Fikrət Sadıqov: “Tehran hökuməti İraqın mərkəzi hökumətinə dəstək verirsə, o halda Ermənistana münasibətdə də eyni cür davranmalıdır”
"Bakı Ermənistanla sərhədlərini bağlamaq üçün İrana müraciət etməlidir”. Bunu millət vəkili, BAXCP sədri Qüdrət Həsənquliyev bildirib. Ötən gün mətbuatda gedən "Qarabağ üçün Kərkük modeli - İran sərhədi bağlayır” sərlövhəli yazını şərh edən deputat bildirib ki, yazıda müsəlman qonşumuz İranın da, qardaş Türkiyə kimi Ermənistanla sərhədlərini bağlamasından və işğalçı Ermənistanın Azərbaycan ərazilərinə iddialarına son qoymasından bəhs olunub.
Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə və İranın "müstəqil dövlət” olmaq iddiasına düşən İraq Kürdüstanı ilə sərhədləri bağlaması nəticəsində kürd silahlıları geri çəkildi və Kərkük qan tökülmədən azad edildi. Q.Həsənquliyev bu variantın Qarabağ məsələsinin həlli üçün də keçərli olduğunu bildirib: "Xarici işlər nazirimiz İrana müraciət etməlidir ki, Ermənistanla hər cür əlaqələri dondursunlar. Necə ki, ABŞ İrana sanksiya tətbiq edəndə bu ölkənin hansısa şirkətləri ilə əlaqələri qadağan edir, Türkiyə və İran da şirkətlərinə Ermənistanla ticarət əlaqələrini qadağan etməlidir. İldən-ilə İranın Ermənistanla ticarət dövriyyəsi artır. Türkiyə Ermənistanla sərhədlərini bağlayıb, əlbəttə, biz buna görə onlara çox minnətdarıq. Yaxşı olar ki, İran da bu addımı atsın”. Millət vəkili Tehranın cavabından asılı olmayaraq, rəsmi Bakının çağırışını vacib sayır: "İcra etmirlərsə, eybi yox, qoy etməsinlər. Ancaq o zaman biz də öz işimizi bilərik. İrandakı azərbaycanlılar, bütün müsəlmanlar görərlər ki, İran Kərküklə bağlı bu addımı atdı, amma Azərbaycana münasibətdə eyni mövqedən çıxış etmədi”. Bundan əvvəl dəfələrlə eyni məzmunlu çağırışlar olsa da, konkret olaraq İran hakimiyyəti məscidləri donuz fermasına çevirən Ermənistanla əlaqələrini nəinki dayandırmayıb, əksinə, daha da inkişaf etdirib. Tehran İrəvana daha sərfəli qiymətlərlə təbii qaz verməyi hədəfləyib. Bu barədə məlumatı İranın iqtisadiyyat və maliyyə nazirinin müavini Robert Beqlaryan verib. Yaxın vaxtlarda Tehranla İrəvan arasında yeni qaz anlaşmasının rəsmiləşəcəyi nəzərdə tutulur. Ermənilərin də etiraf etdiyi kimi, "İran nəfəsliyi” Ermənistan üçün müstəsna əhəmiyyətə malikdir.
Təkliflə bağlı "Şərq”ə fikirlərini bölüşən Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib ki, rəsmi Bağdad qonşu ölkələrə müraciət edərək Türkiyə ilə İranın kürd bölgəsi ilə sərhədləri bağlamasına nail olub. Şübhəsiz ki, bu cür addım digər dövlətlər üçün də nümunə ola bilər. Xüsusən, müsəlman ölkə İranın düşmən Ermənistanla sərhədlərini bağlaması arzulanan hadisədir:
"Əgər Tehran hökuməti separatçılığa qarşı çıxış edirsə və İraqın mərkəzi hökumətinə dəstək verirsə, o halda Ermənistana münasibətdə də eyni cür davranmalıdır. Çünki ortada Dağlıq Qarabağ faktoru var. Təəssüflər olsun ki, dünyada məkirli oyunlar, ikili standartlar qalmaqdadır. Ola bilsin, hansısa dövlət vəziyyətdən istifadə edərək sırf öz maraqları naminə hərəkət edir”.
Professor bildirib ki, Bağdad hökuməti öz qanuni ərazisinə görə qonşu ölkələrə müraciət edib və onları qondarma "dövlətlə” əlaqə qurmamağa çağırıb:
"Rəsmi Bakının Ermənistanla əməkdaşlıq edilməməsi ilə bağlı çağırış etməsi fərqli məsələdir. Fikrimcə, belə ultimatumlarla məsələ həll olunmayacaq. Dövlət başçısı İlham Əliyev müsəlman ölkələrinə bununla bağlı çağırış edib. Prezident vurğulayıb ki, məscidləri dağıdan Ermənistanla heç bir müsəlman dövləti münasibət saxlamamalıdır. Ölkə rəhbəri bunun çox təhlükəli olduğunu və bütün müsəlmanların yekdil olmasının zəruriliyini bəyan edib. Bunun özü kifayət qədər ciddi çağırışdır ki, heç bir islam dövləti işğalçı Ermənistanla əməkdaşlıq etməsin”.
Ekspert deyib ki, İranı düşmən ölkə ilə əməkdaşlığa sövq edən bir çox amillər var: "Ən başlıcası Cənubi Azərbaycan faktorudur. Eyni zamanda son illər həyata keçirilən siyasi üstünlük iddiası, regionda dominant mövqe tutmaq istəyi və kiməsə qarşı əlində təzyiq rıçağı saxlamaq həvəsi İranı bu cür davranmağa sövq edir”.
İsmayıl