Son illər yeni ekspertlər yetişmir

Jurnalistlər siyasi, iqtisadi, sosial, təhlükəsizlik sahəsindən material hazırlayanda çətinlik çəkir





(əvvəli ötən sayımızda)

Bir neçə gün öncə "Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı medianın müsahib və ekspert sarıdan qıtlıq yaşadığını, oxucunun eyni simaları görməkdən, təkrarçılıqdan bezdiyini qeyd edərək problemin aradan qaldırılması üçün öz təkliflərini açıqlayıb. "Teleqraf” Media Qrupunun rəhbəri diqqəti bəzi jurnalistlərə çəkərək onların yazı redaktə etməkdən kənarlaşdırılıb, məhz politoloji fəaliyyətə yönəldilməsini, bu fonda Azərbaycanda təşkilatların, siyasi institut və beyin mərkəzlərinin yaradılmasını və sözügedən şəxslərin orada çalışmasını təklif edib: "Yəqin redaktor dostlarım da təsdiqləyər ki, artıq xeyli vaxtdır media olaraq müsahib, ekspert sarıdan çox ciddi əziyyət çəkirik.

Bir yandan bəzi köhnə ekspertlər yorulub, KİV-ə əvvəlki dəstəyi göstərmək istəmirlər, o biri yandan da oxucu eyni simaları görməkdən, bənzər fikirləri oxumaqdan, təkrarçılıqdan bezib. Bir qism ekspertlərsə istədiklərini artıq əldə etdiklərinə görə mediaya əvvəlki həssaslığı azaldıblar, hesab edirlər ki, kifayət qədər populyar və əvəzolunmazdırlar, onların jurnalistlərə yox, jurnalistlərin onlara ehtiyacı var. Ortada itirən isə təbii ki, həm dövlətimiz, həm də mediadır. Media güclü silahdır. Yeni simalar, intellektuallar, düşünən beyinlər, ideya generatorları, medianın rolunu, əhəmiyyətini anlayanlar azaldıqca KİV-in maraqlılığı, rəngarəngliyi, oxunaqlığı və gücü, cazibəsi azalır. Təklifim nədir? Sosial medianı təbii ki, izləyirəm. Diqqətimi çəkən bir neçə jurnalist həmkarımız var ki, artıq onlara jurnalist demək doğru olmaz. 

Onlar sözün əsl mənasında, səviyyəli politoloq, siyasi şərhçi, təhlilçidirlər. Baş verənləri ağıllı, soyuq başla analiz edib ortaya fikir qoya bilirlər. Onları yazı yazmaqdan, yazı redaktə etməkdən kənarlaşdırıb məhz politoloji, siyasi fəaliyyətə yönəltmək lazımdır. Azərbaycanda məhz belə təşkilatlar, siyasi institutlar, beyin mərkəzləri (SAM və s. kimi) yaradılmalı və o şəxslər orada çalışmalıdırlar. Bir siyasətçini, politoloqu yetişdirmək üçün illər lazımdır. Onlar isə xüsusi qayğı, diqqət olmadan siyasi proseslərin içərisində özləri yetişiblər. Düşünürəm ki, onları itirmək olmaz! Baxın, illərimiz jurnalistikada keçib. İndi yetərincə tanınmış siyasətçilərin demək olar, hamısının səviyyəsinə, intellektinə, hazırlığına yaxşı bələdik. Əksərindən müsahibə almışıq, həmsöhbət olmuşuq. Onların danışdıqlarını olduğu kimi oxucuya təqdim etsəydik, yəqin ki, bu gün o qədər "böyük” görünməzdilər. Jurnalistlər onları redaktə edib, cilalayıb, təmizləyib topluma təqdim edib. Öz ətrafından, qohum-əqrəbasından savayı heç nəyə, heç kəsə xeyri dəyməyən o şəxslərə göstərdiyimiz diqqəti öz həmkarlarımıza niyə göstərməyək? Həmkarlarımı, xüsusən də media şirkətlərində idarə edən, qərar verən dostlarımı səsimə səs verməyə çağırıram...

Qeyd edək ki, Aynur Camalqızının bu təklifi media cameəsində maraqla qarşılanıb və xeyli sayda dəstək qazanıb. Təbii ki, fərqli düşünənlər də yox deyil.

