Bizdə boşanan tərəflər biri- birinə ömürlük düşmən olurlar






Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib. Fakt Şükürlü kəndində qeydə alınıb. Keçmiş qudalar qızlarını boşadığı üçün oğlanın ata evinə gəliblər. Təqribən 6 nəfərdən ibarət olan qız evinin adamları müxtəlif alətlərlə silahlı olublar. Onlar evin pəncərələrini sındırıblar. Səs-küyü eşidən oğlanın anası, 1977-ci il təvəllüdlü Kəmalə Qoçəli qızı Şəbiyeva bayıra çıxıb.

Bu zaman tərəflər arasında mübahisə düşüb. Nəticədə müxtəlif alətlərlə silahlanmış qız evinin adamları linglə K.Şəbiyevanın baş nahiyəsinə zərbə endiriblər. Ağır xəsarət alan qadın yaxınları tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ona ilk tibbi yardım göstərilib.

Hadisə baş verən zaman oğlanın atası, 1978-ci il təvəllüdlü Əbülfət Xanverdi oğlu Şəbiyev də evdə olub. Vəziyyətin ciddiliyini görən Ə.Şəbiyev evdən çıxaraq qonşuya qaçıb. Həmin şəxslər qonşunun da evinə ziyan vuraraq Ə.Şəbiyevi axtarıblar. Ə.Şəbiyev tövlədə gizləndiyindən, onu tapa bilməyən şəxslər hadisə yerindən uzaqlaşıblar. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, baş verən bu hadisə Azərbaycanda boşanma mədəniyyətinin hələ də formalaşmadığının göstəricisidir. Dünyanın inkişaf etmiş ölkələrində isə Azərbaycandan fərqli olaraq boşanma məsələsi artıq adiləşib. Tərəflər artıq bir yerdə yaşamağın mümkün olmadığını qərarlaşdırıb, məhkəməyə müraciət edir, sivil yolla boşanmağa çalışır və çox zaman buna nail olur. Azərbaycanda isə çox nadir hallarda sivil yolla boşanma baş tutur. Bizdə isə cütlüklər qarşılıqlı ittihamlar, qalmaqallar ilə boşanır və çox zaman bu qalmaqallar boşanmadan sonra da davam edir, bəzən isə faciələrlə nəticələnir. Ya ər boşadığı arvadını öldürür, ya da Cəlilabadda baş verən hadisə kimi qız evi oğlan tərəfinə qənim kəsilir.
Maraqlıdır, Azərbaycanda dünya ölkələrində olduğu kimi niyə boşanma mədəniyyəti yoxdur?


Sosioloq-jurnalist Lalə Mehralı boşanan tərəflərin biri-birinə ömürlük düşmən olduğunu böyük təəssüf hissi ilə qeyd edib: 

"Bizdə boşanma mədəniyyəti yox dərəcəsindədir. Bir zamanlar ailə olduqlarını, ortaq uşaqlarının olduğunu - hər şeyi unudub biri-birinin qənimi olurlar. Məhkəmə salonlarında biri-birinə ağzına gələn demək, söymək, iftira atmaq kimi nə qədər oyundan çıxırlar. Boşanmaq evlənmək qədər təbii bir haldır. Əgər yola gedə bilmirsənsə, sözün, davranışın, xasiyyətin uyğunlaşmırsa, birlikdə yaşamaq istəməyib boşanmaq istəyirsənsə, bunu ədəb qaydaları çərçivəsində etmək lazımdır. Mənim qaşığım, mənim pərdəm, mənim mebelim deyib boşanma davalarını yaradan ən çox qadınlar olur, etiraf edək. 

Qadının söz-söhbəti, davası ya əşya, ya da aliment səbəbi ilə yaranır. Kişilər isə ya boşanmaq istəmir, ya da aliment verməməkdə israr edir. 

Bu cür hay-küylə, dava-dalaşla boşanan tərəflər gələcəkdə biri-birini ömürlük düşmən kimi görürlər, övladlarını qarşı tərəfə silah kimi istifadə edirlər. Uşaq ataya verilibsə, ana ömür boyu uşağın gözündə alçaldılır, əxlaqsız damğası vurulur, anaya verilirsə, ana durmadan-dayanmadan atanı övladının gözündə pis qələmə verir, təhqir edir, alçaldır. Təəssüf ki, boşanmalardan sonra ən çox müşahidə etdiyimiz vəziyyət budur”.

Şəymən