Oxucu eyni simaları görməkdən bezib

Mediada müsahib və ekspert sarıdan qıtlıq yaşanır
Media kapitanları hesab edir ki, Azərbaycanda siyasi institutlar, beyin mərkəzləri yaradılmalıdır



Bir neçə gün öncə "Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı medianın müsahib və ekspert sarıdan qıtlıq yaşadığını, oxucunun eyni simaları görməkdən, təkrarçılıqdan bezdiyini qeyd edərək problemin aradan qaldırılması üçün öz təkliflərini açıqlayıb. "Teleqraf” Media Qrupunun rəhbəri diqqəti bəzi jurnalislərə çəkərək onların yazı redaktə etməkdən kənarlaşdırılıb, məhz politoloji fəaliyyətə yönəldilməsini, bu fonda Azərbaycanda təşkilatların, siyasi institut və beyin mərkəzlərinin yaradılmasını və sözügedən şəxslərin orada çalışmasını təklif edib: "Yəqin redaktor dostlarım da təsdiqləyər ki, artıq xeyli vaxtdır media olaraq müsahib, ekspert sarıdan çox ciddi əziyyət çəkirik.

Bir yandan bəzi köhnə ekspertlər yorulub, KİV-ə əvvəlki dəstəyi göstərmək istəmirlər, o biri yandan da oxucu eyni simaları görməkdən, bənzər fikirləri oxumaqdan, təkrarçılıqdan bezib. Bir qism ekspertlərsə istədiklərini artıq əldə etdiklərinə görə mediaya əvvəlki həssaslığı azaldıblar, hesab edirlər ki, kifayət qədət populyar və əvəzolunmazdırlar, onların jurnalistlərə yox, jurnalistlərin onlara ehtiyacı var. Ortada itirən isə təbii ki, həm dövlətimiz, həm də mediadır. Media güclü silahdır. Yeni simalar, intellektuallar, düşünən beyinlər, ideya generatorları, medianın rolunu, əhəmiyyətini anlayanlar azaldıqca KİV-in maraqlılığı, rəngarəngliyi, oxunaqlığı və gücü, cazibəsi azalır. Təklifim nədir? Sosial medianı təbii ki, izləyirəm. Diqqətimi çəkən bir neçə jurnalist həmkarımız var ki, artıq onlara jurnalist demək doğru olmaz. Onlar sözün əsl mənasında, səviyyəli politoloq, siyasi şərhçi, təhlilçidirlər. Baş verənləri ağıllı, soyuq başla analiz edib ortaya fikir qoya bilirlər. Onları yazı yazmaqdan, yazı redaktə etməkdən kənarlaşdırıb məhz politoloji, siyasi fəaliyyətə yönəltmək lazımdır. Azərbaycanda məhz belə təşkilatlar, siyasi institutlar, beyin mərkəzləri (SAM və s. kimi) yaradılmalı və o şəxslər orada çalışmalıdırlar. Bir siyasətçini, politoloqu yetişdirmək üçün illər lazımdır. Onlar isə xüsusi qayğı, diqqət olmadan siyasi proseslərin içərisində özləri yetişiblər. Düşünürəm ki, onları itirmək olmaz! Baxın, illərimiz jurnalistikada keçib. İndi yetərincə tanınmış siyasətçilərin demək olar, hamısının səviyyəsinə, intellektinə, hazırlığına yaxşı bələdik. Əksərindən müsahibə almışıq, həmsöhbət olmuşuq. Onların danışdıqlarını olduğu kimi oxucuya təqdim etsəydik, yəqin ki, bu gün o qədər "böyük” görünməzdilər. Jurnalistlər onları redaktə edib, cilalayıb, təmizləyib topluma təqdim edib. Öz ətrafından, qohum-əqrəbasından savayı heç nəyə, heç kəsə xeyri dəyməyən o şəxslərə göstərdiyimiz diqqəti öz həmkarlarımıza niyə göstərməyək? Həmkarlarımı, xüsusən də media şirkətlərində idarə edən, qərar verən dostlarımı səsimə səs verməyə çağırıram...

