
Turan şairi Əhməd Cavad Şəmkirdə və Gəncədə anıldı
"Azərbaycan Türk Ocağı" silsilə tədbirlərini davam etdirir
Azərbaycan istiqlal tarixində özünəməxsus yeri olan böyük şair Əhməd Cavadın 130 illik yubileyi Azərbaycan Türk Ocağı İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə davam etdirilir. "Əhməd Cavad və Türk Dünyası" layihəsi çərçivəsində oktyabrın 20-də Ə.Cavadın doğulduğu Şəmkirə səfər edən Azərbaycan Türk Ocağı İctimai Birliyinin üzvləri Heydər Əliyev Mərkəzində rayon ictimaiyyətinin nümayəndələri, ictimai fəallarla görüşüb.

Azərbaycan Türk Ocağı"nın sədri, "Şərq" qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı tədbiri açaraq Ə.Cavadın Şəmkirdən başlanan ömür yoluna qısa ekskursiya edib, şairin istiqlal duyğulu şeirlərinin məziyyətindən danışıb: "Ə.Cavad təkcə Cümhuriyyətin ədəbi simvolu deyil, Türkiyə-Azərbaycan qardaşlığının birliyinin təcəssümüdür. Azərbaycan Xalq Cümhuriyyəti quruculuğunda Ə.Cavad publisistikası şeiriyyəti qədər önəmli rol oynayıb". A.Aşırlı bildirib ki, Ə.Cavad Türkiyənin bütövlüyü uğrunda türk mehmetcikləri ilə bir səngərdə döyüşüb, I Dünya müharibəsi zamanı Şərqi Anadoluda erməni-rus zülmünə düçar olan, yurdu yağmalanan soydaşlarımıza Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti xətti ilə yardımlar paylayıb, yetim uşaqları Tiflisə, Gəncəyə, Bakıya gətirib. Ə.Cavad Cümhuriyyətin sərhədlərini bərpa edən, Gəncədən Bakıya, Bakıdan Qarabağa, Dərbəndə qədər azadlıq savaşı aparan Qafqaz İslam Ordusunu şeirləri ilə salamlayıb. A.Aşırlı qeyd edib ki, Turan şairi 1918-ci il sentyabrın 17-də Bakıya, öz paytaxtına qovuşan Azərbaycan Xalq Cümhuriyyətinin ilk qeyri-hökumət təşkilatı olan Azərbaycan Türk Ocağının təsisçisilərindən biri olub. 1918-1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağını Cümhuriyyətin 100-cü ildönümündə yenidən dirçəldilməsinə, bərpasına toxunan A.Aşırlı bildirib ki, Ə.Cavad irsi xalqın mənəvi dəyərləri sistemində ön sıralardadır.
Azərbaycan Dövlət Slavyan universitetinin professoru, Ə.Cavad yaradıcılığının mükəmməl tədqiqatçısı Bədirxan Əhmədov şairin poetik gücündən, şeiriyyətinin forma və məzmunundan danışıb. B.Əhmədov bildirib ki, XX əsr Azərbaycan ədəbiyyatı tarixində poeziyada əruz vəznindən qoşma, heca və sərbəst şeirə keçid Ə.Cavadla başlayır. Ə.Cavadın yaradıcılığına böyük türk şairi M.Ə.Yurdaqunun güclü təsirlərindən danışan professor B.Əhmədov sovetlər dönəmində şairin taleyinə də toxunub, mühacirət mətbuatında çap olunan yazıların təhlilini qısa formada dinləyicilərə çatdırıb.
Gəncə Dövlət Universitetinin tarix fakültəsinin müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Bağırzadə Ə.Cavadın həyat və fəaliyyətində Şəmkir və Gəncənin rolundan danışıb. Böyük şəxsiyyətlər vətəni Şəmkirin Ə.Cavadın böyüməsində, ilk təhsilində önəmli roluna toxunan C.Bağırzadə qeyd edib ki, Gəncə mühiti şairin taleyində mühüm əhəmiyyətli rola malikdir. Abdulla Surun, Hüseyn Cavidin Ə.Cavadın Gəncədə ilk müəllimləri olduğuna toxunan C.Bağırzadə bu şəxsiyyətlərin Ə.Cavadın milli, türkçü mövqeyinin formalaşmasına, cəmiyyətdə önə çıxmasına tarixi şərait yaratdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbir iştirakçıları da həmyerliləri barədə fikirlərini səsləndirib, təkliflər irəli sürüblər. Təkliflərdən biri Şəmkirdə Ə.Cavadın ev muzeyinin yaradılması barədədir. Yəqin aidiyyəti qurumlar şəmkirlilərin bu təklifinə laqeyd qalmayacaqlar.
Oktyabrın 21-də Şəmkirdə başlanan tədbir Gəncədə davam etdirilib. Gəncə Dövlət Universitetinin akt zalında düzənlənən tədbiri öncə bu ali məktəbin prorektoru, professor Gülsüm Fətəliyeva açaraq bildirib ki, bu il Prezident İlham Əliyevin sərəncamı ilə Ə.Cavadın 130 illik yubileyi qeyd edilir. Professor G.Fətəliyeva Ə.Cavadın fəaliyyətinə, Cümhuriyyətin qurulmasında iştirakına və şairin Gəncə dövrünə qısa nəzər yetirib.
Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri A.Aşırlı Gəncə ədəbi-bədii, ictimai-siyasi mühitinin Ə.Cavadın şəxsiyyət kimi formalaşmasına təsirlərindən söhbət açıb. Cümhuriyyətin ilk qeyri-hökumət təşkilatı Azərbaycan Türk Ocağının qurulmasında, cəmiyyətin fəaliyyətində Ə.Cavadın rolu barədə danışıb. Başımız üstə dalğalanan üçrəngli müqəddəs bayrağa ilk şeirin müəllifinin də Ə.Cavad olduğunu xatırlayıb: "Ə.Cavad istiqlal şairidir. Bu böyük mütəfəkkir şairin ruhu istiqlalçılıqdır, xalqın müstəqil, hürr yaşamasıdır. Müstəqil dövlətimizin himninin müəllifi də bu böyük ədib, mütəfəkkirdir".
Ədəbiyyatşünas alim, professor Bədirxan Əhmədov tələbələr qarşısında Ə.Cavad yaradıcılığını, ictimai-siyasi mövqeyini, mühacirət mətbuatında bu böyük mücahidi barəsində çap olunan yazılar barədə geniş çıxıb edib, B.Əhmədov XX əsr Azərbaycan ədəbiyyatı üzərində müqayisəli təhlillər aparıb, şairin yaradıcılığında xalq deyimlərinin əks olunmasına toxunub.
Tarix üzrə fəlsəfə doktoru C.Bağırzadə, filologiya üzrə fəlsəfə doktoru, dosent Səba Namazova, AMEA-nın Gəncə bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, Gəncə Dövlət Universitenin dosenti Bayram Apoyev Ə.Cavad yaradıcılığının, həyat və fəaliyyətinin müxtəlif istiqamətləri barədə məruzə edib.
Sonda tələbələr Ə.Cavad barədə çıxışlar edib, böyük şairin şeirlərini səsləndiriblər. Tədbir iştirakçıları Azərbaycan və Türkiyənin bayraqları ilə bəzədilən salonda müəllifi Ə.Cavad olan "Çırpınırdı qara dəniz" mahnısını oxuyublar.
Kənar Eynuroğlu,
Bakı-Şəmkir-Gəncə-Bakı