Jurnalistlərdə hüquqi biliklər yetərincə deyil

“Məhkəmə hökm vermədən təqsirləndirilən şəxsi cinayətkar kimi təqdim etmək olmaz”



(əvvəli ötən sayımızda)

Həyatın bütün sahələrində insanların öz hüquqlarını bilməsi vacibdir. Amma bir sıra peşələr var ki, bu sahədə hüquqi biliklərin olması gündəlik iş şəraitinin tələbidir. Jurnalistika da məhz belə sahələrdən biridir. Bu peşə sahibləri işlərində hüquqi problemləri olan vətəndaşlarla tez-tez işləyirlər. Amma bu sahədə peşəkarlıq o qədər də ürəkaçan səviyyədə deyil. Belə ki, telekanallarda, saytlarda və qəzetlərdə kriminal xəbərlərin təqdim olunmasında bəzi problemlər var. Hüquqi terminologiyadan düzgün istifadə olunmaması çox zaman insanların konstitusion hüquqlarının pozulmasına səbəb olur.

Öncə başlayaq Ali Qanunumuz olan Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasından: "Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən şəxs barəsində cinayət qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, həmin insan təqsirsiz sayılır”.

Ancaq Azərbaycanda verilən kriminal xəbərlərdə baş verən hadisə haqqında məlumat verilir və hadisəni konkret şəxsin törətdiyi qeyd edilir. Beləliklə də hadisənin məhz həmin şəxs tərəfindən törədildiyi tamaşaçılara, geniş ictimaiyyətə fakt kimi təqdim olunur.

Məsələn, "Filankəs qonşusu filankəsi güllələyib”. Bir çox hallarda isə hüquq-mühafizə orqanlarının əməkdaşları müxbirin dediyini təsdiqləyir, şübhəli şəxsin hadisəni törətdiyini etiraf edir. Buna baxmayaraq, istintaq bitmədən və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarı olmadan şəxsin cinayət törətdiyini demək Konstitusiyanın 63-cü maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyası ilə kəskin ziddiyyət təşkil edir.

Ali Qanunun bu maddəsi konkret olaraq şəxslərə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan "cinayətkar” deyilməsini qadağan etsə də, bəzən bu kimi ifadələrə də yol verilir. Yəni "hadisəni törətməkdə şübhəli bilinən” və ya "təqsirləndirilən şəxs” ifadəsi əvəzinə, "cinayətkar” ifadələri də işlədilir və hadisəyə məhkəmə tərəfindən hüquqi qiymət verilmədiyi halda bu şəxslər cinayətkar kimi təqdim olunurlar. Digər bir problem isə cinayəti törətməkdə şübhəli bilinən şəxslərin qolu qandallı, polisin müşayiəti ilə aparılmasının televiziyalar vasitəsilə göstərilməsidir. Bu səhnə həmin şəxs haqqında təhlükəli cinayətkar obrazı yaradır. Halbuki istintaq başa çatmadan və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan hadisəni həmin şəxsin törədib-törətməməsi məlum deyil və istintaq nəticəsində hadisəni tamam başqa bir şəxsin törətməsi də ortaya çıxa bilər.

Bəs, baş redaktorlar nə düşünür? Təqsirsizlik prezumpsiyası ilə bağlı Azərbaycan mətbuatında problem varmı və bu problemlərin yaranma səbəbləri nəylə bağlıdır?

"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev Azərbaycan mediasında təqsirsizlik prezumpsiyası ilə bağlı problemlərin mövcud olduğunu deyib: "Bəzən KİV-lər haqqında məhkəmə qərarı verilməmiş təqsirləndirilənlərin haqqında hökm verir, bəzən haqqında həbs-qətimkan tədbiri seçilmiş şəxsi oxuculara, tamaşaçılara cinayətkar kimi təqdim edirlər. Halbuki məhkəmə həmin şəxslərin günahsız olduqlarını təsdiqləyə bilər. Belə hallarla tv-ləri izləyərkən, mətbuatı oxuyarkən çox rastlaşırıq. Bəzi hallarda da jurnalist təqsirləndirilən şəxsdən müsahibə alarkən sanki müstəntiq kimi davranır. Təbii ki, belə hallar da yolverilməzdir və peşəkarlıqdan uzaqdır. Ümumilikdə bütün bunlar həm də jurnalistlərin hüquqi bilgilərinin kifayət qədər olmamasından irəli gəlir. Bu sahədə xeyli nəzərəçarpan boşluqlar mövcuddur. Belə halların aradan qaldırılması üçün ilk növbədə universitetlərin jurnalistika fakültələrində tələbələrə hüquqi bilgilərin verilməsinə diqqət artırılmalıdır. Digər tərəfdən, hazırda fəaliyyətdə olan jurnalistlərin təlimlərə, treninqlərə cəlb olunması həyata keçirilməlidir. Jurnalist təşkilatları, Mətbuat Şurası, KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu bu cür treninqlərin təşkil edilməsinə diqqət ayırmalıdırlar. Bu cür treninqlərin təşkil olunmasına müxtəlif dövlət qurumları, nazirliklər, dövlət komitələri də dəstək verməlidirlər. Təxminən 10 il əvvəl mən özüm Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin "KİV-də hüququn yayılması” adlı bir treninqinin iştirakçısı olmuşdum və orada aldığım bilgilər bu gün də real işimdə mənim əlimdən tutur. Bax, bu cür təlimlər jurnalist həmkarlarımızın bu sahədəki boşluqlarının aradan qaldırılmasına yaxşı dəstək ola bilər”.

Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov:

- Təqsirsizlik prezumpsiyası prinsipinə Azərbaycan mətbuatında əməl olunmasının vəziyyətini bir neçə parametr üzrə dəyərləndirsək görürük ki, məlumatın tipi, mənbəyi, xarakteri və işlənmə şəklində bir çox hallarda qeyri-peşəkarlıq var.

Yekun məhkəmə qərarı olmadan hər hansı bir hadisədə təqsirləndirilən şəxslər cinayətkar kimi təqdim edilir, eyni zamanda istintaq prosesinin gedişinə də təsir edəcək məlumatlar tirajlanır. Xüsusilə azyaşlıların şəxsiyyətinin qorunması məsələsində KİV-də ciddi problemlər mövcuddur. Reytinq xatirinə bir çox KİV-lər yarışa girirlər və nəticədə bəzi şəxslərin təqsirsizlik prezumpsiyası hüququ pozulur.

Bildirmək istəyirəm ki, KİV-lər hansısa hadisəni araşdırarkən hüquqşünaslardan mütləq yardım almalı, peşə etikasını qorumalıdırlar. Redaktorlar kriminal müxbirlərin hər xəbərini tirajlamadan öncə əgər varsa, xəbərdə yol verilən səhvləri və pozuntuları aradan qaldırmalı, bu işə ciddi yanaşmalıdırlar. Hər bir redaktorun hüquqi bilgisi mütləq olmalıdır. Mən demirəm ki, hüququ mükəmməl bilməlidirlər, xeyr, bu, hüquqşünasların işidir. Ancaq onlar hansısa bir məlumat verərkən bəzən fəsadlara yol aça biləcəklərinin fərqində olmalı və qaranlıq olan məqamları hüquqşünaslarla aydınlaşdırmalıdırlar. Yaxşı olardı ki, beynəlxalq təcrübədə olduğu kimi hər bir redaksiyada hüquq şöbəsi olsun və bu tipli, xüsusən kriminal xəbərlər həmin şöbə ilə məsləhətləşdikdən sonra buraxılsın. Ancaq bu da gerçəkdir ki, əksər KİV-lərin buna maliyyə imkanı yoxdur.

"Jurnalistlərə hüquqi biliklər öyrədilmir” məsələsinə gəlincə isə, vurğulayım ki, sadəcə jurnalistika üzrə yox, həmçinin humanitar fənlər üzrə ali təhsil alan hər bir şəxs universitetdə hüquq dərsi keçib. Ancaq bu elə bir məsələdir ki, qanunlar dəyişir, əlavələr edilir, dəyişdirilir, təkmilləşdirilir. Redaktorlar da onlara aidiyyəti qanunları mütləq öyrənməli, izləməlidirlər. Bunu onlara kimsə öyrətməli deyil, peşəkarlıq baxımından özlərinin marağında olmalıdır ki, bu biliklərə yiyələnsinlər. Ancaq düşünürəm ki, aidiyyəti qurumlar müvafiq seminarlar, treninqlər təşkil etsələr, zaman içində mətbuatımızda bu məsələ də öz həllini tapacaq.

"Milli.az” saytının baş redaktoru Anar İmanov isə hesab edir ki, jurnalistlər və kütləvi informasiya vasitələri yaydıqları məlumatların səhihliyi və korrektliyinə görə birmənalı olaraq məsuliyyət daşımalıdır: "Xəbər, məlumat və ya informasiya vətəndaşın hüquqlarını pozmamalı, onun təməl haqlarına müdaxilə formasında olmamalıdır. Eyni zamanda media heç bir halda vətəndaşın özəl həyatının toxunulmazlığı, fərdi və ailə sirri, ləyaqətin qorunması kimi prinsipləri də unutmamalıdır. KİV-də təqsirsizlik prezumpsiyası prinsipinə əməl olunması məsələsi ilk baxışdan göründüyü kimi sadə deyil. Söz yox, bu prinsip demokratik cəmiyyətin əsas prinsiplərindən, məhkəmə sisteminin "sütun”larından biridir. Lakin KİV məhkəmə deyil və məhkəmələrə tətbiq olunan prinsiplər birmənalı olaraq KİV-ə təfsir oluna bilməz. Buna görə də KİV-dəki hər hansı xəbərə və ya məlumata təqsirsizlik prezumpsiyası prinsipinin tətbiq edilməsi jurnalistin məhkəmə prosesində və ya istintaqdakı şəxslə bağlı məlumatdan imzasını götürmək hüququna bərabər tutulmalıdır. Bu isə məntiqsizlikdir.

Bu prinsipin KİV-in fəaliyyətində "məhək daşları”ndan biri sayılması isə jurnalistlərin fəaliyyətini çox ciddi şəkildə məhdudlaşdıra biləcək amilə çevrilə bilər, çünki istənilən məlumatı və ya xəbəri "prezumpsiyanı pozan informasiya” elan etmək olar.

Digər tərəfdən, təqsirsizlik prezumpsiyası prinsipi ölkə qanunvericiliyində dəqiq müəyyənləşdirilərək təsbit olunduğundan heç bir KİV vətəndaşın hüquqlarını poza bilməz. Əfsuslar olsun ki, mediamızda hələ də hansısa cinayət əməlində şübhəli bilinən şəxs cinayətkar kimi təqdim edilir ki, bu da yolverilməzdir.

Jurnalistlərə hüquqi biliklərin öyrədilməsi məsələsinə gəldikdə isə, bəli, elemantar məlumat bazası olmalıdır. Lakin unutmayaq ki, jurnalist hüquqşünas deyil və müxtəlif məcəllələrin incəliklərinə vaqif olmaq ekstraordinar, hətta gərəksiz işdir. Sadəcə, hər jurnalist bilavasitə peşəsi ilə bağlı hüquqi bilikləri populyar səviyyədə əldə etməli, bilməlidir. Elə bu yetər”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb