Azərbaycanın ərəb dünyası ilə əlaqələri genişlənir

Prezident İlham Əliyevin Əlcəzairdə Zirvə görüşündə çıxışı böyük rəğbətlə qarşılanıb
Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;  
  Noyabrın 1-2-də Əlcəzair Xalq Demokratik Respublikası 4-cü dəfə Ərəb Dövlətləri Liqasının Sammitinə ev sahibliyi etdi. Azərbaycan Prezidenti İlham Əliyev Sammitə Qoşulmama Hərəkatının sədri statusunda fəxri qonaq qismində dəvət olunmuşdu. Ərəb Dövlətləri Liqasının üzvü olan 22 dövlətin rəhbərlərindən başqa Azərbaycan Prezidentinin, eləcə də Birləşmiş Millətlər Təşkilatının (BMT) və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katiblərinin fəxri qonaq qismində zirvə görüşünə qatılması Prezident İlham Əliyevin beynəlxalq arenada, o cümlədən islam dünyasında yüksək nüfuzunu bir daha sübut edir. 
Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı vurğulayıb ki, Ərəb Dövlətləri Liqası ilə Azərbaycan arasındakı münasibətlərin xüsusi xarakteri var. Dövlət başçısı xatırladıb ki, o, bir neçə ay öncə Baş katib Əbul Qeyti Bakıda qəbul edib: "Biz gələcək əməkdaşlığımızla bağlı geniş söhbət apardıq. Azərbaycan 2006-cı ildən təşkilatın müşahidəçi statusunda üzvüdür və biz əməkdaşlığımızı genişləndirmək istəyirik. Bu gün mən Sammitdə Qoşulmama Hərəkatının sədri kimi iştirak edirəm, lakin eyni zamanda, bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə çox yaxşı münasibətlərimiz var. Əminəm ki, yaxın gələcəkdə də bizim əməkdaşlığımız genişlənəcək, yeni xarakter və yeni dinamika alacaq. Biz Ərəb Dövlətləri Liqasına üzv olan ölkələrlə ikitərəfli əməkdaşlığa da xüsusi önəm veririk. Biz aramızda olan qarşılıqlı dəstəyi və həmrəyliyi yüksək qiymətləndiririk. Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik. Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməyib. Biz islam həmrəyliyinə kifayət qədər töhfə vermişik". 
  Ölkə rəhbəri bəyan edib ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq arenada mühüm rol oynayır: 
"120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və biz bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdik. Bu da bizim mövqeyimizə və siyasətimizə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Bizim sədrliyimiz bir daha yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Biz bunu bir daha siyasətimizə verilən qiymətin əlaməti kimi görürük. Bizim sədrliyimiz COVID-19 dövrünə təsadüf etmişdir və biz bu məsələdə çox fəal idik. Azərbaycan koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardımı göstərib. Biz Qoşulmama Hərəkatının Sammitini təşkil etdik". Prezident qeyd edib ki, Azərbaycan Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən dəstək görür: "Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik". 
  Məlumat üçün bildirək ki, Əlcəzair Xalq Demokratik Respublikası ərazisinin böyüklüyünə görə ərəb dünyasında və Afrika İttifaqında ən böyük ölkədir. Əlcəzair əhəmiyyətli təbii qaz və neft istehsalçısı və ixracatçısıdır. Azərbaycan Respublikası ilə Əlcəzair Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlərə gəldikdə, xatırlatmaq yerinə düşər ki, bu ölkə 1991-ci il dekabrın 26-da respublikamızın müstəqilliyini tanıyıb. Azərbaycanla Əlcəzair arasında diplomatik əlaqələr isə 1994-cü il aprelin 22-də qurulub. Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasında (Əlcəzair şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsinə dair Prezident İlham Əliyev 2014- cü il noyabrın 28-də Sərəncam imzalayıb və 2016-cı ildə bu ölkədə səfirliyimiz təsis olunub. Əlcəzairin isə Azərbaycanda diplomatik ofisi 2015-ci ildə fəaliyyətə başlayıb və 2019-cu ildə ölkəmizdə Əlcəzairin səfirliyi təsis edilib. Beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində fəal əməkdaşlığın həyata keçirildiyini vurğulasaq, deyə bilərik ki, ölkələrimiz arasında əlaqələr yaxşı səviyyədədir. Hər iki ölkənin parlamentləri arasında da dostluq əlaqələri mövcuddur. Azərbaycanla Əlcəzair arasındakı iqtisadi sahədə əlaqələr də önəmlidir. Azərbaycanda xidmət, ticarət və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən 5 Əlcəzair şirkəti qeydiyyatdan keçib. 1995-2022-ci illər ərzində Əlcəzairdən Azərbaycana 504,9 min ABŞ dolları investisiya qoyuluşu həyata keçirilib. İki ölkə arasında buvaxtadək 5 sənəd imzalanıb, 7 sənədə baxılmaqdadır.
