Prezident Putin yox, başqası da ola bilər

Seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, Rusiyanın xarici siyasətində böyük dəyişiklik gözlənilmir


Sobçak Krım açıqlamaları ilə Rusiyada özünə tərəfdar toplaya bilməz
Gələn ilin mart ayında Rusiyada prezident seçkiləri keçiriləcək. Seçki kampaniyasına isə bu ilin dekabr ayında start veriləcək. Artıq bir sıra namizədlərin adları ölkə mediasında müzakirə olunmaqdadır. Seçkilərdə hazırkı Prezident Putinə rəqib olanlardan biri də tanınmış teleaparıcı Kseniya Sobçakdır.

Prezidentliyə namizədliyini elan edən Sobçak verdiyi ilk mətbuat konfransında Krımın Ukrayna ərazisi olduğunu söyləyib. O bildirib ki, Rusiya 1994-cü ildə imzalanmış Budapeşt memorandumunu pozub və verdiyi sözü tutmayıb: "Ukrayna ilə münasibətlər Rusiya üçün çox vacibdir”. Gözlənildiyi kimi Kreml prezidentliyə namizəd Kseniya Sobçakın Krımla bağlı fikirlərini kəskin tənqid edib. Putinin sözçüsü Dmitri Peskov deyib ki, onun şərhi "mahiyyət və formaca” yanlışdır. Millətçi siyasətçi Vladimir Jirinovski isə Sobçakın həbsini istəyib. 

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Tofiq Abbasov deyib ki, Sobçakın ifadələri ilk dəfə gündəmə gəlmir. Rusiya liberallarının hamısı Krım məsələsində Sobçak kimi düşünürlər:

"Krım artıq siyasi platformanı gücləndirəcək məsələ sayılmır. Qərb dairələrində Sobçakın fikirləri reaksiya doğura bilər. Ancaq Rusiyada bu sözlərlə tərəfdar toplamaq mümkün deyil. Prezident seçkisində bir neçə tanınmış şəxsin namizədliyi qeydə alına bilər. Lakin seçkilərin favoriti hazırkı Prezident Vladimir Putindir. Hələlik Putin namizədliyini verməyə tələsmir. Şübhəsiz ki, son anda meydana başqa namizəd də çıxarıla bilər. Son günlərdə bir qubernatorun adı Putinin varisi kimi hallanır. Nəzərə almaq lazımdır ki, Putinin uzun illərdir hakimiyyətdə qalması Qərb ölkələri tərəfindən ciddi tənqid edilir. O baxımdan gözlənilməz proseslər yaşana bilər”. 

Siyasi şərhçi bildirib ki, seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, Rusiyanın xarici siyasətində böyük dəyişiklik gözlənilmir: 

"Rusiya son 4-5 il ərzində Qərbdən asılılığını xeyli azaldıb. Vacib regionlarda strateji əhəmiyyətə malik layihələrə qoşulub və öz mövcudluğunu qoruyub. Avropada qarşıdurma meyilləri gücləndikcə, Moskva başqa bölgələrdə alternativ gedişlər edib. Ona görə də Kreml siyasətinin təzadlı şəkildə dəyişməsinə ümid etmək olmaz”. 

Ekspertin sözlərinə görə, aparılan daxili və xarici siyasət, eyni zamanda ölkənin iqtisadi vəziyyəti seçkidə namizədlərin müəyyən edilməsinə gətirib çıxarır: 

"Rusiyada müəyyən iqtisadi islahatlar həyata keçirilib. Beynəlxalq qurumlar etiraf edirlər ki, qarşıdan gələn illərdə Rusiyanın iqtisadi vəziyyəti yaxşılaşacaq. Uğurlu xarici siyasət daxildə gedən islahatlara və formalaşan potensiala söykənir. Putin vəziyyəti anlayır və çalışır ki, proseslərin gedişatına təkan verərək ölkənin əvvəlki statusunu bərpa etsin”.

İsmayıl