Siqaretin qiymətinin aşağı düşməsi təəccüblüdür

“Bəlkə də, satış həcminin azalması şirkətləri qiymətləri ucuzlaşdırmağa sövq edib”



Azərbaycanda bir sıra siqaretlərin qiymətində kəskin ucuzlaşma baş verib. Qiyməti 2 manatdan baha olan bütün siqaretlər 50 qəpik ucuzlaşıb.

Qeyd edək ki, bir müddət əvvəl qiyməti 2 manata olan siqaretlərdə də ucuzlaşma baş vermişdi.
İqtisadçı-ekspert Natiq Cəfərli də ərzağın, kommunal xərclərin, müxtəlif sahələr üçün istifadə
olunan əşyaların qiymətinin bahalaşdığı bir dövrdə siqaretin qiymətinin ucuzlaşmasının onda çox böyük maraq doğurduğunu deyib: "Adətən iqtisadi böhran yaşanan ölkələrdə büdcəyə əlavə vəsait daxil olması məsələsi gündəmə gələn zaman tütün məmulatlarının və spirtli içkilərin qiymətində,
aksiz vergilərində ciddi artım müşahidə edilir. Buna da səbəb həmin məhsulların gündəlik tələbat
malları hesab olunmamasıdır. Həm də ki, burada sağlamlıq amili də əsas rol oynadığı üçün
qiymətlərin artımı bir növ mesaj xarakterli olur ki, insanlar pis vərdişlərini tərgitsinlər.Azərbaycanda isə gündəlik tələbat mallarının qiymətləri qalxdığı halda siqaretin qiymətinin aşağı
düşməsi məntiqə uyğun deyil. Ona görə də, qiymətlərin ucuzlaşmasının konkret hansı səbəblərdən
baş verdiyini izah etməkdə çətinlik çəkirəm. Bəlkə də, satış həcminin azalması siqaret sahəsinə
nəzarət edən şirkətləri qiymətləri ucuzlaşdırmağa sövq edib. Ancaq istənilən halda, büdcə ilə bağlı
problemlərin həllinin ciddi müzakirə predmeti olması fonunda tütün məmulatlarının və spirtli
içkilərin aksiz vergiləri artırılmalı, gündəlik tələbat malları və kommunal xərclər isə sabit
saxlanılmalı idi. Bu zaman da hökumət aksiz vergisinin qaldırılması nəticəsində siqaret biznesindən
əldə etdiyi kifayət qədər məbləğin büdcəyə daxil olunmasına şərait yarada bilərdi. Hər halda
mövcud qərara yenidən baxılacağını güman edirəm. Əgər dolların artım sürəti indiki formada davam
etsə, siqaretin qiymətinin yenidən bahalaşması qaçılmaz olacaq”.

Şəymən