Qeyd edək ki, Aynur Camalqızının bu təklifi media cameəsində maraqla qarşılanıb və xeyli sayda dəstək qazanıb.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, analitik Elçin Mirzəbəyli də özünün feysbuk səhifəsində Aynur xanımın bu fikirlərini bölüşərək mövcud problemin həllinin vacibliyini irəli sürüb.
Mövcud problemin səbəblərini yaxşı bildiyini qeyd edən E.Mirzəbəyli daha öncə də bu problemin həlli ilə bağlı öz təkliflərini səsləndirdiyini, yazı və açıqlamalarla çıxış etdiyini deyib. Təəssüflə diqqəti cəlb edə bilmədiyini vurğulayan baş redaktora elə gəlib ki, mövcud vəziyyət hər kəsi qane edir. Yaxud hər kəs problemin fərqindədir, lakin bir kimsə əlini daşın altına qoymaq istəmir

"Bəzi dostlarımız ekspertlərin yorulduqlarını, təkrarçılığa yol verdiklərini, özü üzərlərində işləmədiklərini, regionda və dünyada baş verən prosesləri izləmədiklərini bildirirlər. Həmçinin qeyd edirlər ki, bir qism ekspertlər istədiklərini əldə etdiklərinə görə mediaya əvvəlki həssaslığı azaldıblar, hesab edirlər ki, kifayət qədər populyar və əvəzolunmazdırlar, onların jurnalistlərə yox, jurnalistlərin onlara ehtiyacı var. Bu fikirlər Aynur xanımın problemə yanaşmasında da əks olunub. Eyni zamanda həmkarlarımla söhbətimdə də bu yanaşmaya bənzər dəyərləndirmələrin də şahidi olmuşam. Ola bilsin ki, ekspertlər arasında özünü populyar və əvəzolunmaz hesab edənlər də var, istisna deyil.
Amma məsələnin digər tərəfi də var və bu digər tərəfin problemlərini öz üzərində yaşayanlardan biri də mənəm. Ekspert əməyi Azərbaycanda ən az dəyərləndirilən və bəlkə də ümumiyyətlə dəyərləndirilməyən əməkdir. Mən bəzən 12 saata qədər uzana bilən iş günümün az qala 9-10 saatını ən müxtəlif kütləvi informasiya vasitələri üçün şərh yazmağa, müsahibə, yaxud açıqlama verməyə həsr edirəm. Hər bir şərh üçün informasiya toplayır, bu və ya digər problemin tarixi, siyasi və geosiyasi səbəblərini araşdırıram. Buna vaxtımı, enerjimi, intellektual potensialımı həsr edirəm. Halbuki həyatım günümün 2-3 saatını sərf etdiyim işimin hesabına təmin olunur. Günün 9-10 saatını isə ictimai əsaslarla çalışıram. Gün ərzində 5-10 arası, bəzən isə daha çox şərh yazır, açıqlama və müsahibə verirəm. Cavab vermək imkanım olmayanda isə həmkarlarımın incidiyini hiss edirəm. Bəzilərinin, hətta mediaya kifayət qədər açıq olmağıma və dəstəyimi əsirgəmədiyimə baxmayaraq mənim haqqımda da "özünü əvəzolunmaz sayır” dediklərindən də məlumatlıyam. E.Mirzəbəylinin sözlərinə görə, heç kim düşünmək istəmir ki, ekspert də insandır, onun da qayğıları, ehtiyacları var: "Aynur xanım çox haqlı olaraq cəmiyyətdə ideya generatorlarının, beyin mərkəzlərinin nə qədər önəmli olduqlarını xatırladır. Tamamilə razıyam. Xüsusilə də generator sözünü çox bəyənirəm. Amma kimsəyə sirr deyil ki, generatorun işləməsi üçün də yanacaq lazımdır. Hələlik öz-özünə çalışan "daimi mühərrik” kəşf olunmayıb. "Yanacaq” yoxdursa, kimliyindən asılı olmayaraq bütün ideya generatorları tükənəcək, yorulacaq və yaxud sadəcə illərini sərf etdikləri işdən usanacaqlar. Daha öncə də qeyd etdiyim kimi, ömrümün 20 ilini bu işə, həm də fundamental, əsaslı şəkildə həsr etmişəm. Oxuduğum kitabların, araşdırmaların sayı-hesabı yoxdur. Dəfələrlə təşəbbüs qaldırmışam ki, Bakı Ekspert Mərkəzi adlı bir qurum yaratmaq, gənc ekspertlərin formalaşmasına öz töhfəmi vermək istəyirəm. Bunu qeyri-hökumət təşkilatı formatında etmək istəmişəm, istəyim təmin olunmayıb.

