Vəfa Allahverdiyeva: "Yaxşı müsahibə təkcə jurnalistin hazırlıqlı, qabiliyyətli olmasına bağlı deyil, müsahib də eyni şəkildə maraqlı bir persona olmalıdır"
Media jurnalistikanın bütün rənglərindən istifadə etməlidir
Vüqar Zifəroğlu: «Mən analitikəm» deyib, başqa janrlardan imtina edilməməlidir. Hazırda mediamız sönük, bəsit görünür. Çünki janr müxtəlifliyi itib"
Vəfa Allahverdiyeva: "Yaxşı müsahibə təkcə jurnalistin hazırlıqlı, qabiliyyətli olmasına bağlı deyil, müsahib də eyni şəkildə maraqlı bir persona olmalıdır"
Vəfa Allahverdiyeva: "Yaxşı müsahibə təkcə jurnalistin hazırlıqlı, qabiliyyətli olmasına bağlı deyil, müsahib də eyni şəkildə maraqlı bir persona olmalıdır"
Jurnalistikamızda janr qıtlığı yaşanır. Bəli, sürət – internet əsridir. Xəbərlər dəqiqə nədir, hətta anbaan dəyişir. Xəbərin ardınca düşməyin özü, artıq dəbdən düşüb. İndi xəbəri qabaqlamaq və xəbər yaratmaq zamanıdır. Amma jurnalistika nəinki təkcə, ümumiyyətlə, xəbərçilikdən ibarət deyil. Xəbərçilər, reportyorlardır. Hadisə yerinə tələsən, hadisə güdən, hadisədən xəbər verən. Jurnalistikanı yalnız xəbərlə məhdudlaşdırsaq, çox maraqsız, bir rəngli, bəsit bir mənzərə ilə üz-üzə qalmış olarıq. Əslində, jurnalistikamızın hazırkı mənzərəsi bundan az fərqlənmir. Hamı xəbərə «susayıb». Qısa, günlük xəbərlər, günün nəbzinə aid müsahibələr, siyasi yanaşmalar, analizəbənzər yazılar.
Halbuki, jurnalistika çox rəngarəng, hədsiz maraqlı bir sahədir. Onun marağının azalmasına səbəb isə jurnalistlər və jurnalistliklə məşğul olanlardır.
Professor Famil Mehdi jurnalistikanın rəngarəngliyini önə çəkərək yazırdı ki, "yüksək idealların bitkin, orijinal formada ifadəsi, aktual məzmunlu maraqlı formanın vəhdəti, cəlbedici süjet, düşünülmüş kompozisiya, fikrin obrazlı, emosional ifadəsi, konkretlik, dildə sadəlik, aydınlıq, xəlqilik, xüsusilə satirik publisistikanın priyom zənginliyi, rəngarəngliyi, faktların, hadisələrin tipikləşdirilməsi, mənalandırılması, atalar sözü, zərb-məsəllərdən, xalq obrazlarından ustalıqla, bacarıqla istifadə üsulları bu zəngin sənətkarlıq ənənələrinin tərkib hissəsidir və publisistikanın səviyyəsini müəyyən edən başlıca məziyyətlərdən hesab olunur”.
«Auditoriya bizdən rəngarənglik tələb edir»
Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu müsahibəni jurnalistikada özünəməxsusluğu ilə seçilən və hədsiz maraqlı bir janr adlandırdı:
- Müsahibə janrının müxtəlif növləri var; portret, analitik, ekspress… Müsahibə obyektlə auditoriya arasında birbaşa rabitə qurulmasına imkan verən, müxtəlifliyi ilə seçilən janrdır. Mən son illərdə mediada portret janrına çox az rast gəlirəm. Əsasən, ekspress, «brits» janrlarına üstünlük verilir. Düzdür, razıyam ki, hazırda sürətli, yığcam media dövrüdür. Uzun müsahibələr dəb deyil. Lakin bu o demək deyil ki, media müsahibə janrının digər növlərini unutmalı, arxa plana keçirməlidir. Elə uzun müsahibələr, portret müsahibələr ola bilər ki, oxucu onu oxumaqdan ayrıla bilməz. Bu, əlbəttə, ilk növbədə portretin kimə məxsusluğundan və müsahibə alan jurnalistin də peşəkarlığından hədsiz asılıdır. Hazırda mediamız qısa, yığcam müsahibələrə üstünlük verir. Amma bəzən görürsən ki, yığcam, ekspress müsahibələr də maraqsız olur və oxucu qazanmır.
