"İnflyasiyanı birrəqəmli etmək mümkündür" - Deputat yolunu göstərdi

Vahid Əhmədov: "Bu məsələ hökumətin apardığı siyasətdən asılıdır"



"Qiymət siyasəti elə aparılmalıdır ki, süni qiymət artımına yol verilməsin”.

Bunu "Sherg.az”a iqtisadçı deputat Vahid Əhmədov deyib. 

Deputat bildirib ki, bazarda olan monopolistlər inhisarçılıqdan istifadə edib qiymətləri qaldırır

"Azərbaycana idxal isə kəskin azalıb. Pul kütləsinə nəzarət gücləndirilib. Kənara pul axmasına da icazə verilmir. Bu metodlardan istifadə etməklə müəyyən irəliləyişə nail olmaq olar. Bu mexanizmlərin işə düşməsi və 9 aydır fəaliyyət göstərən Strateji Yol Xəritəsi inflyasiyanın azalmasına şərait yarada bilər. 

Bundan əlavə qeyri-neft sektorunun inkişafına da diqqət artırılır. Məhsul bolluğu olduqda sözsüz ki, qiymət öz yerinə oturacaq. Bu proseslər davam edərsə, inflyasiyanı birrəqəmli etmək mümkündür. Bu məsələ hökumətin apardığı siyasətdən asılıdır.

Məsələn, qonşu Rusiyada inflyasiya 4 faizə yaxındır. Belə götürdükdə bu dövlətdə problemlər çoxdur. O da neft ixracatçısıdır.

Bütün bunları nəzərə alıb, iqtisadi siyasətdə dəyişiklik edilsə, indiki kimi nəzarət mexanizmi güclənsə, rəqabət məcəlləsi qəbul olunsa, inhisarçılıq aradan qaldırılsa, birrəqəmli inflyasiya yarana bilər”.

Qeyd edək ki, Azərbaycan hökumətinin proqnozuna əsasən, 2017-ci ildə orta illik inflyasiya 13,2% təşkil edəcək. Hökumətin proqnozlarına görə, 2018-ci ildə orta illik inflyasiya 6,1% olacağı təqdirdə, 2019, 2020 və 2021-ci illərdə bu göstərici müvafiq olaraq 4,3%, 3,1% və 3,1% olacaq.

Aysel Aslan