Düşmənin qarşısına tarixi sənədlərlə çıxmalıyıq
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi
Mənfur qonşularımız ermənilərin Azərbaycan ərazilərinə qarşı ərazi iddiaları, işğalçılıq siyasəti bu günün reallığı olsa da, məkrləri uzaq tarixə dayanır. XIX əsrin əvvəllərindən başlayaraq erməniləri dəstəkləyən Rusiya imperiyası onların dövlət yaratmaq arzularını həyata keçirmələrinə yaxından kömək edirdi. Tarixi şərait erməniləri indiki işğalçı bir dövlətin yaradılmasına zəmin yaradıb.
Ötən əsrin əvvəllərində Azərbaycanın ərazi güzəştləri hesabına özlərinə dövlət yaratmış ermənilər, əsrin sonlarında işğalçılıq siyasətini davam etdirməklə ərazilərini genişləndirmək məqsədlərini qarşıya
qoyublar. İddiaları güclərindən böyük olan düşmənlər Azərbaycanın əzəli torpağı, Dağlıq Qarabağa
göz dikərək işğalçılığa başlayıblar. Bununla da Ermənistan bütün beynəlxalq hüququn prinsiplərini
kobud şəkildə pozub. Çünki ötən əsrin əvvəlində ermənilərə dövlət yaratmaları üçün edilən İrəvanın
və sonradan Zəngəzurun güzəşti ona görə edilib ki, düşmənlər bir daha ərazilərimizə iddiaetməsinlər. Amma indi olduğu kimi, işğalçı xislətli ermənilər XIX əsrin əvvəlindəki razılaşmanı,
əsrin sonunda pozublar.
Tarixi zərurət, labüd bədbəxtlik
Tarixi sənədlərə, arxivə nəzər saldıqda görünən odur ki, İrəvan şəhərinin siyasi mərkəz kimi
ermənilərə güzəştə gedilməsi Azərbaycan Milli Şurasının qərarı ilə edilib. Zaqafqaziya seyminin
dağılmasından sonra erməni milli şurası Tiflisdə Ermənistan Respublikasının yaradıldığını elan edir.
1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan Milli Şurasının iclası keçirilir və iclasın 3 nömrəli
protokoluna görə, Fətəli xan Xoyski şura üzvlərinin Azərbaycan və erməni federasiyası ərazilərinin
sərhədləri məsələsinə dair erməni milli şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə
edib. Xoyski məruzəsində erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım
olduğunu, Gümrüyə Türkiyə qoşunlarının nəzarət etdiyini əsas gətirərək, mərkəzin yalnız İrəvan ola
biləcəyi haqqında məlumat verib. Fətəli xan İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri
olduğunu bildirib. Şura üzvlərinin əksəriyyəti İrəvanın ermənilərə güzəştini tarixi zərurət, labüd
bədbəxtlik adlandırıblar. Tarixi sənədlərdə göstərilir ki, bu güzəştlə ermənilərlə yaşanan konfliktə
son qoyulur. Azərbaycan Cümhuriyyəti Hökumətinin baş naziri Fətəli xan Xoyski mayın 29-da
xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı: "Biz ermənilərlə bütün mübahisələrə son
qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə
getdik”.