V.Zifəroğlu jurnalistikada janr müxtəlifliyinin son illər itdiyini bildirdi:
- Jurnalistikada hər bir janrın özünəməxsus xüsusiyyəti, öz sahəsi var. Məsələn, «zarisovka», oçerk, panflet, felyeton. Bunlar bədii-publisistik janrlardır. Hərəsinin öz dili, öz üslubu var. İndi gəlin baxaq görək, son illərdə felyeton janrına nə qədər müraciət edilir və ya «zarisovka» janrında çıxış edən, yazan varmı? Oçerk yazan jurnalistlər nə qədərdi? Halbuki, bütün bu janrlarla bağlı istənilən qədər mövzu, obyekt tapmaq mümkündü. Çox istərdim ki, media jurnalistikanın bütün rənglərindən istifadə edilsin. Portret müsahibələr olsun, oçerklər yazılsın. Məsələn, Vətənlə bağlı, tarixi abidələrimizlə bağlı, qəhrəmanlarımızla bağlı, Aprel döyüşlərinin şəhidləri, iştirakçıları ilə bağlı elə gözəl, maraqlı oçerklər hazırlamaq olar ki! Bunlar hamısı jurnalistika üçün alətdir. Amma onlardan istifadə edilmir. Bizdə var axı bu ənənələr. Azərbaycan jurnalistikası möhkəm əsaslar üzərində dayanıb. Kök var, dayaq var, amma davam etdirilmir.
«Xəbərçilik digər janrları itirməməlidir»
V.Zifəroğlu ancaq xəbər jurnalistikası ilə kifayətlənməyin yanlış olduğunu dedi:
- Bəli, tamamilə razıyam ki, jurnalistikanın əsası xəbərdir. Bu, müzakirə predmeti deyil. Bunu etiraf etməsəm, peşəmə xəyanət etmiş olaram. Amma bu, əsas vermir ki, jurnalistikanın digər janrları arxa plana keçirilsin. Sovet dövründə Azərbaycan mətbuatında janr müxtəlifliyi daha artıq idi. Məsələn, 2-ci Dünya müharibəsində pamflet janrından, karikaturadan çox istifadə edilirdi. Axı hazırda biz faktiki müharibə şəraitində olan ölkəyik. Düşmənlərimizə qarşı niyə panflet janrından istifadə etməyək?! Yaxud felyeton yazmaq üçün məgər mövzu tapılmır? Sosial həyatın elə sahələri var ki, felyetonlar üçün əla mövzudur. Sovet illərində «Kirpi» satirik jurnalı nəşr olunurdu. Orada cəmiyyətdəki nöqsanlar əksini tapırdı. İndi niyə bu janra müraciət edilmir? Rusiya mediası bu mənada çox rəngarəngdir. Mən Rusiya mediasını izləyirəm və bu rəngarəngliyi görürəm. Biz də çalışmalıyıq ki, jurnalistikamızın ənənələrini unutmayaq. «Mən analitikəm» deyib, başqa janrlardan imtina edilməməlidir. Hazırda mediamız sönük, bəsit görünür. Çünki janr müxtəlifliyi itib. Bəzən mediaya marağın azaldığından gileylənirik. Amma unuduruq ki, auditoriya bizdən rəngarənglik gözləyir. Auditoriya bunu tələb edir. Ona istədiyini vermədikdə, auditoriyanı itirə bilərik.
«Müsahibə janrı jurnalistə oxucu qazandırır»
Professional jurnalist Vəfa Allahverdiyeva jurnalistikanın müsahibə janrı ilə bağlı fikirlərini bizimlə bölüşdü:
- Müsahibə jurnalistikada ən maraqlı və bəyəndiyim janrdır. Nəyə görə?
