Jurnalist olmaq istəyənlər çoxalır

Qabiliyyət imtahanından keçən abituriyentlərin sayı artıb
Əflatun Amaşov: “Bu hal jurnalistikanın prestijli bir sahəyə çevrilməsinin əyani sübutudur”

Vüqar Rəhimzadə:"Qabiliyyət imtahanları gənc jurnalistlərin daha peşəkar olmasına yönələn addımdır”

Müasir dövrü jurnalistikasız təsəvvür etmək çətindir. Jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdir. Bunun üçün isə jurnalist öz sahəsini mükəmməl şəkildə bilməlidir. Jurnalistika cəmiyyətin kamilləşməsində, maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir.

Bir neçə il ard-arda ali məktəblərin qəbul proqramı çərçivəsində jurnalistika fakültəsi üzrə keçirilən qabiliyyət imtahanının nəticələri jurnalistika barədə deyilən bu sözləri şübhə altına salsa da, bu il keçirilən imtahan nəticələri jurnalistikaya marağın yenidən artdığını göstərir. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı, həm də ekspertlərin müşahidələri də bunu deməyə əsas verir.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanı başa çatıb.

Bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və iyulun 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş abituriyentlər iştirak ediblər.

İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Xaçmaz və Şirvan şəhərlərində təşkil olunub.

İmtahanın başlamasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 217 mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanını dəyərləndirən Mətbuat Şurasının (MŞ) sədri, millət vəkili Əflatun Amaşov artıq dördüncü ildir ki, jurnalistika fakültələrinə test imtahanlarından əlavə qabiliyyət imtahanları tətbiq olunduğunu xatırladıb və deyib ki, bu dörd ildə ilk dəfə idi ki, ali məktəblərin jurnalistika fakültələrinə nəzərdə tutulmuş plan yerlərindən çox məqbul qiymət alan oldu.

Onun sözlərinə görə, bu il qabiliyyət imtahanı verən abituriyentlərdən 287-i məqbul qiymət aldı. Ancaq dövlət planı 205 yer idi:

"Bundan əvvəlki illərdə qabiliyyət imtahanları tətbiq edildikdən sonra ayrı-ayrı universitetlərin jurnalistika fakültələrinə gələn tələbələr azalmışdı. Onlar bu sahəyə gəlməkdən ya çəkinirdlər, ya da qabiliyyət imtanlarından keçə bilmirdilər. Yalnız Bakı Dövlət Universitetində (BDU) cəmləşmişdilər. Bakı Slavyan Universitetində (BSU), Azərbaycan Dillər Universitetində (ADU), Naxçıvan Dövlət Universitetində (NDU) jurnalistika fakültələrinə gələnlərin sayı az idi. Çünki ümumən qəbul olunanların və məqbul qiymət alanların sayı az idi. İlk dəfə bu il oldu ki, qabiliyyət imtahanlarından məqbul qiymət alanların sayı nəzərdə tutulmuş normadan çox oldu. Bu, kifayət qədər müsbət haldır. Məqbul qiymət alanlar arasında da müsabiqə keçiriləcək. Daha çox bal yığanlar jurnalistika fakültələrinə qəbul oluna biləcəklər. Şübhəsiz ki, bu hal jurnalistikanın prestijli bir sahəyə çevrilməsinin əyani sübutudur. İnsanlar jurnalistika fakültəsində təhsil almağa daha çox meyl edirlər və bu sahə ilə məşğul olmağı öz gələcəkləri üçün prioritet hesab edirlər”.

Qabiliyyət imtahanlarının gedişatına gəlincə, MŞ sədri qeyd edib ki, imtahan prosesi çox uğurla keçirildi: "Ümumi biliyə gəlincə isə arzulayardıq ki, abituriyentlərin ümumi bilikləri yüksək olsun. Çünki belə olarsa, onun müsbət təsirləri yalnız jurnalistika fakültəsində deyil, bütövlükdə Azərbaycanın təhsil həyatında özünü büruzə verəcək. Çox arzuolunandır ki, orta məktəblərdə təhsil, tədris güclənsin. Orta məktəblərin verdiyi təhsilin keyfiyyəti jurnalistika fakültələrinə qabiliyyət imtahanı verən abituriyentlərin bilgilərini yoxlayan zaman üzə çıxır”.

