"İnsan varsa, cinayət də var, dustaq varsa, qaçış da var”
15:34 28.10.2017
Arxiv
902
Bir neçə gün əvvəl "oğru” məhbusların qatardan qaçması gündəmin əsas müzakirə mövzusuna çevrildi. Hadisə ətrafında söz-söhbət səngimədən Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları müxalifətin mitinqində partlayış törətməyə hazırlaşan terrorçu dəstəni zərərsizləşdirdi. DTX əməkdaşlarına silahlı müqavimət göstərən təhlükəli terrorçular yerindəcə məhv edildi.
Bu olayın ardınca isə Gəncə şəhərində kriminal avtoritetlərin silahlı atışması baş verdi. Şübhəsiz ki, Azərbaycanın hüquq-mühafizə orqanları və təhlükəsizlik qurumları cinayətlərin və terror aktlarının qarşısını dərhal alır və qanlı olayların yaşanmasına rəvac vermir. Ancaq istər-istəməz ard-arda baş verən hadisələr cəmiyyətdə müəyyən qədər narahatlığa səbəb olur.
Bəzi şəxslər ölkədə kriminal mühitin nisbətən genişləndiyini iddia edirlər ki, bu da insanların təşvişinə gətirib çıxarır. Görəsən, cəmiyyətin narahatlığına əsas varmı, yoxsa, olaylar bəzi dairələr tərəfindən bilərəkdən şişirdilir?
Məsələ ilə bağlı "Şərq”ə danışan keçmiş polis rəisi Mahmud Hacıyev deyib ki, baş verən üç-beş hadisəni ölkədə kriminal durumun genişlənməsi kimi dəyərləndirmək olmaz. Sabiq polis zabitinin fikrincə, cəmiyyətin, insanın olduğu hər yerdə cinayət və qanunsuz hərəkətlər baş verir:
"Əgər ölkədə insan varsa, cinayət də var, dustaq varsa, qaçış da var. Dünyanın harasına getsəniz vəziyyət belədir. Fərqi yoxdur, istər inkişaf etmiş ölkə olsun, istərsə də, zəif durumda olan ölkə. Hüquq-mühafizə orqanlarının və yaxud DTX-nin müxtəlif əməliyyat tədbirləri keçirməsini normal qarşılamaq lazımdır. Bu, onların işidir, hər kəs öz işini görür. Burada narahat olacaq məqam yoxdur. Görünür ki, bir qisim baş verən olayları sakit qarşılayır, digər qisim isə əksinə, həyəcanla izləyir. Həbsdən qaçan tutulmalıdır, əgər kimsə terakt hazırlayırsa, onlar da yerində məhv edilməlidir. Cinayətlər və onlarla mübarizə prosesini bir "qanunauyğunluq” kimi dəyərləndirmək lazımdır. Bunu hay-küylə qarşılamaq lazım deyil. Nəzərə alaq ki, heç bir ölkə cinayətlərdən və terror hadisələrindən sığortalanmayıb”.
Kriminalist-tədqiqatçı İlqar Altay isə "Şərq”ə bildirib ki, son vaxtlar yaşanan kriminal hadisələr və dövlət təhlükəsizliyinə qarşı baş verən olaylar narahatlıq üçün əsas sayıla bilər. Onun sözlərinə görə, bu sahədə xeyli vaxt sakitlik idi:
"Uzun müddət idi ki, kriminal aləmin səsi çıxmırdı. Ardıcıl baş verən hadisələr, həbsdən kriminal avtoritetlərin qaçışı, daha sonra avtoritetlərin Gəncədə atışması, üstəgəl, emissarların azad cəmiyyət və xüsusən gənclər arasında apardıqları təbliğat, narkomaniya kimi faktlar kriminal mühitin azad cəmiyyətə çağırışı kimi səslənir. Düşünürəm ki, bu sahəyə diqqət daha da artırılmalıdır. Aidiyyəti hüquq-mühafizə orqanları, DTX və s. qurumlar proseslərə maksimum həssas yanaşmalıdır. İstintaq, prokurorluq, məhkəmə orqanları kriminal ünsürlərə və dini ekstremistlərə qarşı sərt və güzəştsiz olmalıdır.
Bəzən ölkədə kriminalın artdığı dövrdə cinayət tərkibli elə hadisələr olur ki, onun qarşısını almaq çətinləşir. Bu halda hüquq-mühafizə orqanlarının birlikdə, əməkdaşlıq şəklində hərəkət etməsi vacib olur. Uğurlu nəticə üçün bunlar çox effektlidir. Şübhəsiz ki, belə məqamda vətəndaş cəmiyyətinin də köməyinə, təsirli tədbirlərə ehtiyac yaranır. Kütləvi informasiya vasitələri, QHT sektoru və ictimai xadimlər bu istiqamətdə fəaliyyətlərini artırsalar, ümumi iş üçün faydalı olar”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya