"Azərbaycan Milli Elmlər Akademiyası kiçilməlidir" -TƏKLİF

Hamlet İsaxanlı: " Amerikanın məşhur Elmlər Akademiyasının maddi bazası AMEA-nın maddi bazasından 10 dəfə kiçikdir"


Hazırda universitetlərlə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) arasında ciddi rəqabət var.  Düşünürəm ki, bu rəqabətdə ali məktəblər önə çıxa biliblər. 

Bu sözləri Sherg.az Xəzər universitetinin rektoru, professor Hamlet İsaxanlı bildirib. 

Professorun sözlərinə görə, indi dünyada Azərbaycandakı kimi geniş tərkibli elmlər akademiyası yoxdur: 

"Bu, sosializmə xas olan bir quruluş idi. Sovet ittifaqı üçün elmlər akademiyaları daha çox nəzəri məsələlərlə bağlı müəyyən işlər görürdü. Amma kapitalist dünyasında bu cür məsələlər yoxdur. Məsələn, Amerikanın məşhur Milli Elmlər Akademiyasının maddi bazası AMEA-nın maddi bazasından 10 dəfə kiçikdir. Buna inanırsınızmı? Amerika, Fransa, İngiltərə, Almaniya və Yaponiya akademiyalarını birləşdirsək yenə də AMEA-dan balaca olar. Ancaq fəaliyyət müqayisə oluna bilməz. Dünyada tədqiqat işləri universitetlərdə cəmləşir. Akademiya isə alimlərin bir klubu və cəmiyyətidir. Həmin akademiyalar yalnız elm adamlarının fəaliyyətinə dəyər verir. 

Konfranslar düzənləyir, jurnal buraxır. Amma elmi tədqiqat institutları şəbəkələrini yaratmır. Onlarda elmi tədqiqat işləri universitetlərdə aparılır. Ümumiyyətlə, dünyanın hər yerində akademiyaların balacalaşması prosesi gedir. Bu proses Baltik ölkələrində və qonşu Gürcüstanda getdi. Yəni ilk mərhələdə akademiyalar balacalaşmalıdır. İslahat olmalıdır. Universitetlərin tədqiqat gücü artırılmalıdır. Akademiyanın bütün elmlərin kordinasiyasını öz üzərinə götürməsi məqsədəuyğun və effektiv deyil. Düşünürəm ki, elmin kefiyyətini yüksəltmək üçün müzakirələr yalnız akademiyada deyil, bütöv Azərbaycan miqyasında getməlidir. Bu işə universitetlər də qatılmalıdır. Belə olan halda elmi inkişafından danışmaq olar".

Professorun qənaətincə, tendensiya ona gedir ki, Azərbaycandakı və eyni zamanda buna bənzər akademiyalar zamanla sıradan çıxacaq: 

"Bir daha qeyd edirəm ki, bu proses artıq Baltik ölkələrində və Gürcüstanda baş verdi. Gürcüstanda elmlər akdemiyası var. Amma artıq onun özünün heç bir elmi tədqiqat institutu yoxdur. Bütün elmi tədqqiat institutları universitetlər arasında bölüşdürüldü. Universitetləri gücləndirmək üçün bizdə isə həmin proses getməlidir. Amma bizdə işlər tərsinə inkişaf edir. Hətta AMEA magistratura bölməsi də yaradır. Əslində isə AMEA öz tərkibindəki istitutları universitetə çevirmək istəyir. Mənası buna gəlib çıxır. Bu mənada fikirləşirəm ki, elmi tədqiqatlar universitetlərdə aparılmalıdır. Alim universitetdə özünə yer tapır, boş qalmır. 

Həm elmlə məşğul olur, həm dərs deyir. Laboratoriyalarda işləyə bilir. Elmlər akdemiyasında isə bu işlər alınmır. Dövlətin də gücü çatmaz ki, elmlər akdemiyasının bütün elmi tədqiqat institutlarını olduğu kimi saxlasın. Gücü çatmadığı üçün maaşları da yüksəldə bilmir. Təsəvvür edin ki, elmlə məşğul olan adam normal əmək haqqı ala bilmir. Və sonda normal elmlə də məşğul olunmur. Zənnimcə, bu məsələ ilə bağlı ciddi islahat aparılmalıdır".

Ayyət Əhməd