Partiya sədrlərinə diplomatik pasport və toxunulmazlıq verilsin
Parlamentdə təmsil olunmayan təşkilat rəhbərləri də təkliflər səsləndirdi
Dünən Milli Məclisdə keçirilən “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsinə parlamentdə təmsil olunmayan partiyalar da qatılıblar. Partiya rəhbərləri qanun layihəsi ilə bağlı təkliflərini, tənqid və iradlarını səsləndiriblər.
"Parlamentdə təmsil olunmayan partiyalara dövlət dəstəyi olmalıdır"
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə seçkilərdə iştirakla bağlı maddənin dəyişməsini istəyib: “Ola bilər ki, partiya seçkiyə qatılmaqla bağlı qərar qəbul etsin, ancaq Mərkəzi Seçki Komissiyası (MSK) partiya üzvünün namizədliyini qeydə almasın. Buna görə də bu məsələyə yenidən baxılmalıdır. Burada əsas şərt partiyanın seçkilərdə iştirakla bağlı qərarı olmalıdır. Parlamentdə təmsil olunmayan siyasi partiyalara dövlət dəstəyi məsələsinə də baxılmalıdır”.
"Qanun layihəsini yazanların partiya təcrübəsi yoxdur”
AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, qanun layihəsini yazanların heç birinin partiya təcrübəsi yoxdur. Adamlar bilmir ki, üzvlər necə gəlir, üzvlərin psixologiyası necədir. O bildirib ki, bu layihəyə əsasən, üzvlərdən az qala qan qrupuna qədər istəyirlər: “Siz gedib indi qonşunuzdan şəxsiyyət vəsiqəsinin kodunu istəyin, görün verəcək? Amma partiya üzvlərinin elə məlumatları burada istənilir ki?.. Əgər məqsəd partiyaların fəaliyyətinin məhdudlaşdırılmasıdırsa, bu qanun çox əla hazırlanıb. Qanunun dili də bərbaddır. Biz partiyaları dövlətçilik maraqlarını hər şeydən üstün tutmağa səsləyirik. Partiyalar dövlətdən pul almırsa, İrandan da, Sorosdan da pul alacaq! Bu gün Azərbaycanda dövlətə xəyanət ittihamı ilə həbsdə olan partiya sədrləri var. Bu qanun yenə də ona yol açacaq. Partiyanın daxili nizamnaməsinin Ədliyyə Nazirliyinə nə aidiyyəti var? Dövlət partiya sədrinə hörmət qoymayandan sonra partiya üzvü nə hörmət qoyacaq?! Partiya sədrlərinin təhlükəsizliyinin təminatı məsələsini biz qaldırmışıq. Bütün gün avtobusdayam, yoldayam. Mənim təhlükəsizliyimi dövlət təmin etməyəcəksə, kim etməlidir?! Ümumiyyətlə, bu qanunu yazanın rəqəm anlayışı var?! Bu qanunu yazanlar heç insanla işləməyib. O, heç ömründə 4000 imza yığıb? Digər tərəfdən, biz siyasətlə məşğul olaq, ya hesabat yığaq?! Bu qanunun belə müzakirəsi də peşəkar deyil. Qanunun geriyə tətbiqi də yolverilməzdir".
"Reyestr məsələsi aradan qaldırılmalıdır"
Azad Vətən Partiyasının sədri Akif Nağı deyib ki, layihəylə bağlı da ortaq məxrəcə gəlinməlidir: "30 ildir burada partiyaların təcrübəsi var, bu təcrübə dövlətçiliyə xidmət etməlidir. Reyestr məsələsi aradan qaldırılmalıdır. İnsanların şəxsi məlumatlarına müdaxilə etmək olmaz. İnsanlara bir neçə partiyaya üzv olmaq hüququ verilməlidir. İkincisi, təsisçinin 20 il ölkədə yaşamasının biz əleyhinə olmalıyıq. Bunu minimuma endirməliyik, həmin məhdudiyyət 5 ilə endirilməlidir”.
Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakirli siyasi partiya rəhbərlərinin diplomatik pasportla təmin olunmasını, onlara toxunulmazlıq hüququ verilməsini təklif etdiklərini, ancaq bu təkliflərin layihədə əksini tapmadığını xatırladıb: “Hakimiyyətin ona rəqib olan şəxslərə diplomatik pasport verməsi dünyada da yenilik olar. Eyni zamanda siyasi partiyalar Azərbaycana düşmən olan ölkələrə qarşı kəskin fikirlər səsləndirir. Həmin insanlar xaricdə səfərdə olarkən dövlət tərəfindən qorunmalıdırlar”.
"Partiyadan çıxanlarla bağlı partiyada çox vaxt məlumat olmur"
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev reyestr məsələsinin layihədən çıxarılmasını təklif edib: “Partiyadan çıxanlarla bağlı partiyada çox vaxt məlumat olmur. Xəbərsiz partiyadan uzaqlaşanlar da olur. Ona görə bu barədə partiyanın üzərinə məsuliyyət qoyulması düzgün yanaşma deyil. Seçkilərdə 2 dəfə iştirak etməyəcəyi halda partiyanın qeydiyyatının ləğv olunacağı məsələsi də dəqiqləşdirilməlidir. Ola bilər ki, MSK seçkidə namizədliyi irəli sürülən partiya üzvünü qeydiyyata almasın”.
