ADP sədrinə sərt şillə:"Səməd Vurğun nə qoyub getdi, sən nə qoyubsan? ! "

Fəzail İbrahimli: "Səməd Vurğunun da çəkisinə bax, öz çəkinə də"


Son günlər Azərbaycanın dahi xalq şairi, Azrbaycan poeziyasının incisi, öz poetik duyumu və vətənpərvərliyi ilə xalqın qəlbində taxt qurmuş Səməd Vurğuna qarşı qərəzli şəkildə ləkələmə, gözdən salma kampaniyasına başlanılıb. Belə ki, ötən həftə Azərbaycanın Rusiyadakı keçmiş səfiri Hikmət Hacızadə Kulis.az- a müsahibəsidə Səməd Vurğunu mənasız şair adlandıraraq heç bir fakta, sənədə söykənmədən onu öz qələm dostlarını satmaqda ittiham edib. Maraqlıdır, bu müsahibənin yaratdığı etiraz və qalmaqal səngiməmiş Kulis.az daim Səməd Vurğun əleyhinə çıxış edən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlundan müsahibə götürüb. Və yazıda xalq şairi növbəti dəfə aşağılanıb.

Müsahibənin həmin hissəsini olduğu kimi təqdim edirik:

"Götürək elə Səməd Vurğunu. Səməd Vurğun texnika baxımından, qafiyə düzmək, sözlərin nizamı baxımından Azərbaycanda bənzərsiz şairdir. Amma ədəbiyyat elə qafiyə tutmaq deyil ki. "Vaqif” dramında Səməd Vurğun Qacarı fars kimi, qaniçən işğalçı kimi təqdim edir, Vaqifi isə xalqın böyük bir şairi, xilaskarı kimi. Halbuki, Vaqif Qarabağın Azərbaycandan qoparılması məsələsində vasitəçilik edib. Yekaterina ona görə ona qızıl əsa da bağışlayıb. Qacarsa siyasi separatizmin qarşısını almaq üçün gəlib, Azərbaycanı birləşdirmək fikri ilə gəlib və o, gələndə burada bir nəfərin də burnu qanamayıb. Qacarlar türk tayfalarından biridir. İndi bir adam Qarabağı, torpağı birləşdirmək, rusdan almaq üçün vuruşur, axırda da öldürülür, o biri vətəni rusa satır. Səməd Vurğun torpağı satanı qəhrəman kimi verir, Vətən yolunda vuruşanı qaniçən zalım kimi... Yaxşı, şairsən, lap qafiyələrin də düzdür, bəs mən sənə necə münasibət göstərməliyəm? İdeyan ziyanlıdır axı? Heç "Komsomol” poemasını demirəm. Guya Şaumyanın ürəyi bizim xalq üçün yanırdı. Amma biz bilirik axı 31 mart qırğınını törədən Şaumyandır". 

Əlbəttə, xalq şairinə qarşı bu cür qərəzli münasibət, onun ləkələnməsinə yönəlik hansısa mərkəzdən idarə olunan proseslər cəmiyyətdə əksər sadə, sivil vətəndaşlar, deputat, alim və müəllimlər arasında ciddi narazılqılara səbəb olub.

Səməd Vurğuna qarşı başladılan qarayaxma kampaniyasını pisləyən tarixçi millət vəkili Fəzail İbrahimli "Sherg.az"-a açıqlamasında məlum vəziyyətə etirazını bu cür ifadə edib:

-Bizi sevməyən qüvvələr mövcuddur. Bütün gücümüz, qüvvəmiz, məqsədimiz, amalımız ona yönəlməlidir ki, müstəqilliyimiz əbədi olsun. Biz daha önəmli məsələyə diqqət ayırmalıyıq. Hər kəs özünə aid olan sahə ilə məşğul olmalıdır. Mənə elə gəlir ki, öz tarixi şəxsiyyətlərimizdə və böyük ədiblərimizdə nəysə bir neqativ axtarıb tapmaqla gündəmdə qalmaq düşüncəsindən uzaq olmalıyıq. Bu xalqın sevdiyi və bəyəndiyi insanlar var. Səməd Vurğun tanrının verdiyi böyük istedad sahibi olub. Kimin necə düşünməsindən asılı olmayaraq hər kəsin tarixdə öz yeri və rolu var. Mənim doktorluq dissertasiyam 1920-1930-cu illəri əhatə edir. O dövrün hadisələrinə fikir versək, görərik ki, bütün kommunistlərə eyni möhür vururlar. 

Belə bir düşüncə formalaşdırıblar ki, kim kommunistdirsə, o, ölkəni, milləti, xalqı satıb. 10 il öncənin məsələsini danışıram. Televiziyada canlı yayımda idik. Demokratik və kommunist düşüncə məsələsi müzakirə olunurdu. Orada belə bir fikir söylədim: "Kommunistləri ittiham edənlər gərək evindəkiləri ittiham etsin". Belə olan halda Səməd Vurğunu ittiham etməyə ehtiyac qalmır. Çünki hər kəsin evində bir kommunist olub. Atası, anası, xalası, dayısı, əmisi, bibisi və s. Səməd Vurğunun yaşadığı dövr bir rejim idi. Hər şeyi bu rejim diktə edirdi. Yəni o dövrdə yaşayan və fəaliyyət göstərən bir şair tapmaq olarmı ki, o adam nəyəsə ideoloji müstəvidə yanaşmasın. O dövrün istedad sahibləri bu yöndə də böyük addımlar atıblar. Birincisi, Səməd Vurğunun kimisə satmasına dair fakt, sənəd yoxdur. İkincisi, lap tutaq ki, Səməd Vurğunun satqın olmasını sübut etdilər. Bununla nə qazanacaqlar? Bizim amalımız, məqsədimiz nədir? Məqsədimiz qaymaqlarımızın üstündən qara xət çəkməkdirmi? Səməd Vurğunun ideoloji şeirləri də olub. "Azərbaycan" şeirini necə unutmaq, ləkələmək olar !? Axı, bu şeirlə millətimiz dünyaya təqdim olunub. Bu şeir həmin dönəmdə Azərbaycan haqqında çox müsbət fikir formalaşdırıb. Şairlər, yazıçılar milli ruhun daşıyıcılarıdır. Səməd Vurğun da milli ruhun daşıyıcılarından olub. Süleyman Rüstəmin "Cənub şeirləri" o dövrün ən yaxşı vətənpərvərlik şeirlərindən biri idi. Səməd Vurğun haqqında mənfi fikirlər söyləyənlər haqqında bir söz demək istəməzdim. Amma onlar o vaxt böyük görünə bilərlər ki, fikirlərini faktla, sənədlə sübut etsinlər. Fikirləri cəmiyyətdə qəbul olunsun, cəmiyyətdə mövqeləri və düşüncələri bilinsin. Azərbaycanda hər kəs, hər kəsi yaxşı tanıyır. Gəlin, dünyadan köç edənlərin ruhuna toxunmayaq ! İndiki halda hansısa neqativ hallarımız varsa, bunlar haqqında düşünək. Səməd Vurğun nə qoyub getdi, sən nə qoyubsan ? Səməd Vurğunun da çəkisinə bax, öz çəkinə də. Səməd Vurğunun bu vətənə verdiklərini siz verə bilirsinizmi? Bütün bu suallara cavab verilməlidir".

Bir müddət öncə Azərbaycan televiziya məkanında efirə gedən "Dahilərin divanı" adlı verilişə diqqət çəkən F.İbrahimli qeyd edib ki, bu hadisələr həmin vaxtlardan başladı:

"Azərbaycanda elə bir tanınan şəxsiyyət qalmadı ki, onun haqqında cəmiyyətin bilmədiyi məsələləri açıb tökməsinlər. Bir mərhələdə də Şah İsmayıl Xətai müzakirə olundu. Bir veriliş çərçivəsində ona şəxsiyyət vəsiqəsi verilir. Üstəgəl, bir tərəfdə qara daşlar, digər yanda isə ağ daşlar. Xətainin arxasınca isə qara daşlar atılır. Bax, bu ürək ağrıdan məsələdir. Olmaz ! Tariximizə yanaşan zaman həmin tarixi şəxsiyyətlərin fəaliyyət göstərdiyi dövrü, o dövrdəki prosesləri , demokl qılıncının onların başının üstün kəsib durmasını nəzərə almaq lazımdır".

Bu əsnada tarixçi alim haşiyə çıxaraq maraqlı bir fakt danışır:

Bir dəfə Bakı Dövlət Universitetində dərs zamanı tələbələrimdən biri sual verdi ki, müəllim, Səməd Vurğunun Rəsulzadə haqqındakı düşüncələrinə necə baxırsınız? Sual etdim ki, hansı düşüncələrinə? Bildirdilər ki, S.Vurğun M.Ə. Rəsulzadəni şarlatan adlandırıb. Tələbələrimin sualına cavab olaraq "26 -lar poemiyası"ndakı bir səhnəni onların diqqətinə çatdırdım. Səməd Vurğun orada çox yaxşı bir səhnəni qələmə alıb. Təsəvvür edin ki, iclas çağırılıb və məsələ müzakirə olunur. Azərbaycanın taleyi ilə bağlı müzakirələr gedir və məsələ belə qoyulur ki, Rusiyaya birləşək, yoxsa Türkiyəyə ? Səməd Vurğun da bunu qələmə alır və deyir:

İndi xəbər verim oxucuma mən
O millət rahibi Rəsulzadədən
Toplamış məscidə müsəlmanları
Yağlı vədlərə tutmuş onları
Türkiyəni çağıraq gərək
Bizə kömək olsun qılınc çəkərək

Bu misralardan sonra Səməd Vurğun niyə ittiham olunmaldır ki?

