"Ona görə də Türkiyə, Körfəz ölkələri və Pakistan tərəflərin problemlərini danışıqlar yolu ilə həll etməyə can atır”
İran ABŞ və İsrail arasında aprelin 8-də elan edilən 2 həftəlik atəşkəs müharibənin bitdiyinə dair ümidləri artırdı. Lakin həmin ayın 11-12-də keçirilən danışıqlar nüvə proqramı və Hörmüz boğazı ətrafında düyünlənən məsələlərə görə yaranmış gözləntiləri puça çıxardı.
ABŞ atəşkəsə yalnız Hörmüz boğazının açılması halında, razılıq verəcəyini bildirmişdi. İlk başda, İranın xarici işlər naziri, boğazın açıldığını bildirsə də, SEPAH Hörmüz üzərində hərbi nəzarəti ələ keçirdi. Sanki tərəflər arasında havada başlayan toqquşma, başqa formada dənizdə davam edir. Hazırda Fars körfəzindəki gərginlik Hörmüzdə gəmiçiliyin dayanmasına səbəb olub. ABŞ və İran rəsmilərinin fərqli fikirlər səsləndirməsi, atəşkəsin taleyinin necə olacağını müəyyən etməyə imkan vermir. İran Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan edib ki, ABŞ ilə münaqişənin həlli üzrə yeni danışıqlarda iştirak nəzərdə tutulmur. ABŞ prezidenti Donald Tramp isə İran rəsmilərindən fərqli olaraq, saziş üçün yaxşı şansın olduğunu vurğulayıb.
Mövzu ilə bağlı politoloq Elşad Həsənov Sherg.az-a bildirib ki, ABŞ, İsrail - İran arasında atəşkəs elan edilsə də, bu razılaşmanın uzunmüddətli olub-olmayacağı şübhə altındadır:
“ABŞ prezidentinin sülh sazişinin imzalanmasına qısa müddət qaldığını bildirməsi, mövcud vəziyytətlə üst-üstə düşmür. Qarşı tərəfin verdiyi açıqlamalar optimist bəyanatları təkzib edir. Atəşkəs elan olunan kimi, hər iki tərəfin daha yumşaq və sülhyönümlü açıqlamalar verəcəyini gözləyirdik”.
Politoloqun sözlərinə görə, nüvə proqramı və Hörmüz boğazı ətrafında cərəyan edən proseslər daranmamış saç kimi dolaşıq və mürəkkəb hal alıb:
“Tramp İranın zənginləşdirilmiş uran ehtiyatlarını verməyə razı olduğunu iddia etməklə, İran rəsmilərinin adından əsassız açıqlamalar verir. Onun bəyanatından sonra Məsud Pezeşkian insani prinsiplər baxımından, zənginləşdirilmiş uran fəaliyyətlərinin onların təbii hüququ olduğunu vurğuladı”.
E.Həsənov vurğulayıb ki, tərəflər arasında yaranan polemika, konfiliktin mərkəzində dayanan nüvə proqramının hələ də öz həllini tapmadığını ortaya qoyur:
“Yadınızdadırsa, İslamabadda baş tutan birinci danışıqlarda, ABŞ İrandan 20 il müddətinə nüvə proqramını dayandırmağı tələb etmişdi. İran tərəfi bu müddətin yalnız 5 il olması şərti ilə razılaşacağını bəyan etdi. Müşahidələrimə görə hər iki tərəf mövcud vəziyyəti nəzərə alaraq yenidən danışıqlar masasında əyləşəcək”.
Analitikin müşahidələrinə görə ABŞ Konqresinin basqısı altında qalan Tramp, ikinci dəfə İrana hücum etməyi gözə ala bilməz:
“İran isə daxili iğtişaşlardan sonra baş verən müharibədə kütləvi itkilər verdiyi üçün yeni hücum dalğasına tab gətirməyin çətin olacağını yaxşı anlayır. Böyük ehtimalla, İran nüvə proqramının 10 il müddətinə dayandırılmasına razılıq verəcək. İkinci görüşdə də ortaq yol tapa bilməsələr, atəşkəsin müddətini uzadacaqlar”.
E.Həsənov, danışıqların son ümid yeri olduğunu bildirib:
“Əgər tərəflər arasında müharibə ocağı yenidən alovlansa, digər ölkələrə də sıçrayacaq. Ona görə də Türkiyə, Körfəz ölkələri və Pakistan tərəflərin problemlərini danışıqlar yolu ilə həll etməyə can atır”.