Gələn il pensiyalar 14 faiz artırılacaq

Vüqar Bayramov: “Mövcud qanunvericiliyə əsasən hər ilin yanvar ayında təqaüdlərin baza hissəsi əvvəlki ilin inflyasiya səviyyəsinə indeksasiya olunur”



2018-ci ilin dövlət büdcəsinin gəlirləri 20,127 mlrd manat, xərcləri isə 20 mlrd 905,7 mln manat təşkil edəcək. Gələn il üçün Azərbaycanın neft sektoru üzrə büdcə gəlirlərinin məcmu büdcə mədaxilində xüsusi çəkisi 55,1 faiz və ya 11,096 mlrd. manat səviyyəsində nəzərdə tutulur. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,156 mlrd. manat və ya 39,7 faiz çoxdur.

Neft sektoru üzrə büdcə gəlirlərinin 83,1 faizini və ya 9,216 mlrd. manatını Azərbaycan Dövlət Neft Fondundan transfert, 16,9 faizini və ya 1,880 mlrd. manatını vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar təşkil edir.

Milli Məclisin deputatı Vahid Əhmədovun sözlərinə görə, dövlət büdcəsinin kəsiri 778,7 mln manat proqnozlaşdırılır.

Mərkəzləşdirilmiş gəlirlər isə 19 mlrd 476,329 mln manat, yerli gəlirlər 650,671 mln manat məbləğində təsdiq edilib.

Qeyd edək ki, 2018-ci ilin dövlət büdcəsi layihəsində 1 barel neftin baza qiyməti 45 dollar müəyyən edilib. Dövlət büdcəsi layihəsində qeyd edilir ki, gələn il dünya bazarlarında neftin orta qiyməti 50 dollar olacaq.

2018-ci ilin dövlət büdcəsində gəlirlərin builki büdcədən 4 milyard manat artıq hesablandığını qeyd edən İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri, iqtisadçı -alim Vüqar Bayramov bu artımın əvvəlcədən gözlənildiyini deyib:

"Büdcə xərcləmələrinin icrası isə birbaşa neftin dünya bazarındakı qiymətindən asılı olacaq. Neftin bir barelinin qiyməti büdcədə 45 dollar nəzərdə tutulub, halbuki dünya bazarında Azərbaycan neftinin qiyməti 60 dollara yaxındır. İl ərzində dünya bazarında neftin qiymətində enmələr baş verə bilər, ancaq ciddi azalmaların olacağını düşünmürəm.

Bu mənada büdcə gəlirlərinin formalaşmasında heç bir çətinlik olmayacaq. Üstəlik də Dövlət Neft Fondundan transferlərin həcmində artırmalar var. Neftin qiyməti ucuzlaşmayacağı halda büdcə gəlirlərini proqnozlaşdırıldığı kimi təmin etmək mümkün olacaq. Büdcədə digər diqqət çəkən məqam infrastruktur xərclərinin artırılmasıdır. Yəni, büdcə layihəsinə görə, gələn ilin büdcəsində əsas xərclər tikinti-infrastruktur sahələrinə yönəldilir. Deməli, gələn il paytaxtda və regionlarda inşaat sektoruna daha çox pul ayırmağa üstünlük veriləcək.

- 2018-ci il üzrə dövlət büdcəsi kəsirinin yuxarı həddi 778 700,0 min manat məbləğində təsdiqlənib. Bu barədə nə deyə bilərsiniz?

- Həm Azərbaycan hökuməti, həm də beynəlxalq maliyyə qurumlarının növbəti ildə ölkəmizdə iqtisadi artım olacağını, iqtisadiyyatın böyüyəcəyini proqnozlaşdırması fonunda büdcə gəlirlərinin artması və xərcləmələrin həcminin də buna uyğun olaraq böyüməsi gözlənilən idi. Büdcədəki kəsirin payı isə beynəlxalq standartlara uyğundur. Bu mənada, proqnozlaşdırılan kəsir hər hansı mənfi təsirlərə malik olmayacaq.

- Dövlət Neft Fondundan daxilolmaların həcminin artırılacağına dair proqnozlar birmənalı qarşılanmayıb. Bir çox ekspertlər hesab edir ki, neftin qiymətlərinin özünü necə aparacağına heç kim təminatçı ola bilməz?


- Unutmayaq ki, Dövlət Neft Fondunun gəlirlərinin formalaşması da ölkə neftinin dünya bazarındakı qiyməti ilə birbaşa bağlıdır. Amma ayrılmaların asılılığı dolayıdır. Fondun aktivləri imkan verir ki, 2018-ci il üçün nəzərdə tutulan öhdəliklər problemsiz şəkildə yerinə yetirilsin. Qeyri-neft sektorunun payının mərhələli şəkildə artırılması vacibdir, amma öncədən də dediyimiz kimi bunun qısa zamanda reallaşması nə nəzəri, nə də praktik baxımdan mümkündür.

- Gələn ilin dövlət büdcəsində narazılıq doğuran bir məqam da nəzərdə tutulan sosial xərclərin faiz etibarı ilə geriləməsi iddialarıdır...

- Hazırkı mərhələdə inflyasiya səviyyəsinə uyğun olaraq pensiya məbləğinin indeksasiyasının həyata keçirilməsi nəzərdə tutulub. İnflyasiya səviyyəsinin 14 faiz olduğunu nəzərə alsaq, baza hissəsinin yanvar ayında 14 faiz artırılması həyata keçiriləcək. Mövcud qanunvericiliyə əsasən hər ilin yanvar ayında təqaüdlər əvvəlki ilin orta aylıq əmək haqqına uyğun olarq olaraq indeksasiya olunur.
Büdcədən maliyyələşən işçilərin əməkhaqlarının artırılması və digər sosial təminatlarının artırılması isə birbaşa büdcə daxilolmalarından asılı olacaq. İndidən proqnozlaşdırmaq çətindir. Xərcləmələrin strukturu da çox önəmlidir. Əgər büdcə xərcləmələri artacaqsa, biz büdcədə sosial xərcləmələrin payının artmasının tərəfdarıyıq.

Şəymən