Mövzu ilə əlaqədar Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da açıqlamasında Azərbaycanda ekspert dairəsinin genişlənməsinə ehtiyac olduğunu xüsusilə vurğulayıb:
"Adətən ölkə daxilində və xaricində hadisələr baş verdikdə, bu, bir çox hallarda spesifik baxımından bir-birinə yaxın olmaya da bilər. Çox təəssüf ki, bəzi məqamlarda Azərbaycan mediasında həmin hadisələri eyni ekspertlər şərh edir. Sonra birmənalı qaydada məlum olur ki, həmin ekspert hadisələrdən o qədər də məlumatlı deyil. Müasir dünyada bir ekspert geniş biliyə malik ola, baş verən hadisələrin hamısı ilə bağlı müfəssəl fikir yürüdə bilməz, yalnız konkret istiqamətdə analizlər aparan peşəkar ekspertlər tədqiqat sahələrini əhatə edən olaylar haqda dəyərli məntiqi nəticələrini irəli sürə bilərlər. Dünyanın aparıcı media vasitələrində, xüsusilə də Rusiya və Türkiyənin tanınmış KİV-lərində hər sahə üzrə xüsusi ekspertlər fəaliyyət göstərir. Xarici media vasitələrində baş verən olaylarla bağlı fikir yürüdən spesifik ixtisaslaşmış ekspertlər məhz həmin hadisələrin içərisində olmaqla bərabər, bu hadisələri öyrənən ayrı-ayrı institutların mütəxəssisləridirlər. Çox təəssüf ki, Azərbaycan mətbuatında buna müəyyən hallarda rast gəlmirik. Bu baxımdan da ölkəmizdə ekspert dairəsinin genişlənməsinə çox böyük ehtiyac var. Azərbaycanda ayrı-ayrı mərkəzlər, təşkilatlar var ki, orada kifayət qədər öz sahəsini mükəmməl bilən insanlar fəaliyyət göstərir. Fikir versəniz, kənar ölkələrdə media nümayəndələrindən də bu sahədə geniş istifadə olunur. Azərbaycan mediasında da kifayət qədər hadisələri düzgün qiymətləndirən insanlar çalışır ki, hazırda onlardan ekspert kimi istifadə etmək mümkündür”.
Təklifinin müsbət qarşılandığını gözlədiyini bildirən Aynur Camalqızı yenidən bu mövzuya toxunub və Elçin Mirzəbəylinin analitiklərin maddi ehtiyaclarının qarşılanmalı olduğu barədə sözlərinin də ədalətli olduğunu deyib:
"Təbii ki, ölkədəki aparıcı media orqanları kifayət qədər maddi resurslara sahib olsalar, reklam bazarı daha geniş, sərhədsiz və əlçatan olsa, biz də ekspertlərə öz əziyyətinin müqabilində qonorar ödəyərdik və onlar da bizimlə işləmək həvəsində olardı. Amma medianın bu imkanı yoxdursa, dövlətimizdən yardım istəyə bilərik. Siyasi araşdırma mərkəzlərinin yaradılmasına dövlət dəstək verə, düşünən beyinləri ora toplaya və bu beyin mərkəzlərinin sistemli işini stimullaşdıra bilər. Bir növ, bu sahənin də inkişafına dövlətimiz "dotasiya” ayıra bilər. Onların beyin məhsulundan yeri gəldikcə ictimai institutlar, qeyri-hökumət təşkilatları, diasporlarımız və s. bəhrələnə də bilərlər. Üstəlik, bu, sadəcə, daxili auditoriyaya deyil, xaricə də ünvanlanmalıdır. Xaricidilli media orqanlarının sayı və səviyyəsi artırılmalıdır. Dövlətimizin Qarabağ münaqişəsi ilə bağlı aparılan informasiya müharibəsi xaricidilli mediada yüksək səviyyədə davam etdirilməlidir. Daxili auditoriya ilə xaricə yönəlik bəyanatlar, informasiyalar fərqlənməli və peşəkarlıqla həyata keçirilməlidir. Bizim buna potensialımız var!”.

Davamı olacaq...
Şəymən