Mövzu seçiminə gəlincə, Ə.Amaşovun fikrincə, yəqin ki, islahatlar aparılacaq və razılaşmalar olacaq:
"Çalışacağıq ki, mövzular daha aktual olsun. Mövzular gələcək jurnalistlərin bilgiləri və düşüncələrini nümayiş etdirməyə şərait yaratsın. Təbii ki, Dövlət İmtahan Mərkəzinin (DİM) də öz tələbləri var ki, biz onu başa düşürük və başa düşüləndir. Biz onların işinə müsbət yanaşırıq. Gələcək jurnalistlərimizin bilgiləri kifayət qədər obyektiv bir şəraitdə, heç bir kənar müdaxilə olmadan yoxlanıldı. Bu şəraitə görə, DİM-ə minnətdarlığımızı bildiririk. Əlbəttə, suallarda müəyyən dəyişikliklərin olması vacibdir. İmtahanların götürülməsində ümumi həddin olması vacibdir. Jurnalistika belə bir sahədir ki, bir neçə cümlədən, hadisələrə yanaşma formasından həmin abituriyentin jurnalist olub-olmayacağını müəyyənləşdirmək olur. Deyə bilərəm ki, qabiliyyət imtahanlarının bəhrəsini görməyə başlamışıq və növbəti illərdə də görəcəyik. Araşdırmalar da onu göstərir ki, proses öz bəhrəsini verəcək. Qabiliyyət imtahanı verən tələbələrdə xeyli aktivlik var. Onların əksəriyyəti artıq ayrı-ayrı media quruluşlarında məqalələrlə çıxış ediblər”.

MŞ sədri onu narahat edən bir məqama da toxunub:

"Məni narahat edən məsələ mövzular və bu mövzulara abituriyentlərin münasibəti ilə bağlıdır. Birinci mövzu "Əsl jurnalist necə olmalıdır” sualı idi. Ancaq bizim jurnalistika tarixində çoxsaylı qələm adamlarımız, mətbuat vasitələrimiz olub. Həmin media orqanlarına çox görkəmli şəxsiyyətlər - Həsən bəy Zərdabidən tutmuş, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyli və digərləri rəhbərlik edib. Elə sovet dövrünün özündə də kifayət qədər sanballı qələm sahiblərimiz olub. Hazırda da var. Şirməmməd müəllim bir universitetə bərabərdir. Digər yandan Dağlıq Qarabağla bağlı mövzuya gəlincə, deyə bilərəm ki, 60 -a yaxın abituriyent bu mövzuda esse yazmışdı. Amma həmin işlər o qədər də ürəkaçan səviyyədə deyildi. Görünür, bizim problemlər orta məktəbdən qaynaqlanır. Tariximizi necə öyrədirik kimi məsələlər önə çəkilməlidir. Görünür, tarix müəllimlərimiz və eyni zamanda cəmiyyətin özündə tariximizə qarşı bir laqeydlik var. 20 faiz torpağımız işğal altındadır, bir milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Amma həmin hadisələrə dair bilgilərimiz yetərincə deyil. Bu hal məni bir az narahat edir”.

Sonda Ə.Amaşov qabiliyyət imtahanından məqbul qiymət alan abituriyentləri təbrik edib və onlara uğurlar arzulayıb:

"Elə sizin qəzet vasitəsilə həmin gənclərə çağırış edirəm ki, jurnalistika fakültələrində təhsil almaq istəyirlərsə, BDU -Azrbaycan, rus və ingilis dilli qruplar olacaq, ADU -15 yer var, ingilis dilli qrup olacaq, BSU - 30 yer,15 Azərbaycan bölməsi, 15 rus bölməsi və NDU-nu yaza bilərlər. Bir daha qeyd edirəm ki, bütün bunların hamısı onu göstərir ki, Azərbaycanda jurnalistika prestijli bir sahəyə çevrilib. Gələcək jurnalistlərimizə bol və tükənməz nailiyyətlər arzulayıram. İnanıram ki, onlar jurnalistikamızın adını daha da yüksəklərə qaldıracaqlar”.

"İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də builki qabiliyyət imtahanlarının yüksək səviyyədə təşkil olunduğunu deyib: 

"Bilirsiniz ki, 2013-cü ildən etibarən jurnalistika fakültəsinə qəbul üçün qabiliyyət imtahanlarının keçirilməsi məsələsi gündəmə gəlib. Mən də bir media nümayəndəsi olaraq bu prosesi kifayət qədər əhəmiyyətli bir addım hesab edirəm. Jurnalistika ixtisasına yiyələnməyi qərara alan gənclər eyni vaxtda həm düzgün düşünməyi, həm də fikrini məntiqli ifadə etməyi bacarmalıdır. Qabiliyyət imtahanları da öz növbəsində birmənalı şəkildə gənc jurnalistlərin daha peşəkar olmasına yönələn bir addımdır”.
V.Rəhimzadə də ötən 4 illə müqayisədə keçirilən qabiliyyət imtahanlarının bu il daha dolğun, keyfiyyət və kəmiyyət baxımından daha zəngin olduğunu hesab edir: "Əvvəlki illərdə plan yerləri ilə bağlı problem yaşanırdı. Qeydiyyatdan keçib, imtahanda iştirak etməyən abituriyentlərin də sayı kifayət qədər idi. Ancaq bu il 625 və hətta daha yüksək bal toplayan abituriyentlər belə jurnalistika fakültəsinə qəbul üçün keçirilən qabiliyyət imtahanlarında iştirak edirdilər. Halbuki 200 baldan yuxarı nəticə göstərən istənilən abituriyent müsabiqədə iştirak hüququ qazana bilir. Əvvəlki illərdə bu fakültədə təhsil alanların əksəriyyətinin jurnalistika ixtisası üzrə təhsil almağa təsadüfi gəldiyini görürdük. Ancaq artıq qabiliyyət imtahanlarının keçirilməsi fonunda jurnalistika ixtisası üzrə ancaq bacarıqlı gənclərin təhsil almalarına şahid olacağıq. Onu da deyim ki, ötən bu 4 ildə biz artıq qabiliyyət imtahanının müsbət töhfələrini görürük. Sanki bu imtahanlar jurnalistikamıza yeni bir ab-hava gətirib”.

Mövzuların Dövlət İmtahan Mərkəzinin və Mətbuat Şurasının ekspertləri tərəfindən hazırlandığını vurğulayan V.Rəhimzadənin sözlərinə görə, hazırlanan 200-dən artıq sual imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə püşkatma yolu ilə seçilib və abituriyentlərdən təqdim olunmuş mövzulardan biri üzrə esse yazmaları tələb olunub:

"Abituriyentlərə ictimai-siyasi, iqtisadi, mədəni həyat sahələrinə aid, həmçinin respublikamız, görkəmli şəxsiyyətlərimiz, təhsil, ixtisas seçimi, ətraf mühit, mənəviyyat və bütün bəşəriyyəti düşündürən digər qlobal problemlər haqqında müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən sərbəst mövzular təklif olunur. Nəticələr də göstərdi ki, abituriyentlərin əksəriyyəti öz potensiallarına uyğun şəkildə fikirlərini aydın və savadlı ifadə edə biliblər. Onu da qeyd edim ki, imtahan prosesində Dövlət İmtahan Mərkəzinin yanaşması tam obyektiv idi. Jurnalistikaya qarşı həvəsi və meyli olan abituriyentlərə öz potensiallarını göstərmələri üçün maksimum dərəcədə şərait yaradıldı”.

(Davamı var)

Şəymən