Ermənilər İrəvanın qarşılığında Qarabağ və Naxçıvana iddialarından əl çəkəcəklərinə söz vermişdilər
AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq
Qəzənfəroğlu deyir ki, həmin qərar qəbul edilərkən İrəvan və ətrafı əski Azərbaycan türk torpaqları
olaraq bilinsə də, məcburi bir addım kimi məqsədəuyğun görülüb: "Şübhəsiz, bu məcburiyyətin
"ermənilərin də bir dövləti olsun və Azərbaycanın digər ərazilərindən iddialarını geri çəksinlər”
məsələsi dayanırdı. Eyni zamanda Azərbaycan Milli Şurasını bu addımı atmağa xarici qüvvələr də
təhrik etmişdilər. Əsasən isə Azərbaycan Milli Şurasının bunun müqabilində tək istəyi ermənilərin
İrəvan və onun ətrafıyla kifayətlənərək digər torpaq iddialarını, o cümlədən Qarabağ və
Naxçıvandan əl çəkmələri idi. Erməni Milli Şurası da buna razılıq vermişdi. Məqsəd tarixi
vəziyyətdən istifadə edərək qurulmuş dövləti ayaqda saxlaya bilmək idi. Beləliklə, Azərbaycan Milli
Şurası ermənilərin İrəvandan başqa Azərbaycan torpaqlarına iddia etməyəcəkləri sözünü alaraq belə
bir qərar qəbul etmişdilər. Yəni ermənilər İrəvanın qarşılığında Qarabağ və Naxçıvana iddialarından
əl çəkəcəklərinə söz vermişdilər”.
Dağlıq Qarabağa ona görə muxtariyyət verilib ki, ora heç zaman Azərbaycanın tərkibindən
çıxmayacaq
Amma erməni hökuməti Tiflisdən İrəvana köçdükdən sonra İrəvanda və Azərbaycanın digər tarixi
torpaqlarında azərbaycanlılara qarşı soyqırım törədib. İrəvan azərbaycanlıları həm daşnak, həm də
sovet hökumətinin məqsədyönlü qırğın və deportasiya siyasətinə məruz qalıblar. İrəvanda
azərbaycanlılara məxsus maddi mədəniyyət abidələri dağıdılıb, onların erməniləşdirilməsi tədbirləri
həyata keçirilib. 1980-ci illərin sonlarından başlayaraq isə azərbaycanlılar İrəvan şəhərindən
tamamilə çıxarıldı.
Bütün proseslər onu göstərir ki, ermənilər heç bir razılaşmaya, müqavilələrə baxmayaraq yenə də
işğalçılıq siyasətindən keçmirlər.Azərbaycanın ictimaiyyət nümayəndələri belə hesab edirlər ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün tarixi arxivləri, bağlanan sənədləri ortaya qoymalı, məsələni beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdır.
Siyasətçi Sərdar Cəlaloğlu bildirir ki, rəsmi Bakı Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan
danışıqlarda təşəbbüsü tam əla almalıdır. Onun sözlərinə görə, danışıqlar zamanı iki ölkə arasındakı
tarixi müqavilələri, hadisələri önə çəkmək mümkündür: "İrəvan mübahisəli ərazi olaraq Ermənistana
yüz illik verilib ki, həmin yüz il tamam olur. Yəni yüz il qabaq mübahisəli qaldığı üçün, belə şərt
kəsilib ki, yüz ildən sonra İrəvanın statusuna baxılsın. Bu, sənədlə, sübutladı. İndi Azərbaycan
İrəvanın statusunun yenidən müəyyən edilməsi məsələsini ortaya çıxarmalıdır, tələb qoymalıdır. Elə
bu, Dağlıq Qarabağın statusu məsələsinə alternativdir. Həmçinin Dağlıq Qarabağa muxtariyyətin
niyə verildiyi ortaya çıxarılmalıdır. İrəvanın güzəştə gedilməsindən əlavə onların Qarabağa
iddiasının qarşısının alınması üçün ötən əsrin əvvəllərində Zəngəzur, Vedibasar könüllü
Ermənistana verilib. Bu ərazilər verildiyinə görə, Ermənistanın Dağlıq Qarabağa iddia etməsi
hüquqi cəhətdən doğru deyil. Ordakı sənədlərdə konkret yazılıb ki, Zəngəzur və Vedibasar
ermənilərə ona görə verilir ki, onlar bir daha Qarabağa iddia etməyəcəklər. Həmçinin Dağlıq
Qarabağa ona görə muxtariyyət verilir ki, ora heç zaman Azərbaycanın tərkibindən çıxmayacaq.
Ortada sənədlərə əsaslanan şərtlər var ki, onları ermənilər faktiki olaraq pozublar. Yəni dediyim
odur ki, Azərbaycan tərəfi iki ölkə arasındakı hüquqi münasibətlərin tarixinə nəzər salmalıdır. Digər
yandan sovetlər vaxtı bir çox sərhəd rayonların əraziləri zorla ermənilərə verilib ki, onların geri
qaytarılması məsələsi qaldırılmalıdır. Biz hüququmuzun pozulmasını tarixi sənədlərlə sübut edə
bilərik. Bu tarixi müqavilələr Qarabağ danışıqlarında beynəlxalq təşkilatlar qarşısında ortaya
qoyulub, Ermənistanın işğalçılığını sübuta yetirə bilən sənədlərdir. Məncə, bundan istifadə
etməliyik”.
Ermənilərin ötən əsrin əvvəlindən başlatdıqları işğalçılıq siyasəti hələ də davam etməkdədir
Millət vəkili Asim Mollazadə vurğulayıb ki, İrəvan müəyyən səbəblərdən ermənilərə güzəştə
gediləndə buranın əhalisinin yetmiş faizi azərbaycanlılardan ibarət olub. İrəvan Ermənistanın
mərkəzi olduqdan sonra, Rusiya imperiyasının, sovetlərin zamanında azərbaycanlıların oradan etnik
təmizlənməsinə başlanıb. Hətta ötən əsrin 40-cı illərində bu təmizləmə həyata keçirilib. Həmin vaxt
deyilib ki, guya, erməni diasporası Ermənistana qayıtmalıdır. Bu səbəbdən yüzminlərlə azərbaycanlı
İrəvandan deportasiya edilib. Proses bu gün də davam etməkdədir. Müqavilələri, şərtləri hər zaman
olduğu kimi pozan Ermənistan Dağlıq Qarabağı işğal edərək, bir milyondan çox azərbaycanlını öz
torpaqlarından didərgin salıb. Hesab edirəm ki, bu deportasiyalar, faciələr barədə beynəlxalq
ictimaiyyəti məlumatlandırmalıyıq. Bütün dünyaya sübut etməliyik ki, ermənilərin ötən əsrin
əvvəlindən başlatdıqları işğalçılıq siyasəti hələ də davam etməkdədir”.
"Tarixi sənədlərlə ermənilərin işğalçılığının sübutu Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərə bilərmi” - sualına cavabında isə, deputat deyib ki, hansısa müqavilələr, sənədlər qalsın bir yana,
faktiki olaraq bu gün, XXI əsrdə Ermənistan bütün beynəlxalq hüquq normalarını pozmaqdadır:
"BMT-nin Təhlükəsizlik Şurasının Qarabağ münaqişəsi ilə bağlı qətnamələri var ki, Ermənistan
buna məhəl qoymur. Hazırda o qətnamələr lazımsız kağız parçasına çevrilib. Bütün dünya
ictimaiyyəti də Ermənistanın saymazlığına göz yumur. Təbii ki, yüzilliklər boyu Ermənistanın
Azərbaycana qarşı işğalçılıq siyasətini dünyaya çatdırmalıyıq. Hər halda bunun münaqişənin həllinə
müəyyən təsirləri ola bilər. Ən azından beynəlxalq güclər ermənilərin məkrli siyasətindən bir daha
məlumatlı olacaqlar”.