Çünki burada ilk növbədə, müxtəlif xarakterli, mötəbər mövqeli, hörmətli statuslarda dayanan insanlarla ünsiyyət var. Bu ünsiyyət bilginin dairəsini genişləndirir, insanı bəzən dincəldən bir atmosferdə saxlayır, sənə əlaqələr qazandırır, səni siyasi-ictimai həyatın mövzu rəngarəngliyindəki mübahisələrdə, fərdi baxış bucaqlarında bir imza olaraq püxtələşdirir, yetişdirir, tanıdır. Müsahibənin subyekti olan insanlar bəzən redaksiyanın rəhbərliyi tərəfindən, bəzənsə özüm tərəfindən müəyyənləşirdi. Suallar isə əsasən jurnalistin özünün üstünə düşən yükdür. Nəzərə alaq ki, müsahibə öncədən planlaşdırılan suallar üzərində qurulanda maraqlı alınmır. Əsl müsahibə anındaca yaranan suallardan gözəl alınır. Doğrudur, hər bir jurnalist müsahibəyə gedərkən, qeyd dəftərçəsində müəyyən sxem qurmalıdır; hardan başlayacam, nələri ön plana çəkəcəm, qarşımdakı insandan eksklüziv olacaq açıqlamaları necə qoparacam və sairə. Amma dediyim kimi, müsahibə rabitəli, maraqlı dialoq formasında, o dialoq ki, səninlə onun arasında bəzən hakim-müttəhim vəziyyəti yaranır, bəzən sanki ən yaxın adam kimi dərdləşirsən - olduqda, o müsahibədən redaktorun razı qalır. Belə yazıya görə artıq qonorar da ala bilirsən. Daha mühümü, sən oxucu qazanırsan. Məsələn, işlədiyim dövrlərdə ən gözəl müsahibələrim Əbülfəz Elçibəylə olub. Həmin müsahibələrə görə AXCP-yə aid insanlar mənə hörmətlə, sayğıyla yanaşıblar. Ona görə yox ki, onların liderini ara-sıra yada salıb, müsahibə hazırlamışıq. Ona görə ki, o müsahibələr çox maraqlı alınıb. Bunu mən etməmişəm, əslində, Əbülfəz bəyin özünə görə olub. Çünki bir balaca danışdırmaq həvəsin olardısa, o, gözəl danışa bilirdi. O, səni məcbur edirdi ki, sən onunla bağlı hər detala, - müsahibə məkanında - istərsə də hərəkətlərində, üz cizgilərində - hər xırdalığa hakim kəsiləsən, ona görə ki müsahibəni hazırlayarkən bu, giriş üçün əla bir təsvir olacaq.
Demək istəyirəm ki, yaxşı müsahibə təkcə jurnalistin hazırlıqlı, qabiliyyətli olmasına bağlı deyil, müsahib də eyni şəkildə maraqlı bir persona olmalıdır.
Elə çıxmasın ki, müsahib yalnız xüsusi adam olmalıdır və biz ancaq belələri ilə işləməliyik. Dərzi də, usta da, satıcı da müsahibdir və jurnalistdən tələb olunan odur ki, o, kiminlə müsahibəyə gedirsə, onu tanısın, onun məsləkinə aid incəliklərdən xəbərdar olsun, böyük yazıçıdırsa, bioqrafiyasını bilsin, azı 2-3 əsərini oxusun və s.
«Müsahiblər bəzən məhkəmə subyektinə də çevrilə bilir»
V.Allahverdiyeva jurnalistlik fəaliyyəti zamanı üzləşdiyi çətinliklərdən də danışdı:
- Demək istədiyim bir məsələ də var. Bəzən görürsən, müsahibə necə alınır, yəni orada o qədər mübtədası olub, xəbəri olmayan, yarımçıq fikirlər var, elə o şəkildə yazılıb çapa verilir. Anlaşılmır heç nə. Bu, çapa belə ötürülərsə, bu məhsul yarımçıqdır, çiy sayılır və oxucu bunu heç bir halda bəyənə bilməz. Nəzərə alaq ki, hamı şifahi nitqi təmiz, qüsursuz qura bilməz. Yazı yazarkən belə onun içərisində uzun müddət əlaqələndirmə, durğu işarələrinin yeri ilə məşğul olursan. Ki, bir durğu işarəsi ilə fikir yanlış da səslənə bilər, doğru da. Bu da xeyli vaxt aparır. Biz müsahibin yerinə fikir yazmırıq ki?! Sadəcə, yazını təmiz vəziyyətdə oxucuya təqdim edirik.
Mənə görə müsahibədə məsuliyyət daha çox alanın deyil, verənindir. Çox olub ki, müsahiblərlə jurnalistlər arasında inciklik, bəzən hətta qarşıdurma, haqsız məhkəmə iddiasına gedib çıxan bir vəziyyət yaranıb. Başqalarının yerinə mübahisə etmərəm, amma özümlə bağlı yaranmış bir xoşagəlməzlikdə haqlı tərəf mən idim.
Verdiyim iki sual həm diktafonuma düşmüşdü, həm də tədbirin videoyazısı var idi - mənim sualım, onun cavabı. Həmin məmurun adını çəkmək istəmirəm, o, indi daha yuxarı pilləyə qalxıb, etik baxımdan düzgün olmazdı, həm də «köhnə palan içi tökmək» kimi çıxardı. Yəni, müsahibədə diktofon bizim əlimizdə əvəzedilməz bir sübutdur.
Şəxsən mən o müsahibləri sevirəm ki, onlar can atırlar, sən mümkünsə, hazır variantı ona göndərəsən, baxsın, oxusun. Doğrudur, bu, jurnalisti yorur, bezdirir, amma müsahibini sənə məsuliyyətli, həssas, özünə tənqidi yanaşan bir fərd, bir persona kimi tanıdır!
(davamı var)
Məlahət Rzayeva