- “Tehranın iqtisadi dayanıqlılıq ehtiyatları tədricən azalır”
İranın tərəfdaş ölkələri ABŞ-ın yeni sərt sanksiyalarla bağlı təhdidlərinə kütləvi şəkildə məhəl qoymur. "Blumberq"in məlumatına görə, Vaşinqtonun Tehran üzərində“iqtisadi hücum” təşkil etmək cəhdi Çinin mövqeyi və digər tərəfdaşların İranla ticarət əlaqələrini dayandırmaq istəməməsi səbəbindən səmərəsiz olub.
Məlumata əsasən, İran banklarının, o cümlədən “Bank Melli”nin Birləşmiş Ərəb Əmirliklərindəki filiallarının fəaliyyəti davam edir. İran, Türkiyə, BƏƏ, Azərbaycan, Rusiya və Çin arasında kommersiya uçuşları da əvvəlki qaydada həyata keçirilir. Pakistan isə ABŞ-ın birtərəfli məhdudiyyətlərinə əməl etmək öhdəliyinin olmadığını açıqlayaraq İranla quru yolu üzərindən ticarəti davam etdirir. ABŞ administrasiyası üçün əsas dilemma Pekinin mövqeyidir. İstənilən effektiv sanksiya kampaniyası hazırda İran neftinin 90%-ni alan Çinə zərbə vurmalıdır. Lakin Pekin artıq Vaşinqtona sərt xəbərdarlıq edib və Tehranla ticarətdən geri çəkilmək niyyətində deyil.
Bununla belə ABŞ- İran müharibəsi İran iqtisadiyyatına təsirsiz ötüşməyib. İran liderləri dəniz blokadası və ABŞ ilə müharibənin yaratdığı iqtisadi təzyiqləri və itkiləri etiraf ediblər. Prezident Məsud Pezeşkian ABŞ sanksiyaları və Vaşinqtonun İrana qarşı dəniz blokadası səbəbindən xarici ticarətin təxminən üçdə bir hissə azaldığını bildirib.
Pezeşkian blokada səbəbindən İranın ixrac və idxalının təxminən 35 faiz azaldığını bildirib və əlavə edib: "Biz müharibədəyik və müharibənin qoyduğu şərtləri qəbul etməliyik". Pezeşkian ticarət həcminin azalması ilə ayaqlaşmaq üçün benzin qiymətlərinin artırılmasının vacibliyini bildirib: "Məsələn, benzin kvotasının üçüncü hissəsinin qiymətini beş min tüməndən on min tümənə qaldırmalıyıq".
Mövcud vəziyyəti Sherg.az-a şərh edən iqtisadçı ekspert Əli Səlimov İranın hazırda son illərin ən mürəkkəb iqtisadi mərhələlərindən birini yaşadığını bildirib.

Onun sözlərinə görə, İran iqtisadiyyatı 2026-cı ilin ikinci yarısında həm xarici, həm də daxili amillərin yaratdığı ciddi təzyiqlərlə üz-üzədir. ABŞ sanksiyaları, müharibənin iqtisadi fəsadları, dəniz blokadası və xarici ticarətin azalması ölkənin onsuz da həssas olan iqtisadi vəziyyətini daha da ağırlaşdırıb. İran hakimiyyətinin açıqlamaları da iqtisadi problemlərin miqyasının genişləndiyini göstərir: “Problem yalnız yüksək inflyasiya, rialın dəyər itirməsi və iqtisadi artımın zəifləməsi ilə məhdudlaşmır. Əsas risk müxtəlif böhranların eyni vaxtda bir-birini gücləndirməsidir. Proqnozlara görə, İran iqtisadiyyatının 2026-cı ildə 5,4 faiz daralması gözlənilir. Bu, müharibənin, enerji ixracına məhdudiyyətlərin və ticarət kanallarının pozulmasının real sektora təsirinin ciddi miqyas aldığını göstərir”.
İqtisadçının fikrincə, böhranın mərkəzində neft gəlirlərinin kəskin azalması dayanır:
“İran Mərkəzi Bankının rəhbəri Əbdolnasir Himməti avqustun 20-də ölkənin neft ixracının faktiki olaraq sıfıra endiyini açıqlayıb. Bu, İran üçün sadəcə ixrac göstəricisinin pisləşməsi deyil, iqtisadi sistemin əsas valyuta mənbəyinin sıradan çıxması deməkdir. Neft gəlirləri həm dövlət büdcəsini, həm idxalı, həm də valyuta bazarının sabitliyini təmin edən əsas mexanizmlərdən biridir. Buna görə də neft ixracının dayanması rial üzərində təzyiqi artırır, idxal xərclərini yüksəldir və inflyasiyanın daha da sürətlənməsi üçün zəmin yaradır.
