Netanyahu Azərbaycandan dialoq çağırışı aldı
Əsas missiya Yaxın Şərqdə sülhün bərqərar olmasına hesablanıb
İsrailin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri zamanı müzakirə olunan əsas
məsələlərdən biri İsrail-Fələstin münaqişəsinin həlli olub. Tərəflər münaqişə ilə bağlı ətraflı fikir
mübadiləsi aparıblar. Azərbaycan hər iki tərəflə normal münasibət saxlayan islam dövləti kimi
problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edib.
Bu mənada Netanyahunun Azərbaycana səfəri ölkəmizin İsrail-Fələstin münaqişəsində sülhyaratma
potensialının real göstəricisi hesab olunur. İsrail və Fələstin arasında baş verən qarşıdurma
nəticəsində bölgədəki gərginlik səngimək bilmir. Hər iki tərəfdən insanların tələf olması bu
ölkələrin yerləşdiyi Yaxın Şərq regionuna, hətta bütün islam dünyasına təsirsiz ötüşmür. Bu
baxımdan münaqişənin həlli istiqamətində Azərbaycanda aparılan müzakirələr xüsusi əhəmiyyət
daşıyır. O cümlədən, Azərbaycanın beynəlxalq arenadakı rolunun mühümlüyünü isbatlayır.
Məlumdur ki, ölkəmiz İsraillə yanaşı, Fələstin dövləti ilə də ikitərəfli əməkdaşlığın inkişaf
etdirilməsi istiqamətində davamlı tədbirlər görür və praktiki yardımlarını əsirgəmir. Azərbaycan
beynəlxalq hüquqa uyğun olaraq Fələstinin haqlı mövqeyini hər zaman dəstəkləyib. Həm İsrail, həm
də Fələstinlə normal münasibətlərə malik olan ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının üzvü olaraq
hər zaman müsəlman birliyinin möhkəmlənməsinə xüsusi önəm verib. Aydındır ki, Azərbaycan-
İsrail əlaqələri ikitərəfli xarakter daşıyır və heç bir dövlətlə münasibətlərə xələl gətirmir. Həmçinin,
ölkəmiz Azərbaycan-İsrail dialoquna Fələstin məsələsini qaldırmaq üçün bir platforma, imkan kimi
baxır. Dövlətimiz İsrail-Fələstin münaqişəsinin iki dövlət yanaşması əsasında sülh yolu ilə həllini
dəstəkləyir. Rəsmi Bakı Fələstin dövləti ilə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində
davamlı tədbirlər görür və praktiki yardımlarını əsirgəmir. İki ölkənin rəsmiləri, o cümlədən, xarici
işlər nazirləri müntəzəm olaraq qarşılıqlı səfərlər edir və qarşılıqlı maraq doğuran məsələlər
ətrafında məzmunlu siyasi dialoq aparırlar. Son olaraq, bu ilin may ayında Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin yüksək səviyyəli nümayəndə heyəti Fələstin Dövlətinə səfər edib. Səfər
zamanı iki ölkə arasında "Azərbaycan Respublikası hökuməti və Fələstin dövləti arasında
diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş”
imzalanıb. Bu, bizim Fələstinin beynəlxalq hüquq subyektliyinə və dövlətçiliyinə praktik
dəstəyimizin təzahürüdür. Fələstinə beynəlxalq dəstəyin aktivləşdirilməsi məqsədi ilə, Azərbaycan
2013-cü ildə Fələstin dövlətinin dəstəklənməsi üçün "İslam maliyyə təhlükəsizlik şəbəkəsinin
yaradılması” adlı konfranslara ev sahibliyi edib və bu məqsədlə əhəmiyyətli miqdarda ianə verib.
Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən və İsrailin
bəzi fəaliyyətlərini, o cümlədən, işğal edilmiş ərazilərdə həyata keçirilən qanunsuz addımlarını
qınayan qətnamələri dəstəkləyir. Ölkəmiz təkcə 2016-cı ildə BMT Baş Assambleyası, Qoşulmama
Hərəkatı, YUNESKO və digər qurumlar çərçivəsində Fələstinin mövqeyinə dəstək ifadə edən və
İsrailin fəaliyyətini tənqid edən 20-dən artıq qətnamənin lehinə səs verib. Azərbaycan tərəfi
dəfələrlə İsrail-Fələstin münaqişəsinin həlli üzrə sülh prosesində müşahidə olunan durğunluqdan
narahatlığını ifadə edib. Nəticə yönümlü sülh prosesinin bərpa edilməsinin və münaqişənin iki
dövlət yanaşması əsasında tezliklə həll edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan hər zamanbeynəlxalq təşkilatlarda, xüsusilə BMT TŞ, İslam Əməkdaşlıq Təşkilatında və Qoşulmama
Hərəkatında Fələstinə dəstək verib və bu dəstək Fələstin tərəfindən yüksək qiymətləndirilib.
Azərbaycan 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilərkən Ərəb
Dövlətləri Liqası yekdilliklə ölkəmizin namizədliyinin dəstəklənməsi barədə qərar qəbul edib. Məhz
rəsmi Bakı BMT TŞ-nin qeyri-daimi üzvü olarkən özünün prioritetləri sırasına Fələstin məsələsini
də daxil edib. Xarici işlər naziri Elmar Məmmədyarov ötən il İslam Əməkdaşlıq Təşkilatının
sessiyasında bəyan edib ki, Fələstindəki vəziyyət beynəlxalq ictimaiyyətdən vahid mövqenin
olmasını tələb edir: "Azərbaycan hökuməti iki dövlət həllinin tərəfdarıdır. Qardaş Fələstin xalqına
sülhə və stabilliyə nail olmaq səylərində, müstəqil dövlətlərini qurma məsələsində tam dəstək
verməyə hazırıq. Son 5 ildə Fələstinlə Azərbaycan arasında 4 saziş və anlaşma memorandumu
imzalanıb. Azərbaycanla normal əməkdaşlıq münasibətlərində olan İsrailin Baş naziri Benyamin
Netanyahunun Azərbaycana səfəri bəzi qərəzli siyasi dairələr tərəfindən spekulyasiya edilib. Məkirli
qüvvələr səfəri başqa istiqamətə çəkməyə, yanlış analizlər çıxarmağa cəhd ediblər. Halbuki İsraillə
dost olmayan bəzi siyasi dairələrin narahatlıq ifadə etmələri üçün heç bir əsas yoxdur. Fakt budur ki,
Netanyahunun Azərbaycana səfərindəki əsas missiya Yaxın Şərqdə sülhün bərqərar olmasına
hesablanıb. Netanyahunun ölkəmizə səfəri həm də Azərbaycanın regiondakı nüfuzunun və
əhəmiyyətinin göstəricisidir. Azərbaycan istər regionda, istərsə də dünyanın siyasi arenasında
müstəqil siyasət yürüdən ölkə qismində çıxış edir. Rəsmi Bakının hansısa ölkənin diktəsinə ehtiyacı
yoxdur”.
İsmayıl