Cəza mütləq olmalıdır

Qadınların şantaj olunması halları artır
Tahir Kərimli: “Qanunvericilikdə ciddi radikal addımların atılmasına ehtiyac var”







Orxan Oruc:"Sosial şəbəkə fırıldaqçılığından ığortalanmaq çün ən yaxşı yol tanımadığımız
insanlarla ünsiyyət qurmamaqdır”



"Olmasaydı cahanda sarsaqlar, Ac qalardı, yəqin ki yaltaqlar!”. Sözsüz ki, Mirzə Ələkbər Sabir bu təmsili yazanda dövr başqa, mesajın ünvanı da fərqli idi. Amma nə yazıq ki, günümüzdə də bu təmsil öz aktuallığını qoruyub. Nədənsə, qadınların sosial şəbəkələrdə tanış olduqları insanlar tərəfindən şantaj olunması xəbərini oxuyanda bu misraları xatırlayıram. Deməli, 21-ci əsrdə də "işbaz”lar avam, cahil insanları asanlıqla aldadıb, öz məqsədləri üçün onlardan istifadə edə bilirlər.
Təbii ki, problem eyni olsa da, maraqlar fərqlidir. Kimisi pul qazanmaq, ya qisas almaq, ya da sadəcə xuliqanlıq etmək, öz aləmində bundan keyf almaq məqsədilə "virtual tələ”yə əl atır.


Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinə müraciət edən 42 yaşlı qadın sosial şəbəkədə tanış olduğu Elman adlı şəxsin onu şantaj edərək pul aldığını bildirib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qadından 500 manat almış Elman Bəşirov tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Halbuki hər şantaj olayı aşkarlananda mütəxəssislər "SOS” təbili çalır ki, sosial şəbəkə istifadəçiləri öz həmsöhbətlərini seçəndə diqqətli olmalı, sevgi mesajları adı altında vicdansız fırıldaqçı ilə əlaqə saxladıqları ehtimalını bir an olsun unutmamalıdırlar. Fəqət, şantaj faktlarının sayının gündən-günə artması göstərir ki, sosial şəbəkə istifadəçilərinin "Araz aşığından, Kür topuğundan”dır.
Sosial şəbəkələrin müasir həyatın ayrılmaz hissəsi olduğunu vurğulayan millət vəkili Tahir Kərimlinin sözlərinə görə, inkişaf etmiş ölkələrdə mənəviyyat məsələlərinə nəzarət mexanizmi yaradılıb. Xüsusi mərkəzlər vasitəsilə mənəviyyat pozuntuları kimi məsələlərə nəzarət edilir: "Mən Azərbaycan xalqının milli mənəviyyatını hər şeydən üstün tuturam. Bu məsələni Milli Məclisdə Komitə iclaslarının birində qaldırmışdım ki, mütləq Azərbaycanda biabırçılıqların qarşısını almaq üçün mənəviyyat və əxlaq senzurasının qoyulmasına ehtiyac var. Demirəm ki, bütün sosial şəbəkə istifadəçilərinin profilləri, şəxsi yazışmaları nəzarətə götürülsün. Xeyr, bu, insan hüquqlarının pozulması ilə nəticələnə bilər. Sadəcə haqqında şikayət olunan şəxslərin səhifələri ciddi nəzarətdə olmalıdır”.

Sosial şəbəkələrdə tanış olduqları qadınları şantaj edən insanların bu əməlini murdarlıq kimi dəyərləndirən millət vəkili hesab edir ki, bu cür şəxslərin əməlləri aşkarlandığı halda ən sərt maddələrlə cəzalandırılmalıdır: "Hansısa məqsədləri həyata keçirmək üçün sosial şəbəkələr əlverişli situasiya yaradır. Həm dövlət işlərində, həm də insanların gündəlik yaşam şəraitində sosial şəbəkələrin əhəmiyyətli rolu var. Amma gənclər arasında biri-birinə rahat əlçatanlıq başqa mənfi məqsədlər üçün istifadə olunur. Bu cür siqnallar onu göstərir ki, hansısa dəyişikliyə ehtiyac var. Qadınların şantaj olunması halları gündən-günə artdığı üçün bununla bağlı qanunvericilikdə ciddi radikal addımların atılmasına ehtiyac var. Hesab edirəm ki, şantaja məruz qalan insanlar hüquq-mühafizə orqanlarına müraciət etməlidir ki, polis şantajçını məsuliyyətə cəlb edib cəzalandırsın”.

Prokurorluq orqanlarının vətəndaşların hüquqlarını qorumalı olduğunu qeyd edən T.Kərimli hesab edir ki, müvafiq bölmələr bu cür xoşagəlməz hadisələrlə bağlı monitorinqlər keçirməli və sosial şəbəkələrdən şantaj məqsədi ilə istifadə edən şəxslərlə bağlı müvafiq orqanlar qarşısında məsələ qaldırmalıdır: 

"Amma təəssüflə də olsa qeyd etməliyəm ki, bəzi halda qadınların özləri buna şərait yaradır. Şou adamlarının əksəriyyəti qəsdən soyunur, açıq-saçıq geyimi ilə hamının diqqətini çəkir. Sonra da onun haqqında yazanlara, tənqid edənlərə qarşı aqressiv reaksiya verir, ifadəmə görə üzr istəyirəm, bir növ həyasızlıq edirlər. Halbuki gündəmə gəlmək üçün qəsdən soyunur. Sosial şəbəkələrdə şantaj qurbanı olan qadınlar, gənc qızlar da bilərəkdən tanımadıqları adamlarla yazışır, görüşürlər. Sonra da başlarına bu cür işlər açırlar”.
"Gənc Psixoloqlar” İctimai Birliyinin sədri, psixoloq Orxan Orucun sözlərinə görə, dələduzluq edib insanların səmimiyyətindən sui-istifadə edən şəxslər həmişə olub:

"Sadəcə müasir dövrdə onların alətləri dəyişib. Əvvəllər bunu başqa yerlərdə edirdilərsə, indi sosial şəbəkələrdə də etməyə imkan yaranıb. Bəzən şantaj edirlər, bəzən hədə-qorxu gəlirlər. İstər-istəməz bunların hamısı insanın gündəlik əhvalına da mənfi təsir göstərir. Bəzi insanlar, həqiqətən, manipulyasiyaya məruz qalırlar və dələduzların tələblərini yerinə yetirməyə başlayırlar. Çünki həqiqətən də həmin şəxsin hansısa bir formada onlara zərər yetirəcəyindən qorxurlar”.
Psixoloqun sözlərinə görə, sosial şəbəkə fırıldaqçılığından sığortalanmaq və bununla mübarizə aparmaq üçün ən yaxşı yol tanımadığımız insanlarla ünsiyyət qurmamaqdır:
"Necə ki, real həyatda buna riayət edirik, sosial şəbəkədə də belə etməliyik. Və yaxud da dərhal həmin insanların manipulyasiyasına gedib onların istədiyini etmək əvəzinə, hüquq-mühafizə orqanlarına müraciət edilməlidir”.

Orxan Oruc deyib ki, real həyatda dələduz insan özünü bir qədər çətinliklə gizlədə bilirsə, sosial şəbəkədə ona çox rahatdır:

"Dələduz özünü istədiyi profil formasında qarşı tərəfə qəbul etdirir. Bəzən professional bir insan, bəzən səmimi bir insan profili yaradırlar. Sosial şəbəkə real obrazı gizlədib, qeyri-real, qarşıdakı insanın asanlıqla qəbul edəcəyi bir obrazı təqdim etməyə imkan verir. Mütləq hər kəs bilməlidir ki, sosial şəbəkədəki insan reallıqda başqa biri ola bilər”. Sosial şəbəkələrdə ünsiyyəti uzun müddət davam etdirməyin məsləhətli olmadığını vurğulayan psixoloqa görə, bəzən ünsiyyət sevgi münasibətlərinə qədər gedib çıxır: "Bu münasibətlər real həyata keçəndə insanlar biri-birinin başqa cür olduğunu görürlər. Sosial şəbəkə bir növ illüziya formasını daşıyır”.

Şəymən