Qabiliyyət imtahanı jurnalistikanı daha da peşəkarlaşdıracaq
Müşfiq Ələsgərli: “Bizim üçün əsas olan jurnalistika fakültələrini bitirən tələbələrin çoxluğu yox, onların bilik səviyyəsinin yüksək olmasıdır”
... əvvəli ötən sayımızda
Müasir dövrü jurnalistikasız təsəvvür etmək çətindir. Jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdir. Bunun üçün isə jurnalist öz sahəsini mükəmməl şəkildə bilməlidir. Jurnalistika cəmiyyətin kamilləşməsində, maariflənməsində, ictimai rəyin formalaşmasında misilsiz rol oynayır və bu vəzifələri çox müxtəlif üsullarla gerçəkləşdirir.
Bir neçə il ard-arda ali məktəblərin qəbul proqramı çərçivəsində jurnalistika fakültəsi üzrə keçirilən qabiliyyət imtahanının nəticələri jurnalistika barədə deyilən bu sözləri şübhə altına salsa da, bu il keçirilən imtahan nəticələri jurnalistikaya marağın yenidən artdığını göstərir. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən abituriyentlərin sayı, həm də ekspertlərin müşahidələri də bunu deməyə əsas verir.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanı başa çatıb.
Bu mərhələdə III ixtisas qrupu üzrə test imtahanı verərək müsabiqə şərtini ödəyən və iyulun 21-dən 24-dək jurnalistika ixtisasına qəbul olmaq üçün internet vasitəsilə anket dolduraraq qeydiyyatdan keçmiş abituriyentlər iştirak ediblər.
İmtahan Bakı şəhərində və DİM-in regional bölmələrinin yerləşdiyi Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Bərdə, Göyçay, Xaçmaz və Şirvan şəhərlərində təşkil olunub.
İmtahanın başlamasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə təklif olunan 217 mövzu arasından 3 mövzu seçilib və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Abituriyentlər təqdim olunmuş mövzulardan biri üzrə inşa (esse) yazıblar.
Məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı jurnalistika ixtisasını ərizələrində qeyd edə biləcəklər.
2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün keçirilən qabiliyyət imtahanını dəyərləndirən Müşfiq Ələsgərli ötən illərlə müqayisədə jurnalist olmaq istəyən abituriyentlərin sayında hiss olunacaq dərəcədə ciddi artım olduğunu deyib. Onun sözlərinə görə, keyfiyyət baxımından da xeyli irəliləyişlər hiss olunurdu: "Artıq dördüncü ildir ki, jurnalistika fakültələrinə test imtahanlarından əlavə qabiliyyət imtahanları tətbiq olunur. Yəqin ki, xatırlayırsınız, qabiliyyət imtahanı ilk tətbiq edilən il cəmisi 56 nəfər imtahandan məqbul qiymət alıb, müsabiqədə iştirak haqqı qazanmışdı. Lakin bu il qabiliyyət imtahanı verən abituriyentlərdən 287-i məqbul qiymət alıb. Hansı ki, bu rəqəm dövlət sifarişindən də bir xeyli artıqdır. Bilirsiniz ki, dövlət planında jurnalistika fakültəsi üzrə cəmi 205 abituriyentə yer ayrılıb. Təəssüflər olsun ki, qabiliyyət imtahanı verən və məqbul qiymət alan abituriyentlərdən 80-ə yaxını kənarda qalacaq”.
Ötən illərlə müqayisədə bu il jurnalistika fakültəsinə qəbulla bağlı baş tutan qabiliyyət imtahanında iştirak edən abituriyentlərin bilik səviyyəsinin və potensialının xeyli yüksək olduğunu qeyd edən Müşfiq Ələsgərli hər zaman kəmiyyəti artırmaq üçün keyfiyyət dəyişikliyinə getmək məsələsinin əleyhinə olduğunu deyib. Mənim üçün bu bir dilemmadır.
Ötən illərdə yerlər boş qalan zaman qabiliyyət imtahanının ləğvi məsələsi ekspertlər və mütəxəssislərin iştirakı ilə ciddi müzakirə olundu. O zaman da qeyd etmişdim ki, yerlər boş qalmasın deyə jurnalistika fakültələrinə axın yaratmaq jurnalistikaya xidmət deyil. Bizim üçün əsas olan jurnalistika fakültələrini bitirən tələbələrin çoxluğu yox, onların bilik səviyyəsinin yüksək olmasıdır. Əslində qabiliyyət imtahanının tətbiqi zamanı ilk bir neçə ildə kəmiyyətin aşağı düşəcəyi gözlənilən idi. Ancaq göründüyü kimi proses öz axarına düşdükcə, kəmiyyətdə artım müşahidə olunur, ən əsası isə keyfiyyətə heç bir xələl gətirmədən.