"Azərbaycanda 3-4 iri partiya olmalıdır"
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov hesab edir ki, çoxillik partiya təcrübəsi olanların fəaliyyətinə mane olmamaq lazımdır: “Ola bilər ki, partiyalar birləşsin, hətta mən artıq bunu çoxdan düşünürəm. Təkliflər də olub. Şərt deyil ki, mən sədr olum. Partiyalar böyüməlidir. Bunun üçün də insanlar “kiçik olsun, mənim olsun” düşüncəsindən imtina etməlidirlər. Azərbaycanda 3-4 iri partiya olmalıdır. Hazırda Azərbaycanda ancaq YAP var. Bu gün Azərbaycanda partiya sədrləri 90-cı illərdə olan adamlardır, yeni adamlar gəlmir. Siyasətə yeni qüvvələr gəlməlidir, Azərbaycan siyasəti dəyişməlidir”.
“İstəyirsiniz ki, üzvlərimizlə bağlı məlumatları verək, siz də bizi seçkidə rahat udasınız”
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov qanun layihəsinin əleyhinə çıxıb. Onun fikrincə, bu layihənin müəllifləri Azərbaycanda siyasətin partiyalardan kənarda həyata keçirilməsini istəyir: “Burada reyestr məsələsi var. MSK zəhmət çəksin səsləri düz hesablasın, biz də bilək ki, hansı partiyanın nə qədər dəstəkçisi var. Siz partiyanın işini niyə konspektləşdirirsiniz? Bu, Azərbaycan dövlətçiliyinə, geosiyasi reallığa yaraşmır. Aşırı tənzimləmə qanunun başlıca konseptual çərçivəsidir. Başqa ölkələrdə partiyalar rəqibinin sosial tərkibini öyrənmək üçün böyük pul xərcləyir. Bizdə isə deyirlər ki, üzvlərinin hamısının adını bizə verin. İstəyirsiniz ki, biz sizə üzvlərimizlə bağlı məlumatları verək, siz də bizi seçkidə rahat udasınız. Hüquqi məsələlərə də baxılmalıdır. 2000 üzvü olan partiyalar var ki, bu gün parlamentdə təmsil olunur. Partiyaların əzəldən iki tipi var: - Fraksiya partiyası və kütləvi partiya. Bu qanun layihəsində təklif olunan model hamını kütləvi partiya etməkdir. Partiyaların fəlsəfi mənası isə siyasi spektri təmsil etməkdir. Partiyaların hüquqi vəziyyəti seçkidəki performansına bağlı olmalıdır. Biz ölkənin siyasi partiya sistemini yüksək səviyyəyə qaldırmalıyıq”.
"Cümlə yaza bilməyən adamlar bu gün partiya sədrləridir"
Ədalət Partiyası sədrinin müavini Elxan Şükürlü qanunun daha sərt formada qəbulunun tərəfdarı olduqlarını vurğulayıb: “Bu qanun layihəsi güclünün ayaqda qalması üçündür. Cümlə yaza bilməyən adamlar bu gün partiya sədrləridir. Qanunun tələbləri daha da sərtləşdirilməli, siyasi partiyaların təmərküzləşməsinə şərait yaradılmalıdır. Təkcə AXCP və Müsavat partiyalarından nə qədər adam çıxıb özünə ayrıca partiya yaradıb. Güclü olan bu qanun layihəsinin qəbulundan narahat olmamalıdır. Belə əhatəli qanun hazırladığına görə ekspert qrupuna təşəkkür edirəm. Kim narahatdırsa, qanun layihəsinin əleyhinə çıxır”.
"Qanun qəbul edəndə cəmiyyətdə bütün təbəqələr razı qalmır"
Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev hesab edir ki, cəmiyyətdə bu qanun layihəsi ilə bağlı bu qədər müzakirələr gedirsə, deməli, qanunun dəyişməsinə zərurət var: “Ümumiyyətlə, hər hansı qanunu qəbul edəndə cəmiyyətdə bütün təbəqələr razı qalmır. Amma belə dinləmələr ona gətirir ki, həmin narazılıqlar get-gedə azalır. Cəmiyyətdə və mətbuatda xeyli fikirlər səsləndirilir ki, partiya qeydiyyata alınanda onun üzvlərinin sayının göstərilməsi düzgün deyil. Amma bu, mövcud qanunda var. 90-cı ildə partiya yaratmaq üçün 1000 üzvün tələb olunması böyük rəqəm idi. Amma indi əhalinin sayı da artıb, siyasi aktivlik də artıb. Ona görə də yeni layihədə olan rəqəmlər saxlanılmalıdır, yaxud rəqəmlər dəyişsə də, üzvlərin sayının göstərilməsi tələbi qalmalıdır. Bizim partiyanın da təklifləri layihədə nəzərə alınıb”.
"Yeni nəsillə məhdudlaşdırma dilində danışmaq olmaz”
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib ki, siyasi partiyanı inkişaf etdirmək üçün ona azadlıq verilməlidir: “Partiyanın qeydiyyatı üçün Gürcüstanda 3000 nəfər üzv şərti var. Digər tərəfdən, qanunda əsasən, məhdudlaşdırıcı müddəalar götürülüb. Yeni nəsillə məhdudlaşdırma dilində danışmaq olmaz”.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan düşünür ki, mütləq bütün partiyalar qeydiyyata alındığı gündən dövlət tərəfindən maliyyələşdirilməlidir və qeydiyyatda olan siyasi partiyalar imza toplamadan seçkilərdə iştirak etməlidir. Respublikaçılar Partiyasının sədri Sübut Əsədova görə, seçkidə iştirak etməyən partiyanın qeydiyyatının ləğv edilməsi tələbi düzgün deyil.
Klassik Xalq Cəbhəsi Partiyasının üzvü Gülağa Gözəlov da irad və təkliflərini bildirib: “Seçkilərdə iştirak etməyən partiyaların ləğvi məsələsini dəstəkləmirik”.