  Əlcəzair Universitetinin Beynəlxalq hüquq fakültəsinin professoru Yusif Huri söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısındakı çıxışı istər Əlcəzair, istərsə də ərəb ölkələrinin siyasətçiləri və politoloqları arasında böyük rezonans yaradıb. 
Onun sözlərinə görə, dövlət başçısının Qoşulmama Hərəkatının sədri qismində və Sammitin fəxri qonağı statusunda ərəb dünyası üçün bu mühüm tədbirdə iştirakı böyük rəğbətlə qarşılanıb: "Prezident İlham Əliyev ərəb ölkələrində, o cümlədən Əlcəzairdə böyük nüfuza malik olan siyasətçidir. Biz, ölkənizin dostları onun çıxışını diqqətlə dinlədik. Beynəlxalq hüququn və ədalətin üstünlüyünə, sülh və sabitliyə sədaqətini bir daha nümayiş etdirən Azərbaycanın dövlət başçısı vurğuladı ki, onun ölkəsi də Əlcəzair kimi işğaldan əziyyət çəkib, Ermənistanın təcavüzünə və hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımına məruz qalıb. O, BMT Baş katibinin də iştirak etdiyi Sammitdə vurğuladı ki, aparıcı beynəlxalq təşkilatların qərar və qətnamələrinə rəğmən Ermənistan 30 ilə yaxın müddətdə ərazilərin 20 faizini işğal altında saxlamağa davam edib.
 Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə edərək torpaqlarını güc yolu ilə azad etdi”. Prezident İlham Əliyevin Əlcəzairə səfərinin iki dost ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ olacağını qeyd edən professor Y.Huri deyib ki, Azərbaycanın dövlət başçısının Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət etməsi ölkə ictimaiyyətini məmnun edib: "O, bu barədə Sammitdəki çıxışında da danışdı. Prezident İlham Əliyev vurğuladı ki, Milli Mücahidlər Muzeyini ziyarət edərkən ona Fransanın işğalı zamanı fransızların 5 milyondan çox mina basdırdığı barədə məlumat verilib. Dövlət başçısı bildirdi ki, bu vəziyyət ona öz ölkəsinin də üzləşdiyi analoji problemləri xatırlatdı. Belə ki, Ermənistan işğal zamanı Azərbaycan ərazilərində bir milyondan çox mina basdırıb, bunun nəticəsində müharibədən sonra 260-dan çox azərbaycanlı həlak olub, yaxud yaralanıb".
  Siyasi şərhçi Elçin Mirzəbəyli deyib ki, Qoşulmama Hərəkatının təməl fəlsəfəsini kolonializmə qarşı mübarizə, zülmün, istibdadın qarşısında, haqqın, ədalətin yanında olan xalqların həmrəyliyi, birliyi təşkil edir. Bu baxımdan, Azərbaycanın dünyada mürəkkəb geosiyasi proseslərin cərəyan etdiyi bir zaman kəsiyində Qoşulmama Hərəkatına sədrliyi, bəlkə də tarixi zərurətdən doğan bir reallıqdır: 
"Azərbaycanın Qoşulmama Hərəkatını sədrliyi dönəminin sözügedən təsisatda canlanma yaratması təsadüfi deyil. Azərbaycan xalqının milli və bəşəri azadlıq ideallarına sadiqliyi, müstəmləkəçiliyə və onun müasir təzahürlərinə qarşı mübarizə əzmi özünü Prezident İlham Əliyevin Əlcəzairə səfəri çərçivəsində də bir daha nümayiş etdirdi. Fransanın anti-Azərbaycan və ermənipərəst siyasətinə, Emmanuel Makronun və Fransanın digər rəsmi şəxslərinin əsassız və qərəzli bəyanatlarına, Fransa parlamentinin Azərbaycana qarşı qəbul etmək istədiyi sənədlərə Prezident İlham Əliyev Əlcəzairdən kolonial siyasətə, Fransa müstəmləkəçiliyinə öz münasibəti və aydın mesajları ilə cavab verdi. Rəsmi Parisə öz gözündə sezmək istəmədiyi “tiri” göstərdi. Xatırladım ki, Fransa hələ də müstəmləkəçi ölkədir. Müasir Fransanın az qala bütün dünya okeanlarına “səpələnmiş” de-fakto müstəmləkələrinin ərazisi 560 min kv. kilometr təşkil edir. Müstəmləkələrdə müasir Ermənistanın əhalisindən daha çox insan - 3 milyon nəfər yaşayır".