Bu prosesin ən paradoksal nəticələrindən biri İran kimi böyük enerji istehsalçısında yanacaq böhranının dərinləşməsidir. Burada əsas problem xam neft ehtiyatlarının çatışmazlığı deyil, emal gücü, logistika və idxal imkanlarının məhdudlaşmasıdır. Müharibənin enerji infrastrukturuna təsiri və dəniz daşımalarına təzyiq daxili bazarın təminatını çətinləşdirib. Beləliklə, İranın enerji sistemində əsas ziddiyyət ortaya çıxır: ölkənin böyük neft ehtiyatları olsa da, həmin resursu daxili yanacaq təminatına və ixrac gəlirinə çevirmək imkanları məhdudlaşır”.
Ə. Səlimov hesab edir ki, yanacaq böhranının struktur səbəblərindən biri də uzun illər davam edən subsidiyalı qiymət siyasətidir:
“Ucuz benzin daxili istehlakı stimullaşdırmaqla yanaşı, israfı və qaçaqmalçılığı artırıb. İndi Tehran üçün qiymətləri yüksəltmək iqtisadi baxımdan məntiqli olsa da, sosial baxımdan ciddi risk daşıyır. 2019-cu il yanacaq etirazları göstərdi ki, enerji subsidiyalarının dəyişdirilməsi İran cəmiyyətində sürətlə siyasi məsələyə çevrilə bilər. Buna görə hökumətin manevr imkanları məhduddur. Subsidiyaları saxlamaq fiskal yükü artırır, azaltmaq isə sosial narazılıq riskini yüksəldir. Avqustun 24-də ABŞ-ın başladığı “Operation Economic Outcast” isə təzyiqi yeni mərhələyə keçirib. Vaşinqton təxminən 60 İranla əlaqəli şəxs, şirkət və gəmini sanksiyalara məruz qoyaraq neft gəlirlərindən tutmuş maliyyə, texnologiya, qızıl, aviasiya və gəmiçiliyə qədər geniş şəbəkəni hədəfə alıb. Daha mühüm məqam isə üçüncü ölkələrə qarşı ikinci dərəcəli sanksiya riskinin artırılmasıdır. Burada əsas hədəflərdən biri İranın sanksiyalardan yayınma imkanlarını məhdudlaşdırmaqdır. Bu məsələdə Çin xüsusi əhəmiyyət daşıyır. İran neftinin əsas alıcısı olan Çin uzun müddət Tehran üçün həyati valyuta kanalı rolunu oynayıb. ABŞ-ın yeni yanaşması isə artıq İranla birbaşa ticarət edənlərlə yanaşı, həmin ticarəti maliyyələşdirən və logistikasını təmin edən xarici şirkətləri də risk qarşısında qoyur. Bununla belə, Vaşinqtonun Çin kimi böyük iqtisadi aktorlarla qarşıdurmanı hansı həddə qədər genişləndirəcəyi kampaniyanın effektivliyini müəyyən edən əsas amillərdən biri olacaq”.
İqtisadçı qeyd edib ki, İran iqtisadiyyatının əsas problemi onun dərhal çökməsi deyil, dayanıqlılıq ehtiyatlarının tədricən azalmasıdır:
“İran böyük daxili bazara, enerji resurslarına, qeyri-formal ticarət kanallarına və uzunmüddətli sanksiya təcrübəsinə malikdir. Bu amillər iqtisadiyyatın tam iflasını əngəlləyə bilər. Lakin neft gəlirlərinin kəskin azalması, valyuta çatışmazlığı, yüksək inflyasiya, yanacaq problemi və logistika xərclərinin artması eyni vaxtda davam edərsə, dövlətin iqtisadi və sosial yükü getdikcə ağırlaşacaq. 2026-cı ildə İran iqtisadiyyatı klassik böhran çərçivəsini aşaraq, maliyyə, enerji və sosial risklərin eyni vaxtda dərinləşdiyi sistemli böhran mərhələsinə daxil olub. Neft ixracının məhdudlaşması valyuta çatışmazlığını, bu çatışmazlıq rialın dəyərsizləşməsini, rialın zəifləməsi inflyasiyanı, inflyasiya isə sosial təzyiqi gücləndirir. Yanacaq böhranı isə bu zəncirə əlavə olaraq nəqliyyat, kənd təsərrüfatı və ərzaq qiymətləri üzərindən təsir göstərir. Buna görə yaxın dövrdə əsas sual İran iqtisadiyyatının çöküb-çökməyəcəyi deyil, Tehranın mövcud iqtisadi modelin yaratdığı təzyiqləri nə qədər müddət idarə edə biləcəyi olacaq”.