Əhməd Cavad anıldı - “Azərbaycan Türk Ocağı” Gəncə və Şəmkirdə...- Fotolar

Azərbaycanın istiqlal şairi, Türk dünyasının görkəmli mütəfəkkiri Əhməd Cavad unudulmaz şeirlərindən birində yazırdı: 

1906-cı ildə gəldim Gəncəyə, at ilində.
Qalxdım dilbozun tərkinə mən,
Keçdim düzlərdən, boz çöllərdən.
Qotazlı atı sürdüm də, gəldim,
Gəncəyə könül verdim də, gəldim! 
Oxumaqdı ancaq diləyim,
Şəmkirdə qalmışdı ürəyim.
Anam işləyər, mən oxuyardım,
O, xalı, mən şeir toxuyardım.
Günümüz keçərdi ağlı, qaralı,
O, ərindən, mən atamdan yaralı.
Yadımdan heç çıxmaz, o gəldiyim gün
 Başlandı tarixi mənim ömrümün!"   

Bəli , Şəmkirdən Gəncəyə gəldi. Və bununla da həyatda çox insana nəsib olmayan ömür adlı payını, hətta ailəsini, övladlarını Azərbaycanın, Türk dünyasının, Türk ocaqlarının birliyinə, istiqlaliyyətinə qurban verdi və Vətən uğrunda şəhid oldu...İstiqlal mücahidimizin ömrünün ən keşməkeşli günlərini , xüsusilə həyata vida dediyi son anlarını millət vəkili, akademik Rafel Hüseynov “Son atəşdən bir az öncə” yazısında  tarixə işıq tutaraq zülmətləri, qaranlıqları özünəməxsus şəkildə aydınlatır və bizləri Əhməd Cavadla bağlı o dövrdəki bütün mətləblərdən agah edir. 

Bu gün Əhməd Cavadın ruhu şaddır. Onun ruhunu şad edən arzusunda olduğu müstəqil  Azərbaycan Respublikasının  nəinki Türk dünyasında, dünya dövlətləri sırasında  etibarlı tərəfdaş kimi özünəməxsus tutduğu mövqe,  Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında rəşadətli ordumuzun Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi,  Azərbaycan Respublikası ilə qardaş Türkiyə Cümhiriyyəti arasında olan qardaşlığın, birliyin, bərabərliyin dünya üçün bir nümunə olması və elə həmin gün hər iki ölkə Liderinin - Azərbaycan Respublikasının Ali Baş Komandanı  Cənab İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilandan dünyaya verdikləri mesajlardır.

Əhməd Cavadın ruhunu şad edən ən mühüm məqamlardan biri də xalqımızın qəlbində əbədi Əhnəd Cavd sevgisinin yaşaması, eyni zamanda ölkəmizdə və ölkəmizdən kənarda hər bir mühüm fəaliyyətimizə bizə miras qoyub getdiyi istqlal marşı ilə başlamağımızdır. Çünki Əhməd Cavad Azərbaycanın istiqlal şairidir.Məhz bütün sirlər bu cümlənin içindədr.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 aprel 2022-ci ildə Əhnəd Cavadın 130 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamda deyilir:

 “Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış sənətkarın azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğrulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən şairin müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir. Əhməd Cavad daim ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olmuş, dövrün parlaq şəxsiyyətləri sırasında 1930-cu illərin ağır repressiyalarına məruz qalaraq, sovet totalitarizminin qurbanına çevrilmişdir”.

Sərəncamdakı misraların, fikirlərin hər biri bütünlüklə Əhməd Cavad şəxsiyyətinə, poeziyasına, arzularına dərin hörmət, diqqət və ehtiramın ən uca zirvəsi, təzahürüdür.

“Azərbaycan “Türk Ocağı” nın başqanı , “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Bədirxan Əhmədov da məhz bu sərəncamın işığında Bakıdan Şəmkirə daha sonra isə Gəncəyə Əhməd Cavad deyib gəlmişdilər.

Qonaqların səfər xəritəsi  də elə məhz Əhməd Cavadın həyatının ilk çağlarının yol xəritəsi ilə eyniyyət təşkil edirdi. Çünki o da yuxarıda qeyd etdiyimiz kimi Şəmkirdə doğulmuş, daha sonra isə Gəncəyə gəlmişdi. Çox dərin mənalı bayatılar müəllifi Əhməd Cavad bu janrda yazdığı bir bəstəsində məhz bu məqama toxunmuşdur.

Mən aşiq, Gəncədənəm,
 Şəmkirdən, Gəncədənəm!
Əslim. köküm türk oğlu,
     Soy, soyadca Gəncədənəm...

“Azərbaycan Türk Ocağı” Qeyri Hökumət  Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliiyə köməkliyi ilə Gəncə şəhərində keçirilən görüş Gəncə Dövlət Universitetinin II korpusunun akt zalında professor müəllim heyətinin və tələbələrin iştirakı baş tutdu.

Tədbir Ulu Əhməd Cavdın müəllifi olduğu Azərbaycan Respublikasının Dövlət Himninin iştirakçılar tərəfindən böyük coşqu ilə  səsləndirilməsi və Vətənimizin aadlığı, bütövlüyü uğrunda canından keçmiş əziz şəhidlərimizin müqəddəs ruhlarının bir dəqiqəlik sükutu ilə başladı. 

Gəncə Dövlət Universitetinin Humanitar Məsələlər üzrə prorektoru, dosent Gülsüm Fətəliyeva, “Azərbaycan “Türk Ocağı” başqanı , “Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı və AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Bədirxan Əhmədov, Gəncə Dövlət Universitetinin dosentləri  Bayram Apoyev, Cavid Bağırzadə, Səba Namazova və AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov öz çıxışlarında Əhnəd Cavad yaradıcılığındakı tarixi və bədii məqamları dinləyicilərin diqqətinə çatdırmışlar. 

Tədbirdə “Çırpınırdı Qara Dəniz” mahnısının sədaları altında Azərbaycan və Türkiyə bayraqlarının tələblər tərəfindən dalğalandırılması, tələbələrdən Seyhun Rzayev,  Nigar Məmmədovanın Əhməd Cavad yaradıcılığndan səsləndirdikləri misralar və digər məqamlar sözün əsl mənasında Əhməd Cavad təntənəsinin yaşanmasına səbəb oldu.
Sonda tədbir təşkilatçılarının gəldiyi qənaət bundan ibarət oldu ki, şagird və tələblər üçün belə tədbirlərin sayı davamlı və olduqca çox olmalıdır. Çünki belə şəxsiyyətlər Azərbaycan xalqının milli mənəvi dəyərlərinin əsas tərkib hissəsidir.


Əlimuxtar Muxtarov
AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzi
Böyük elmi işçi, filologiya üzrə fəlsəfə doktoru