“İftixar Piriyev getsə, bəlkə İrəvan teatrı ağ gün gördü”

Əjdər Zeynalov: “O mənim istedadımı müəyyən edəcək səlahiyyətə sahib deyil”
“Kim onun şeirlərini oxumursa, təcrübəsiz aktyor olur. Ayıbdır axı. Biz uşaq deyilik”






C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının işdən azad olunan aktyoru Əjdər Zeynalovla bağlı Prezident İlham Əliyevə müraciət olunub.

Mədəniyyət və incəsənət xadimləri, elmi müəssisələrinin nümayəndələri və jurnalistlərdən ibarət 30 nəfərin imza atdığı müraciətdə qeyd olunub ki, İftixar Piriyevin teatra rəhbərlik etdiyi müddət ərzində xalq artistləri Elmira İsmayılova, Tamilla Abdullayeva, əməkdar artistlər Vidadi Əliyev, Dilarə Əliyeva, Tünzalə Əliyeva, rejissor Anar Sadıqov, aktyorlar Mehman Piriyev, Rəşad Səfərov, Midhət Aydın, Ramil Məmmədov, Rada Nəsibova, Samir Bayramlı, Emin Seyfullayev, Elçin Nəcəfov, Elşən Mehdizadə, Səadət Həsənalıyeva, Xəqani Əliyev, Emin Sevdiməliyev, Zəka Ziya, Tutu Əliyeva, Könül Əbilova, Samirə Hacıyeva, Mərahim Nəsibov, Ruhiyyə Yəhyayeva və başqaları teatrı tərk ediblər.

Müraciətdə o da bildirilib ki, İftixar Piriyevin teatrın yaradıcı kollektivi ilə sərt davranışı və münasibətləri şəxsi-qərəzlik üstündə qurması nəticəsində teatrın aparıcı aktyoru Əjdər Zeynalov da uydurma və saxta ittihamla işdən azad edilib.

Məsələ ilə bağlı əməkdar artist Əjdər Zeynalovla danışmaq qərarına gəldik. "Şərq”ə açıqlama verən Əjdər Zeynalov işdən çıxarılmasının səbəbini belə izah etdi: "Bu insanın teatrdan xəbəri yoxdu. O, işçilərə qul kimi baxır. Öz cılız tamaşalarında aktyorların oynamasını məcbur edir. Mən aktyoram, obrazdan imtina edə bilərəm. Amma bu insan aktyorları məcbur edir ki, mənim mənasız, keyfiyyətsiz tamaşalarımı oynamalısız. İstəmir ki, sözünün qabağında söz deyən aktyor olsun. Sanki aktyorlar qoyundu, o da bu qoyunlara nəzarət edən çobandı. İşçini təhqir etməyə rəhbərin ixtiyarı varmı? Qətiyyən. Bu insan işçiləri təhqir edir, onlara kobud, normal etik qaydalarından uzaq tərzdə danışır. Hamı onun dediyini etməlidir. 

Biz aktyoruq, qul deyilik ki, olanlara göz yumaq. Qatıq ağdı, o bizi məcbur edir ki, mən qara deyirəmsə, siz də qara deyin. Teatrın aktyorları başqa yerlərdən iş təkifləri alanda, o, narahat olur. İftixar Piriyev kimi insanlar mədəniyyətdən uzaqlaşmalıdırlar. Mən ömrümün 30 ilini bu teatra vermişəm. Qeyd edir ki, Əjdər istedadsızdı. Mənim 30 illik fəaliyyətim göz önündədir. O mənim istedadımı müəyyən edəcək səlahiyyətə sahib deyil. Teatra dünən gələnin istedadı var, mənim 30 illik təcrübəm isə gözə görünməməlidir? Niyə? Bu insan teatrı məhv edir. O uzaqlaşsa, bəlkə İrəvan Teatrı ağ gün gördü. Niyə biz aktyorlar lazımsız, səviyyəsiz məkanlarda, üç-dörd adamın qabağında şeir oxumalıyıq? O, istedadı bununla müəyyən edir? Kim onun şeirlərini oxumursa, təcrübəsiz aktyor olur. Ayıbdır axı. Biz uşaq deyilik. Dərnəkdə, xalq teatrında uşaqlara şeir söylətdirərlər. Biz professional aktyorlarıq. Söhbət bilirsiz nədən gedir? O, istedadlı insanları sevmir”.

Əjdər Zeynalov ölkə başçısına müraciətlə bağlı da fikirlərini dilə gətirdi: 

"Ölkə başçısına müraciət mənim sənət yoldaşlarımın təşəbbüsü idi. Mən də etiraz etmədim. İşdən qeyri-qanuni çıxarılmağımla bağlı isə məhkəməyə müraciət etmişəm”. Aktyor onu da bildirib ki, Əmək Məcəlləsinin 72-ci maddəsinə əsasən işdən xaric edilib: "Guya mənim peşəkarlıq səviyyəm aşağıdır, işdə əmək intizamını pozmuşam. İftixar Piriyevin məni hansı əsasla işdən çıxarmağını kimə göstərirəm, gülürlər ki, o, qanunları bilmir. Mənə deyir ki, "əcəb edirəm, get kimə istəyirsən, şikayət et”. Direktor belə danışar?”.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə bildirib ki, teatrda baş verənlərlə bağlı nazirlik məlumatlıdır: 

"Nazirlik tərəfindən bir müddət əvvəl Teatrda yoxlama aparılıb. Yoxlamanın nəticəsi olaraq teatrın rəhbəri İftixar Piriyevə töhmət verilib. Səbəb kimi onun əməkdaşların davamiyyətinə nəzarət edə bilməməsi göstərilib. Teatrın direktor müavini Həsən Həsənov isə öz ərizəsi ilə işdən azad olunub”.

Tahirə