Ekspert qəza törədən sürücülərə dair dəyişikliyi təqdir etdi, amma əmma da tapdı

Ərşad Hüseynov: "Zəngin insanlar bu kimi güzəştlərdən sui- istifadə edə bilər "
"Sürücülərin qəzada cinayət məsuliyyətindən azad olunması yalnız xəsarət hallarına aiddir. Ölüm hadisəsi baş verərsə, cinayətdən azad edilmək mümkün deyil”.
Bunu "Sherg.az”a Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinə edilən və noyabrın 1-dən qüvvəyə minəcək dəyişikliklər haqqında danışarkən nəqliyyat eksperti Ərşad Hüseynov deyib. O bildirib ki, sürücünün törətdiyi qəzadan sonra zərərçəkmiş dünyasını dəyişirsə, tərəflər barışsa belə sürücü cinayət məsuliyyətinə cəlb ediləcək:
"Bu dəyişiklikləri birmənalı olaraq, pisləmək düzgün deyil. Çünki təcrübədə məlumdur ki, bəzi insanlar primitiv səhvlər səbəbindən qəza törədir. Həmin sürücülərə şans verilir ki, ziyanı ödəsin, qarşı tərəflə barışıq həyata keçirsin.
Bəzən olur ki, avtomobili idarə edən şəxs qəza törətdikdə öz ailə üzvü, maşındakı sərnişin xəsarət alır. Bu zaman sürücü onsuz da buna görə, mənəvi iztirab çəkəcək, sağlamlıq xərclərini də ödəyəcək. Belə hallarda sürücünün cinayət məsuliyyətindən azad olunması yaxşı haldır.
Bütün hallarda isə sürücülər bundan istifadə edib, məsuliyyətsizliyə yol verməməlidirlər”.
Ə.Hüseynov xüsusilə vurğulayıb ki, zəngin insanlar bu kimi güzəştlərdən sui- istifadə edə bilər:
"Bəzi hallarda sürücü cinayət məsuliyyətindən azad olunsa da cəza olaraq, avtomobil idarəsi məhdudlaşdırılmalıdır.
Bəzən olur ki, sürücü sərxoş halda maşın idarə edir, heç bir qəza törətməyib. Amma qanun onu sürücülük hüququndan məhrum etməyə imkan verir. Amma qəza törədən sürücü qarşı tərəf ölmədiyinə görə məsuliyyətdən azad edilir. Burada da müəyyən ədalətsizlik var. Bütün bunlar nəzərə alınsa lap yaxşı olardı”.
Qeyd edək ki, məcəllədə 263.1-ci maddənin avtomobil qəzası nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır, 263.1-1-ci maddəsində isə ağır dərəcəli bədən xəsarətlərinin yetirilməsi ilə bağlı bəndlər var. Maddəyə əlavə edilən qeydə görə, 263.1 və 263.1-1-ci maddələrinə əsasən cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir.
Aysel Aslan