Ermənistanın işğalçılıq siyasətinə "dur” deyilmir
Milli Strateji Tədqiqat Mərkəzinin rəhbəri, politoloq Natiq Mirinin qənaətincə, tarixi müqavilələri BMT-nin və digər beynəlxalq təşkilatların qarşısında qaldırmaqla, bir çox gerçəklikləri onların yadına salmaq lazımdır: "Beynəlxalq güclər anlasınlar ki, hansısa zaman kəsiyində Azərbaycan çox güclü bir dövlət olaraq, milli mənafelərinə uyğun olmayan tarixi müqavilələri ləğv etməyə başlayacaq. Bu kimi məsələlərdə dünya dövlətlərinin müəyyən fəaliyyətləri var. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya güclərinin yaddaşına "Lozanna müqaviləsi”ni salaraq bildirdi ki, bu müqavilə Türkiyənin mənafeyinə uyğun razılaşma olmayıb. Ərdoğan bu müqavilənin müqəddəs olmadığını deyərək, bunu ləğv edə biləcəklərini söyləmiş oldu. Azərbaycan da tarixi məsələləri ortaya çıxarmaqla dünya güclərinə anlada bilər ki, heç olmasa indi Ermənistana razılaşmaları pozduğu üçün təzyiqlər etsin. Faktiki olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı beynəlxalq hüquq anlayışı kobud surətdə pozulur. Nədənsə, beynəlxalq qurumlar tərəfindən beynəlxalq hüquq gözardı edilir, Ermənistanın işğalçılıq siyasətinə "dur” deyilmir. Biz tarixi və bugünkü durumu ciddi şəkildə gündəmə gətirməklə bütün dünyanın diqqətinə çatdırılmalıdır ki, İrəvan ermənilərə o vaxt güzəştə gedilib ki, sonra Azərbaycana qarşı ərazi iddiaları olmasın. Bu razılaşma zamanı Ermənistan üzərinə öhdəlik götürüb. Bu gün Dağlıq Qarabağın işğalı, işğalçılığın davamı ötən əsrin əvvəlində Ermənistanın üzərinə götürdüyü öhdəliyə əksdir. Beynəlxalq hüquq nöqteyi-nəzərindən Ermənistanla Azərbaycan arasında tarixin bütün zamanlarında bağlanmış müqavilələr, razılaşmalar təbliğ edilməlidir. Əgər Ermənistan tarixi sənədlərə də məhəl qoymursa, o zaman İrəvanın ermənilərə güzəştə gedilməsi haqqındakı tarixi müqavilə, bu gün Milli Məclisdə müzakirəyə çıxarılaraq ləğv edilməlidir. Milli Məclis belə bir qərar qəbul edərsə, 1918-ci il müqaviləsini ləğv edərsə, o zaman Dağlıq Qarabağ münaqişəsinin həllində hərəkətlilik yarana bilər.
Çünki İrəvanın güzəştə gedilməsi haqqındakı müqavilənin ləğvi Ermənistanın və onun
havadarlarının geosiyasi maraqlarına uyğun deyil. Ona görə də həmin havadarlar, Ermənistana
təzyiq edə bilərlər ki, Qarabağ iddiasından əl çəkib, işğala son qoysunlar. Hesab edirəm ki, tarixi
sənədlərin gündəmə gətirilməsi yeni proseslər yaratmaq iqtidarındadır ki, bundan istifadə
edilməlidir”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacızadə isə deyib ki, Dağlıq Qarabağ
münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi Bakı bütün imkanlardan istifadə edir:
"Danışıqlarda hər bir vasitədən, eləcə də tarixi sənədlərdən, müqavilələrdən yararlanılır. Zamanzaman bu məsələlər gündəmə gətirilir, beynəlxalq təşkilatlarda irəli sürülür. Sadəcə işğalçı
Ermənistan beynəlxalq hüququn bütün norma və prinsiplərini kobud şəkildə pozaraq məkrli
siyasətini davam etdirməkdədir. Çox təəssüflər olsun ki, beynəlxalq güclər bu siyasətinə görə
Ermənistana təzyiq etmirlər, Azərbaycanın ərazi bütövlüyünü qəbul etsələr də, tam dəstəklərini
ifadə etmirlər”.
Ermənistan işğalçılıq siyasətini davam etdirsə də, ictimaiyyət nümayəndələri tarixi sənədlərdən
istifadəni bütün hallarda gündəmə gətirməyin, bu vasitədən istifadə etməyin müsbət nəticələr verə
biləcəyi qənaətindədirlər. İşğala məruz qalan ölkə kimi hüquqi cəhətdən bizim tərəfimizdə olan hər
bir imkandan yararlanmaqda faydanın olması inandırıcıdır.
Anar Bayramoğlu
Yazı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür