Körpəsini zibilliyə atanlar mühakimə olunmurlar

Lalə Mehralı: “Onları yalnız öz vicdanları mühakimə edəcək”
İlqar Altay:“Körpəsini bilərəkdən küçəyə, zibilliyə atan valideynlər qəsdən adamöldürmə cinayəti ilə məsuliyyətə cəlb oluna bilər”



Bakıda zibillikdən yeni doğulmuş körpə tapılıb. Hadisə Yasamal rayonu Əlibəy Hüseynzadə küçəsi 49 nömrəli binanın qarşısında qeydə alınıb. Binanın qarşısındakı məişət tullantıları qutusunda Mənzil Kommunal İstismar Sahəsinin əməkdaşları körpəyə rast gəliblər. Onun qız olduğu müəyyən olunub. Körpə aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Daha sonra o, "Təcili yardım” maşını ilə Elmi-Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib. Cəmisi
birgünlük olan körpənin heç göbəyi də kəsilməyib. Hazırda körpə institutun reanimasiya
şöbəsindədir. Onun vəziyyəti ağır kimi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, son illər bu kimi hadisələrlə tez-tez qarşılaşırıq. Mənəviyyatsızlıqdan irəli gələn bu
kimi hallar yaşanan zaman valideynlərin əməllərinə hüquqi qiymət verilmir. Bir qayda olaraq Ailə
Məcəlləsinin tələblərinə uyğun dərhal prokurorluğa müraciət edilir və uşaq himayə, qəyyumluq
qurumlarının köməkliyi ilə xüsusi müəssisələrə yerləşdirilir. Lakin valideyni axtarıb tapmaq, onu
məsuliyyətə cəlb etmək heç kimin ağlına gəlmir. Yəni məsələ ilə bağlı qanunda boşluq olmasa da,
qanunların icra edilməsində çox ciddi boşluqlar var. Halbuki burada söhbət tək uşağın həyatından
getmir. Yeni doğulan körpənin küçəyə atılması heç bir insani dəyərlərə sığmır. Odur ki, övladını
atan valideynlərə qarşı sərt addımlar atılmalı və bu, ictimaiyyətə açıqlanmalıdır ki, digər insanlar
nəticə çıxarsın.

Valideynlərin yenicə doğulan körpələrini küçəyə atma səbəblərini şərh edən ekspertlər isə müxtəlif
ehtimallar irəli sürüblər.

İldə 3-4 dənə bu cür xoşagəlməz hadisələrin yaşandığını vurğulayan "Sağlam Toplum” İctimai
Birliyinin sədri, sosioloq Lalə Mehralının fikrincə, zibil qutularına atılanlar nikahdankənar əlaqədən
doğulmuş uşaqlardır: "Bu kimi hallar adətən ailəsindən uzaqda oxuyan, işləyən, yaşayan gənc
qadınlar arasında baş verir. Kiməsə aşiq olur, nikahsız təslim olur və hamilə qalınca da abortdan
qorxur, bəzən aborta pul tapa bilmir, yaxud da abort ediləcək ay keçir deyə heç bir həkim ona
kömək edə bilmir. Belə olan halda həmin qadın üçün bir çıxış yolu qalır, o da doğub küçəyə
atmaqdır”.

Böyük təəssüf hissi ilə insanların ən vəhşi canlı olduğunu etiraf edən sosioloqun sözlərinə görə,
küçədə balalayan it-pişik belə öz balasına sahib çıxır, dişinə alıb təhlükəsiz yerə daşıyır, gecə-
gündüz onlara keşik çəkib, təhlükədən qoruyur. Bəs, insan nə edir? Ya bətnindəcə qətl etdirir, ya da
bax, beləcə doğub küçəyə atır. Bədii ədəbiyyat sevənlər Salam Qədirzadənin "Hər gün ömürdən
gedir” adlı romanındakı Yeganənin öz körpəsini öldürdüyü səhnəni xatırlayar yəqin ki. O əsəri
təxminən 15 il öncə oxumuşam, həmin cümlələri oxuyandan sonra mən günlərlə özümə gəlmədim,
bala qatili xəyali ananın hərəkəti mənə psixoloji zərbə vurmuşdu. Amma indi oxşar real hadisələr o
qədər çoxalıb ki, hardasa sıradan, adi olub gözümüzdə”.

Əzazil, qəddar qadınların çox olduğunu vurğulayan L.Mehralı deyib ki, bir günlük körpəsini diri￾diri zibilliyə atan o qadın kimi istəmədiyi körpəsinin ağzına balış basıb onu öldürən, ətrafına isə "ölü
doğuldu” deyən qadınlarımız da var. Nahaqdan deməyiblər ki, doğmağı bacaran hər canlı ana deyil:
"O qadını tapmaq mümkün olmayacaq, çünki körpəni böyük ehtimalla evdə doğub, çünki göbək
ciyəsi ciftdən ayrılmayıb, xəstəxanada doğulan anda bu proses reallaşır. Evində doğuş edəni isə
inanmıram ki, tapmaq mümkün olsun. Tapılsa da, o, cinayət məsuliyyətinə cəlb edilməyəcək, çünki
bugünədək belə hadisələrin heç biri haqqında ölçü götürülməyib. 

Ciddi cəza, həbs-qətiimkan tədbiri qoyulsa belə, yenə də körpəsini atmaq istəyənlər bir dalan, tənha bir bucaq tapıb atacaq. Onları yalnız öz vicdanları mühakimə edəcək. Başqa heç nə”.İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist-ekspert İlqar Altay isə hesab edir ki, valideynlərin öz övladlarını imkansızlıqdan da atması istisna deyil: "Ola bilsin ki, həmin ailənin bu uşağı saxlamaq iqtidarında olmaması onları belə bir qanunsuzluğa sövq edib. Ailədəki hər hansı bir ziddiyyət də bu addıma səbəb ola bilər. İstənilən halda isə hüquq-mühafizə orqanları bu hadisəni araşdırıb həqiqəti aşkara çıxarmalı və qanunvericiliyə uyğun olaraq, bir günlük körpəni zibilliyə atan insanlarla bağlı tədbir görülməlidir: "Qanuna görə, valideynlər uşaqlarını tərbiyə etməyə və onların qayğısına qalmağa borcludurlar. Heç bir halda valideynlərin öz övladlarından imtina etməsi proseduru nəzərdə tutulmayıb. Bu baxımdan körpəsini bilərəkdən küçəyə, zibilliyə atan valideynlər qəsdən adamöldürmə cinayəti ilə məsuliyyətə cəlb oluna bilər. Çünki uşağın hara və hansı şəraitdə atılmasından asılı olaraq valideynin məsuliyyəti ortaya çıxır”.

Şəymən