Qabiliyyət imtahanında iştirak edən abituriyentlərin bilgilərinin kifayət qədər obyektiv bir şəraitdə, heç bir kənar müdaxilə olmadan yoxlanıldığını deyən M.Ələsgərlinin sözlərinə görə, DİM-də uşaqlara öz potensiallarını ortaya qoymaq üçün kifayət qədər şərait yaratmışdı: "Bilirsiniz ki, abituriyentlərə təqdim edilən esselərin mövzuları əvvəlcədən Dövlət İmtahan Mərkəzinin rəsmi saytında yerləşdirilmişdi. İmtahanda düşən suallar da həmin 217 mövzuları əhatə edirdi, bir dənə belə olsun əlavə sual yox idi. İmtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə püşkatma oldu və abituriyentlərə təqdim olunan suallar həmin 217 mövzu arasından seçildi. Abituriyentlər daha çox "Niyə jurnalist olmaq istəyirəm” mövzusu istiqamətində esse yazmağa üstünlük vermişdilər. Ancaq "Qarabağ musiqi beşiyimizdir” və dostluqla bağlı düşən mövzuya da müraciət edən abituriyentlərin sayı kifayət qədər idi. Bu isə həmin gənclərin istənilən mövzuda sərbəst yazı yazmaq potensialına sahib olduqlarının göstəricisidir”.
Abituriyentlərin yazılarında dil-üslub qaydaları ilə bağlı problemlərin çoxluq təşkil etdiyini vurğulayan ekspertin sözlərinə görə, builki imtahan zamanı da ən çox bu məsələ ilə bağlı iradlar səsləndi və onların qiymətləri aşağı salındı. Xüsusən də DİM-in mütəxəssisləri bu meyarlara daha çox üstünlük verirdilər. Onlar əsasən yazı işinin həcminə, üslub xüsusiyyətlərinə, qrammatik cəhətdən savadlı yazılmasına üstünlük verirdilər. Bizim üçün isə əsas meyar mövzunun nə dərəcədə açılması və abituriyentlərin öz fikrini sərbəst ifadə etmək bacarağının yoxlanılması idi. Zənnimcə, dil-üslub səhvləri yazının keyfiyyətinə bir o qədər təsir etmir, amma istənilən halda jurnalistlərdən qrammatik qaydalara tam şəkildə əməl olunması tələbi başadüşüləndir. Odur ki, gələcəkdə bu cür səhvlərin də azalacağını güman edirəm. Hesab edirəm ki, təbliğat- təşviqat tədbirlərinin köməyi ilə bütün çatışmazlıqları aradan qaldırıb qabiliyyət imtahanlarını mükəmməl səviyyəyə çatdırmaq olar. Ən azından 4 ildə əldə olunan müvəffəqiyyətlər fonunda buna inam çox böyükdür.
Qabiliyyət imtahanının keçirilməsi və bu proqramın təkmilləşdirilməsi ilə bağlı Mətbuat Şurasının əlavə bir sıra təklifləri olduğunu və həmin təkliflərin DİM-ə təqdim olunduğunu vurğulayan M.Ələsgərlinin sözlərinə görə, həmin təkliflər qəbul olunacağı halda qabiliyyət imtahanlarının effekti daha yüksək olacaq: "Testlə bölgü aparılarkən sadəcə təhsil almaq arzusu olanlar təsadüfən jurnalistikaya düşürdülər. Bunun da çox mənfi effekti olurdu, çünki əksəriyyət fakültəni bitirəndən sonra jurnalistikaya deyil, başqa sahələrə gedirdi. Qabiliyyət imtahanı tətbiq olunandan sonra isə qəbul olanların sayı azaldı, lakin oraya əsl jurnalistika təhsili almaq istəyi olan şəxslər gəldilər. Qabiliyyət imtahanı verən tələbələrin sayında və bilgi göstəricilərində xeyli aktivliyin olması da onu deməyə əsas verir ki, artıq imtahanların bəhrəsini görməyə başlamışıq və ümid edirəm ki, növbəti illərdə daha yüksək göstəricilərə şahid olacağıq.
Bizim əsas təkliflərimizdən biri budur ki, növbəti illərdə jurnalistika fakültəsinə qəbulla bağlı baş tutan qabiliyyət imtahanlarında ancaq Mətbuat Şurasının ekspertləri, peşəkar jurnalistlər iştirak etsinlər. Onsuz da imtahan verən gənclərin hər biri orta məktəbdə qrammatik qaydalarla bağlı öz qiymətlərini alıblar. Qabiliyyət imtahanının motivi onların jurnalistika sahəsinə olan maraqlarını və bu istiqamətdəki bilik və bacarıqlarını üzə çıxartmaqdan ibarətdir. Jurnalistikanın prinsiplərini isə ancaq bu sahənin nümayəndələri bilir. Dil-ədəbiyyat müəllimləri ancaq yazıdakı orfoqrafik səhvlərə və üslub səhvlərinə diqqət yetirir. Hansı ki, peşəkar jurnalistlər də dilimizin bu qaydalarına çox yaxşı bələddirlər. İnanıram ki, növbəti illərdə bu istiqamətdə təkmilləşmə olacaq və həmin islahatlarda bizim təkliflərimiz də öz əksini tapacaq.
M.Ələsgərlinin sözlərinə görə, həyəcan səbəbindən müəyyən səhvlərə yol verən, öz fikrini düzgün çatdıra bilməyən abituriyentlər də var ki, bu səbəbdən aşağı qiymət alırlar. Hesab edirəm ki, abituriyentlərə əlavə qaralama kağızları verilsə, onlar imtahan vərəqinə təmiz yazını köçürə bilərlər. Yəqin ki, Mətbuat Şurasının ekspertləri tərəfindən irəli sürülən bu təkliflər DİM-lə müzakirə edilərək müsbət bir nəticə əldə olunacaq.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb