Premyer Liqa: “Araz-Naxçıvan” -“Şəfa” oyununda qalib müəyyənləşmədi

Azərbaycan Premyer Liqasının “Zəfər turu” adlandırılan XI turunda “Araz-Naxçıvan” “Şəfa”nı qəbul edib.

Teleqraf xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə meydan sahiblərinin qollarını Bafode Dansoko (6-cı dəqiqə) və Arsen Ağcabəyov (39-cu dəqiqə) vurublar.

Qonaqların heyətində isə Ağadadaş Salyanski (35-ci dəqiqə) və Mohamed Mara (43-cü dəqiqə) fərqləniblər.

Bu nəticədən sonra Zaur Həşimovun rəhbərlik etdiyi “Şəfa” 5 xalla 11-ci pillədə qərarlaşıb.

Hələ qələbəsi olmayan Yuri Maksimovun “Araz-Naxçıvan”ı isə 4 xalla sonuncu – 12-ci pillədədir.

Qeyd edək ki, günün növbəti matçında “Zirə” “Qəbələ”ni qəbul edəcək. Zirə Olimpiya Kompleksinin stadionunda keçiriləcək görüş saat 18:30-da start götürəcək.