Aynur xanımın kifayət qədər təcrübəli jurnalist olduğunu vurğulayan Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə üstəlik, onun uzun illərdir ki, ölkəmizin aparıcı media holdinqlərindən birinə rəhbərlik etdiyini də qeyd edib: 

"Əgər o, həyəcan təbili çalırsa, deməli, bu barədə müzakirə açmağa, hətta mübahisə etməyə dəyər. Amma bu məsələdə həmkarımdan bir qədər fərqli düşünürəm. Hesab edirəm ki, hər bir peşəkar jurnalist media eksperti kimi çıxış edə bilər. Əsas odur ki, təmsil etdiyin sahəni yaxşı biləsən, problemlərdən çıxış yolu göstərməyi bacarasan. Guya təhsil və ya səhiyyə məsələləri üzrə ekspertlər ağızları ilə quş tuturlar? Təvazökarlıqdan uzaq olsa da deməliyəm ki, onların çıxışlarını çox vaxt biz jurnalistlər abıra salır, redaktə edir, məzmunlu şəkildə cəmiyyətə təqdim edirik. Bəzi jurnalistlərin əsas problemi özlərinə, öz həmkarlarına tam olaraq güvənməmələridir”.

S.Verdizadənin sözlərinə görə, ekspert kimi cəmiyyətə sırıdığımız adamların böyük əksəriyyəti heç də bizdən ağıllı deyil. Fotokamera qarşısında müdrik görkəm almaq hələ müdrik olmaq anlamına gəlmir: 

"Şəxsən mən Aynur xanımın rəhbərlik etdiyi holdinqə daxil olan saytların əməkdaşlarını maraqlandıran bütün suallara cavab verməyə hazıram, amma heç vaxt müraciət etməyiblər. Azərbaycan mətbuatında ən azı 100 nəfər adam var ki, media sahəsi üzrə ekspertlik etməyə qadirdir. Savadlı, sanballı adamlara meydan vermək, etimad göstərmək lazımdır. Biz uzun illərdir başqalarının adından müsahibə yazır, açıqlama "veririk”. Amma özümüzə gələndə tərəddüd edirik. Ola bilsin ki, hansısa sahədə ekspert qıtlığı var. Amma burada jurnalistika istisna təşkil edir”.

O ki qaldı jurnalistlərin politoloq kimi çıxış etməsinə, S.Verdizadə bu təklifə bir o qədər isti yanaşmır: 

"Mənə elə gəlir ki, hərə öz işi ilə məşğul olsa, daha yaxşı olar. Azərbaycanda kifayət qədər savadlı, bacarıqlı politoloqlar var. Onlarla yaxından əməkdaşlıq etmək lazımdır. Bu zaman isə şəxsi münasibətləri, dostluq prinsiplərini əsas götürmək lazım deyil, ədalətli olmalıyıq. Savadlı insanlara laqeyd münasibət onların "kölgə”də qalması ilə nəticələnib. Medianın üzərinə düşən əsas vəzifələrdən biri də arxa planda olan qabiliyyətli insanların "vitrin”ə çıxmasını təmin etməkdir”.

"Azadinform” informasiya agentliyinin redaktoru Elçin Bayramlı da Aynur Camalqızının təklifini dəstəklədiyini deyib, ancaq keyfiyyət baxımından. O hesab edir ki, kəmiyyətcə ekspertlərin sayı əksinə, daha da çoxalıb:

