəti” romanları uşaqların oxu dairəsinə uyğunlaşdırılıb.

Qrimm qardaşlarının nağıllar kitabı bu baxımdan diqqəti cəlb edir. H.X. Andersenin 1846-cı ildən qələmə aldığı nağılları uşaqlar bu gün də çox sevirlər.

Sonralar yazıya alınaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. XIX-XX əsrlərdə Azərbaycanda uşaq ədəbiyyatının inkişafı müşahidə olunub.

Beynəlxalq Uşaq Kitabı Günü ölkəmizdə də qeyd olunur. Həmin gün müxtəlif rəsm və kitab sərgiləri təşkil edilir.

Bu günün önəmini şərh edən “Qanun” Nəşrlər Evinin direktoru, naşir Şahbaz Xuduoğlu Sherg.az-a açıqlamasında bildirib ki, Beynəlxalq Uşaq Kitabı Günü cəmiyyətin diqqətini uşaq ədəbiyyatına çəkmək və kitab oxumağın əhəmiyyətini vurğulamaq baxımından çox önəmlidir.

Naşir Azərbaycanda uşaq ədəbiyyatının inkişafına və uşaqların kitaba maraq göstərməsinin vacibliyinə diqqət çəkib: “Azərbaycanda uşaq ədəbiyyatı inkişaf edir. Həm uşaq kitablarının sayı artır, həm də bu sahədə çalışan yerli müəlliflərin sayı çoxalıb”. Naşir əsas problemi kitaba marağın hələ də yetərli olmamasında görür. Onun sözlərinə görə, əhalisi bizdən az olan ölkələrdə kitab oxuyan insanların sayı daha çoxdur: “Bu, yalnız uşaq ədəbiyyatına aid deyil, ümumi ədəbi problemi əks etdirir. Maarifləndirici tədbirlər və kampaniyalar artırılmalı, cəmiyyətdə kitaba maraq aşılanmalıdır”.

Ş. Xuduoğlu bildirib ki, yerli müəlliflər uşaqların maraqlarını müəyyən mənada qarşılaya bilir: “Bu sahədə vəziyyət qənaətbəxşdir. Sadəcə olaraq müəlliflər daha çox çalışmalı və öz üzərlərində işləməlidirlər ki, kitablarına maraq artsın. Hazırda “Harry Potter” kitab seriyasına və “Persi Cekson” kimi müəlliflərin əsərlərinə maraq böyükdür. Amma yerli müəlliflərimizin əsərlərinə də maraq pis deyil. Ən çox oxunan kitab Səməd Behrənginin “Balaca qara balıq” əsəridir. Bu çox yaxşı haldır”.

Naşir qeyd edib ki, valideynlər uşaqlarına kitab seçərkən maarifləndirici əsərlərə üstünlük verməlidirlər, çünki bu, uşaqların gələcəyi üçün son dərəcə vacibdir: “Uşaqlar nə qədər tez özünü dərk edərsə, kitab oxumağın əsl mənasını bir o qədər tez anlayarlar. Kitab evə alınan çörək qədər əhəmiyyətlidir. Ataların əlində siqaret yox, kitab olmalıdır ki, uşaqlar da kitab oxumağı vacib bir hal kimi qəbul etsin. Bu bir növ alqoritmdir. Kitab oxuyan valideynlərin uşaqları da kitaba maraqlı olacaq. Əks halda mümkün deyil. Bütün gün televizora baxan, telefonla oynayan valideyn uşağa 100 dəfə də get kitab oxu desə, heç bir faydası olmayacaq. Uşaq valideynin əlində nə görsə, onu götürür”.

“Qanun”un direktorunun sözlərinə görə, uşaqlar daha çox fantastik əsərlərə üstünlük verirlər ki, bu da müsbət haldır. O, vurğulayıb ki, uşaq vaxtı fərqli dilləri öyrənmək və həmin dillərdə kitab oxumaq onların gələcəyi üçün üstünlükdür, amma ana dilini mükəmməl öyrənmək şərtdir.

Naşir əlavə edib: “Seyid Əzim Şirvani, Abdulla Şaiq, Abbas Səhhət əsərləri, xüsusən Süleyman Sani Axundoxun “Qorxulu nağıllar”ını oxumaq uşaqlarda ədəbi zövqü inkişaf etdirir, xalq ədəbiyyatına və milli mədəniyyətə bağlılığı artırır, həmçinin təxəyyül və yaradıcılıq qabiliyyətlərini gücləndirir. Bununla yanaşı, uşaqların xarici əsərlərlə də tanış olması vacibdir. “Nikinin gündəliyi” seriyası və “Molly Moon” seriyasını yeniyetmə qızların oxuması faydalıdır. “Yaşıl evin Ennisi” kitabı uşaqlara sevmək, sevindirmək, humanizm, həyat sevgisi, inam və dostluq kimi dəyərli hissləri aşılayır.

Roald Dahlın “Matilda” əsəri ağıllı, güclü və mübariz bir qızın hekayəsidir. Onun dünya uşaq ədəbiyyatının ən gözəl nümunələrindən sayılan “Çarli və şokolad fabriki” povesti də faydalıdır".