Səməd Vurğun "toplamış məscidə müsəlmanları" deməklə bildirir ki, kilsə qalıb məscidə toplanıblar. Rusiya qalıb Türkiyəni çağırıb.

Bundan başqa S.Vurğun M.Ə. Rəsulzadə haqqında belə bir misra da deyir :

Sözünün pərdəsi millətdir, dindir

Bu misra ilə S.Vurğun eyham vurur ki, bu adam müsəlmandır, dinini və millətini sevir. Baxın, Səməd Vurğun burada M.Ə. Rəsulzadənin həyat fəlsəfəsini açır. Həmin adamlar gedib bu poemanı oxusunlar. Poemanı diqqətlə oxusalar, fikirlər onlara çatacaq. Bu məsələlərə birmənalı yanaşmaq olmaz. Xalqın başını kəsən Andranikin heykəlini qoyurlar, yeri- göyü qana qərq edən Şaumyanı dünyaya tanıtdırmaq istəyirlər. Hər cür qara yaxıb, "Azərbaycan xalqının heç nəyi yoxdur" təsəvvürünü yaratmaq istəyirlər. Bizimkilər də onların dəyirmanlan su töküb işə salır.Bu cür yanaşmalar laızm deyil".

Qarabağın Rusiyaya verilməsində Vaqifin vasitəçilyinə gəlincə, deputat bəyan edib ki, Qarabağ məsələsini o cür qoymaq düzgün deyil:

"Bir yandan İran, digər yandan isə Rusiya Qarabağ uğurunda sona kimi vuruşdular və sonu da məlumdur. O dövrdə Qarabağın taleyinə ədalətli yanaşmaq və Qarabağ xanı İbrahimxəlilxanın tarixdəki mövqeyini araşdırmaq üçün məsələni belə qoyaq: Baxın, hazırda Azərbaycan regionun ən güclü ölkəsidir. Əhalisinin sayına görə, bizdən 4 dəfə azdır. Hərbi güc, qüdrət baxımından güclüyük. Bizim hərbi büdcəmiz Ermənistanın bütöv büdcəsi qədərdir. 20 faiz torpağımız da dünyanın gözü qarşısında işğal olunub. Sual olunur ki, indi biz niyə gedib Qarabağı geri ala bilmirik ? Axı bunların arxasında böyük dövlətlər dayanır və bizim də o böyük dövlətlərə gücümüz çatmır. Biz Ermənistanla müharibəyə başlamağımız Avropa və Rusiyaya qarşı müharibə girmək deməkdir. Aprel hadisələri gücümüzü göstərdi. 

Bax, indi gücümüz ola -ola Ermənistanı niyə məhv edə bilmirik ? Yenə deyirəm ki, arxasında iri dövlətlər dayanır. İndi ibrahimxəlil xanın və başqalarının yaxasından yapışıqır ki, Qarabağ satdı. Yaxşı Gəncə xanlığı mübarizə apardı, neynədi ? Xilas ola bildimi? Siyasətlə və diplomatiya ilə xalqı qırğından qorumaq mümkündürsə, bunu niyə reallaşdırmamalı idilər ki? Həmin dönəmdə min şəhid qanının görə bilmədiyini bir damla mürəkkəb görürdü. Vaqif Satqın, Səməd Vurğun satqın. Bəs kim qaldı? Bu mənada hesab edirəm ki, tarixi bilmədən , tarixi məqamları duymadan bu ideologiyaya xidmət edən şairlər və yazıçıların başları üstündə demokl qılıncı dayanırdı. Onların hamısı həbs və məhvləri üçün orderləri hazır olan adamlar idi. Onlar yaşamaq üçün siyasi manevr etdilər. Səməd Vurğun niyə 50 yaşında tükəndi ? Səməd Vurğunun xərçəngə tutulmasının əsas səbəbi elə o psixoloji sarsıntılar idi. Ona görə də hesab edirəm ki, danışıb düşünəndə min olçüb bir biçmək gərəkir. Belə məsələləri gündəmə gətirməklə nə əldə edəcəklər? Nəticə nə olcaq ? Gündəmdə qalmaq üçün kifayət qədər ciddi məsələlər var".

Hazırladı: Ayyət ƏHMƏD