"İndi hamı politoloq, ekspert olub. Cavan uşaqlar politoloq, psixoloq, sosioloq və ekspert kimi rəy verir. Bu biabırçılıqdı. Məncə, yaşı 35-40-dan, iş təcrübəsi 15-20 ildən az olan adamı ciddi mütəxəssis kimi qəbul etmək çətindir. Üstəlik, bu adam nə dərəcədə həmin sahədə fundamental biliklərə malikdir, beynəlxalq aləmdən və ölkədən həmin sahəyə aid informasiya axınını izləyirmi, onları analiz etmək qabiliyyəti varmı... bunlar da əsasdır. Bütün bu keyfiyyətlər daha çox jurnalistlərdə olur, təbii ki, sadaladığım tələblərə cavab verən jurnalistlərdə. Yoxsa ki, 20-25 yaşlı uşağın çıxıb, televiziyalarda, qəzetlərdə camaata ağıl öyrətməsi, yol göstərməsi ayıbdır”.
Xüsusən, sosial sahə üzrə ekspert qıtlığı yaşandığını vurğulayan E.Bayramlı deyib ki, qalan sahələrdə maşallah, bolluqdur!
Redaktorun sözlərinə görə, bu sahədəki qıtlığın əsas səbəbi ekspertliyin müftə hanballıq olması, buradan heç bir gəlirin gəlməməsidir: "Nə qədər enerji, vaxt, vəsait sərf edirsən, əvəzində heç nə əldə etmirsən. Kim buna razı olar? Təbii ki, yalnız başqa yerdən yaxşı gəliri olan adam. Fikrimcə, yaşlı və təcrübəli jurnalistlər arasından müxtəlif sahələr üzrə ekspertlər ortaya çıxarıla bilər, lakin burada maddi məsələ əsas plana çıxacaq. 300-400 manat maaş alan jurnalist bunun müqabilində bütün günü işləyir. O heç televiziyalarda verilişə çıxmaq üçün əyninə normal bir kostyum almaq imkanına belə malik deyil. Bu vəziyyətdə ondan ciddi effekt gözləmək mənasız olardı. Lakin ümumən bu yaxşı təklifdir və reallaşdırılmasına ehtiyac var. Bundan əlavə mən təklif edərdim ki elmi sahələrdə də Elmlər Akademiyasının alimləri mütəxəssis kimi mətbuat və TV-lərdə tez-tez çıxış etsin. Nə qədər şou olar? TV və mətbuat elmi sahələrə daha çox müraciət etməlidirlər”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli də bir redaktor olaraq Aynur xanımın qaldırdığı problemi bölüşür: 

"Gün ərzində müxbirlər redaktəyə material yollayır, baxıram ki, bir neçə müxbir ayrı-ayrı mövzular üzrə eyni şəxsi ekspert kimi danışdırıb. Hətta olur ki, bir şəxsi həm iqtisadi, həm də siyasi mövzu üzrə danışdırırlar. Səbəb isə odur ki, ekspert qıtlığı var. Bu, bütün sahələr üzrə belədir - iqtisadi, siyasi, sosial, təhlükəsizlik və s. sahələr üzrə cəmi bir neçə ekspert var. Bəli, bu bir faktdır ki, son illərdə yeni ekspertlər yetişmir. Azərbaycanda ekspert olmaqla yaşamaq, məvacib almaq mümkün deyil. Bu gün ekspert kimi mediaya açıqlamalar verən şəxslərin hamısının gəlir mənbəyi, iş yeri tamamilə ayrı sahədir. Kimisi redaktordur, kimisi QHT rəhbəridir, kimisi büdcə təşkilatında hansısa bir işlə məşğuldur, sadəcə aktivlik göstərərək, ekspert kimi də medianın suallarını cavablandırırlar. Jurnalistlərin əlacsızlıqdan danışdırdıqları ekspert kimi tanınan şəxslər də var ki, onların şərhlərini redaktə edəndə görürük ki, bu şəxsin həmin prosesdən məlumatı çox azdır, son prosesləri izləməyib və sair. 

İnkişaf etmiş ölkələrdə ekspertlər dövlət səviyyəsində yetişdirilir, təlimatlandırılır, ofislə, maliyyə ilə təmin edilir və onlar da dövlətin konkret hansısa sahəsi üzrə media üçün ekspertlik edirlər. İkinci bir variant odur ki, konkret sahə üzrə tam yetişmiş, savadlı, ekspertlik etdiyi sahəni mükəmməl bilən, detallardan xəbəri olan şəxs maliyyə imkanları normal olan TV, qəzet, saytla əməkdaşlıq müqaviləsi bağlayır və müəyyən məbləğ qarşılığında onlara ekspertlik edir. Amma Azərbaycanda bu variant alınan iş deyil, çünki medianın maliyyə imkanları məhduddur. 

Bizdə yaxşı olar ki, dövlət strateji beyin mərkəzləri formalaşdırsın və orada konkret sahələr üzrə ekspertlər yetişdirilsin. Həmin ekspertləri jurnalistlər arasından da seçmək olar. Amma bu zaman da media öz savadlı redaktorlarını itirmiş olacaq, bunu da nəzərə almaq lazımdır. Onsuz da indi savadlı ekspert qıtlığı ilə yanaşı, savadlı, prosesləri bilən, öz üzərində işləyən redaktorların da sayı çox azdır. Onlar da öz fəaliyyətini ekspert kimi davam etdirsələr, o zaman da redaktor qıtlığı yaranacaq”.

Şəymən

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb