Avtomobilini özü almayan xanım sürücülər aqressiv olur
Qadın, kişi fərqi yoxdur, hər kəs qanun qarşısında bərabər olmalıdır
Bakıda yol polisi tərəfindən cərimə olunan xanım sürücü bir neçə gün bundan əvvəl sosial şəbəkələrdə video yayaraq həmin polis əməkdaşını qadın sürücülərə qarşı nalayiq hərəkətlərdə ittiham edib. Qadının iddiasına görə, Fərid adlı polis əməkdaşı xanım sürücüləri saxlayaraq onlara "padxod” edir, telefon nömrəsi istəyərək münasibət qurmağa çalışır. Buna nail olmadıqda isə cərimə yazır.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov isə həmin xanımın yol polisi əməkdaşına böhtan atdığını deyib: "Bizdə olan video və səsyazmalar göstərir ki, xanım sürücü açıq-aşkar yol polisinə şər atır. Yol polisi əməkdaşı xanım sürücüyə qaydanı pozduğuna görə cərimə yazır və bu da ona təsir etdiyi üçün sanki qisas almağa çalışır”.
V.Əsədov əlavə edib ki, həmin qadınla bağlı tədbir görüləcək. Qeyd edək ki, yol hərəkəti qaydalarını pozan qadın sürücülərin polis əməkdaşlarına qarşı aqressiyasının dəfələrlə şahidi olmuşuq. Halbuki mentalitetdən irəli gələn ənənəyə uyğun olaraq, yol polisləri əksər hallarda qadın sürücülərə güzəşt edir. Amma təəssüf ki, bir çox hallarda zərif cinsin nümayəndələri bundan sui-istifadə edir. Yəni avtomobili saxlanılan qadın yol polisi əməkdaşlarına qarşı kobud, aqressiv davranır, tibbi ekspertizadan keçirilməsi tələb olunursa, razı olmur, müqavimət göstərir, avtomobili saxlamırlar. Hətta bəzi hallarda polisi hədələyir, hansısa "adamına zəng edib, məsələni xeyrinə həll edəcəyini” deyirlər. Bir qismi isə bu cür əxlaqsız ittihamlarla cəzadan yayınmaq istəyirlər. Bütün bu faktlarla bağlı internet resurslarında kifayət qədər məlumat və videolara rast gəlmək olur.
Bəs, görəsən, bu aqressiyanın səbəbi nədir? Qadın sürücülər niyə yol polisləri ilə yola getmir?
Məsələyə münasibət bildirən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova uzun illərdir sükan arxasında olmasına rəğmən heç bir zaman yol polisi ilə problem yaşamadığını deyib: "Yol polisi də normal, mədəni münasibət görəndə kifayət qədər hörmətlə cavab verir, xüsusən də xanımlara qarşı. Qanun, qanundur. Deyim ki, xüsusən də bəzi xanımlar var ki, (avtomobilini özü almayan) kiməsə güvənir, bu cür davranış nümayiş edir. Polis onu saxlayanda "mənim adamım, arxam var” deyir. Amma xanım avtomobilini min bir əzab-əziyyətlə alıbsa və normal insandırsa, avtomobilin saxlanmasını da normal qəbul edir. Bir də ki, burda tərbiyə məsələsi də var. Avtomobil almaq, sürmək hələ mədəni göstərici, elit olmaq deyil. Mən də şəxsən, çox müşahidə etmişəm ki, bir çox xanımlar yol polislərinə çox aqressiv cavab verir, sərt reaksiya göstərirlər. Bu, yolverilməzdir. Ola bilsin ki, yol polisi tərəfindən də aqressivlik göstərilsin, bu da ola bilər, bu zaman xanımların şikayət etmək hüququ var. Amma xanım olmaqdan sui-istifadə etmək, polislə kobud davranmaq, bu, ictimai rəydə bir xanımın məsələsi olmur, bütün xanım sürücülərin məsələsini kölgə altına alır”.
Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov isə ümumiyyətlə bu cür faktları ictimailəşdirməyin tərəfdarı olmadığını deyib:
"Bu cür neqativ halları ictimailəşdirmək bir qisim insanları bu cür davranışlardan çəkindirirsə, digərlərini şüuraltı buna təhrik edir”.
Xanımların avtomobil idarə etməsində pis heç nə görmədiyini vurğulayan psixoloqa görə, sürücü qadınlar bizdə yeni-yeni formalaşdığından münasibət hələ tam normal səviyyədə deyil: "Xaricdə sürücü qadınlara qarşı aqressiv münasibət yoxdur, amma bizdə var. Bu aqressiv münasibətə şərait yaradan faktorlar çoxdur. Onlardan biri xanımların sükan arxasında siqaret çəkməyidir. Digər hal kimi hər hansı xanıma avtomobilin hədiyyə edilməsidir ki, bu da kişilər tərəfindən "həzm oluna bilmir”. Zaman keçdikcə kişilərdə olan bu münasibət tamamilə azalacaq.
Çünki elə indi də bəzi ailələr var ki, hər iki tərəfin avtomobili var, hətta bəzi qızlar gəlin köçəndə avtomobili cehiz kimi aparırlar”.
Qadın sürücülərin yol polislərinin əmrinə tabe olmamasına, onlara qarşı kobud rəftarlarına gəldikdə isə psixoloq deyib ki, bunlar fərdi, insanın xarakterindən, tərbiyəsindən və dünya görüşündən asılı olan məsələlərdir: "Həm də ki, yol polisləri ilə davranışda aqressivlik, zənnimcə, kişiyə və ya qadına baxmır. Əslində sükan arxasında əyləşən adamın qadın, yaxud kişi olması heç bir xüsusi məna daşımamalıdır.
Ancaq müşahidələr göstərir ki, qadın sürücülər yol hərəkəti qaydalarına kişi sürücülərdən daha çox riayət etməyi sevirlər və buna çalışırlar. Ancaq o da var ki, qadınlar kritik anlarda çaşqınlıq, çətinlik yaşayırlar. Bir də qadınların əsas problemi yolda məsafəni qoruya bilməmələridir ki, bu da onların duyğusal hisslərinin üstünlük təşkil etməsi ilə bağlıdır. Bir sözlə, kişilərin sürücü qadınlara bu qısqanclığı zaman keçdikcə dəyişməlidir”.
Şəymən