Paşinyanın Putinə telefon zəngi Rusiyanın Ermənistana verə biləcəyi himayə qarantiyasının əhatə dairəsini müəyyən etmək məqsədi daşıyıb
İyulun 5-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə reallaşıb. Telefon danışığı zamanı Qarabağ ətrafında baş verənlər, Laçın dəhlizi ilə maneəsiz hərəkətinin təmin edilməsi məsələləri və digər mövzular müzakirə olunub. Həmçinin üçtərəfli bəyanatların müddəalarının ardıcıl yerinə yetirilməsinin prinsipial əhəmiyyəti vurğulanıb.
Putin Rusiyanın Ermənistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davam etdirməyə hazır olduğunu təsdiqləyib. Vaşinqtonda aparılan müzakirələr və gözlənilən Brüssel görüşü öncəsi Paşinyanın Putinə zəngi diqqət çəkir. Bəzi şərhçilərə görə, Paşinyan ya Qarabağda son günlər yaşananlarla bağlı narahatlığını, giley-güzarını ifadə edib, yaxud da Kremldən növbəti təlimatlarını alıb.
Politoloq Elçin Xalidbəyli "Sherg.az"a açıqlamasında bildirib ki, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın Qarabağ iqtisadi rayonu, eləcə də, Laçın yolu ilə bağlı hər hansı məsələni müzakirə etməsi absurddur. Analitikin sözlərinə görə, nə rəsmi İrəvan, nə də Kreml bu mövzular üzrə hər hansı qərar vermək hüququna malikdir:
"Bu məsələlər Azərbaycanın daxili işidir və bu barədə yalnız rəsmi Bakı qərar verir. Ona görə də erməni Baş nazir və Kreml sahibi özlərinə heç bir aidiyyəti olmayan belə mövzuları müzakirə etməklə, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdi göstərmiş olurlar. Əslində, bu iki siyasətçinin davranışları daha çox panik durumdan qaynaqlanır. Çünki Rusiya Cənubi Qafqazdakı mövqelərini itirmək üzrədir. Rusiyanın bu regionu həmişəlik tərk etmək məcburiyyətində qalacağı vaxt o qədər də uzaqda deyil. İndi Kreml bütün vasitələrlə geopolitik proseslərin istiqamətlərini dəyişmək şansları axtarır. Ermənistana gəldikdəsə, rəsmi İrəvan da Cənubi Qafqazda erməni separatizminin və terrorizminin sıradan çıxarılmaq üzrə olduğunu anlayır. Yəni region "erməni faktoru"nun təsirindən xilas edilir. Rəsmi İrəvan anlayır ki, bundan sonra Ermənistan Azərbaycandan asılı vəziyyətə düşəcək. Yəni Ermənistanın gələcək taleyi məhz rəsmi Bakıdan birbaşa asılıdır".
Həmsöhbətimiz vurğulayıb ki, rəsmi İrəvanın Rusiyaya xəyanət edib, üz tutduğu ABŞ və Qərbə olan ümidləri də boşa çıxmaqdadır: "Son məlumatlara görə, ABŞ Ermənistandan israrla Azərbaycanın şərtləri daxilində sülh sazişinin imzalanmasını tələb edir. Ağ Ev Cənubi Qafqazdan Rusiyanın çıxarılması prosesini sürətləndirmək istəyir. Amerikanın İrəvandakı səfiri Kristina Kvinin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşaya biləcəyinə inandıqlarını bəyan etməsi Ermənistana sarsıdıcı zərbədir. Bu, rəsmi Bakının geopolitik tezislərinin ABŞ tərəfindən dəstəkləndiyini təsdiqləyir".
E.Xalidbəyli diqqətə çatdırıb ki, bəzi diplomatik mənbələrdən sızan məlumatlara görə, Ağ Ev qeyri-rəsmi kanallarla Ermənistana qarşı rəsmi Bakının daha bir önəmli tələbinin yerinə yetirilməsi tələbi ilə təzyiq göstərir
"ABŞ rəsmi İrəvandan Azərbaycanın Qarabağ iqtisadi rayonunda qalan Ermənistan ordusunun tör-töküntülərinin dərhal çıxarılmasını tələb edir. Cənubi Qafqazda sülh prosesinin uğur qazanmasında bu məsələnin həllini vacib hesab edən ABŞ-nin Ermənistana təzyiqlərinin maksimum həddə çatdığı bildirilir. Ona görə də rəsmi İrəvan indi yenidən ABŞ və Qərbdən üz çevirib, vaxtilə xəyanət etdiyi Rusiyanın himayəsi altına qayıtmağa çalışır. Baş nazir Nikol Paşinyanın Prezident Vladimir Putinə telefon zəngi də böyük ehtimalla Rusiyanın Ermənistana verə biləcəyi himayə qarantiyasının əhatə dairəsini müəyyən etmək məqsədi daşıyıb. Ancaq bu iki məğlub ölkənin Azərbaycana qarşı hansısa ortaq plan qurmaq şansı indiki beynəlxalq situasiyada qətiyyən inandırıcı görünmür".