Firavan gələcəyə açılan yol: Şanlı və şərəfli TARİX

Azərbaycançılıq ideyasının təbliği:
Azərbaycan dövləti öz tarixinin şərəfli bir dövrünü yaşayır
15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu
  Hər bir xalqın vahid məram və məqsəd ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi, ilk növbədə, milli ideologiya ilə sıx bağlıdır. Yəni milli ideologiya hər bir xalqın tarixi inkişaf yolundan xəbər verən bələdçidir. Cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyasına xidmət etməklə yanaşı, hərtərəfli tərəqqinin vacib amilidir. Bu baxımdan, azərbaycançılıq müstəqil Azərbaycan dövlətinin və xalqımızın milli ideologiyasıdır. Azərbaycançılığın əsasında Azərbaycanı özünə Vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyası dayanır. Azərbaycançılıq milli dövlət ideologiyası kimi Azərbaycan Respublikasının Konstitusiya əsaslarına söykənən, Azərbaycan Respublikasının müstəqilliyinə, onun hüquqi və demokratik dövlət kimi inkişafına və milli təhlükəsizliyinin qorunmasına xidmət edən dəyərlər sistemidir. Azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz tarixi xidmətidir. Ulu Öndər Heydər Əliyev hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışırdı. Müstəqilliyin ilk illərində respublikamızda dərin böhranın yaranması Azərbaycanı müstəqil dövlət kimi parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir şəraitdə Azərbaycan xalqı nicat yolunu Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtmasında görürdü. Ulu Öndər 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi, bununla da Azərbaycanın xilasının təməli qoyuldu və 15 iyun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.
 Qurtuluş məfkurəsi, ilk növbədə, ölkədə milli birliyə və həmrəyliyə söykənirdi. Bunun siyasi-ideoloji əsasını isə yalnız azərbaycançılıq ideyası təşkil edə bilərdi və Ulu Öndər böyük uzaqgörənliklə bu ideyanı Azərbaycanın milli dövlətçilik ideologiyasına çevirmək xəttini götürdü.
  15 iyun 1993-cü ilin müasir Azərbaycan dövlətinin tarixində xüsusi yeri var. Hər il xalqımız 15 İyun - Milli Qurtuluş Gününü əziz bayram kimi qeyd edir. Bugünkü əmin-amanlıq, sabitlik, iqtisadi inkişaf üçün böyük fədakarlıqlar göstərən Ulu Öndər Heydər Əliyev xalqımızın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdaraq ömrünü bütövlükdə doğma Azərbaycanımızın çiçəklənməsinə, mənsub olduğu xalqın inkişafına sərf edib. Bütün varlığı ilə sevdiyi Vətənini, xalqını, onun dövlətçiliyini tarixin çox çətin sınaq və imtahanlarından böyük məharətlə çıxarıb. Minilliklərin tarixini yekunlaşdırıb, Azərbaycan xalqının salnaməsini öz dəst-xətti ilə tamamlayaraq, dünya dövlətləri cərgəsində özünün qurub yaratdığı şah əsəri olan müstəqil Azərbaycan dövlətinə yaşamaq, əbədi var olmaq hüququ verib. Müstəqilliyimizin əbədiliyinin təmin olunmasının, milli dövlətçiliyimizin qurulmasının təməli 1993-cü ilin iyunundan başlayır. Ümummilli Liderin dövlətçilik təcrübəsi, düzgün seçim strategiyası və bunun fonunda atdığı zəruri addımlar sayəsində ölkədə hökm sürən dağıdıcı proseslər mərhələli şəkildə aradan qaldırıldı. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. İyunun 24-də prezidentin səlahiyyətlərini həyata keçirməyə başlayan Ulu Öndər oktyabrın 3-də ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər ölkənin və xalqın ən ağır vaxtında hakimiyyətə gəlişi ilə tarixi bir missiyanı, Azərbaycanı, dövlətçiliyi, müstəqilliyi, milli ideologiyanı daxili və xarici düşmənlərin caynağından özünün fitri istedadı, dərin zəkası, qətiyyəti, uzaqgörənliyi ilə qurtardı. Konkret olaraq, kimsə Azərbaycanın dövlətçiliyinə xəyanət edəcəksə, son damla qanına qədər onunla mübarizə aparacağını qətiyyətlə bəyan etdi. O, xalqı qardaş qırğınından, vətəndaş müharibəsindən, ölkəni separatçılıqdan və real parçalanma təhlükəsindən, xalq təsərrüfatını dağılmaqdan xilas etdi, müharibədə atəşkəsə nail oldu. Azərbaycanın müstəqilliyini möhkəmləndirməklə, onun güclü dövlətçilik xəttini, siyasi-iqtisadi əsaslarını yaratdı, azərbaycançılığın ümummilli ideya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətidir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində çox böyük və məqsədyönlü addımlar atıldı. Ölkənin sosial-iqtisadi inkişaf xəttini müəyyən edən bir çox irimiqyaslı konsepsiya, strategiya və proqramlar qəbul edildi. Bu sənədlər ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafını təmin etmək üçün zəmin yaratdı. Ümummilli Lider Heydər Əliyevin müdrikliyi və siyasi uzaqgörənliyinin zirvəsi onun özündən sonra siyasi kursunu hamıdan yaxşı davam etdirərək, Azərbaycanın müstəqilliyini hamıdan yaxşı qoruya biləcək, dövlətimizin inkişafını hamıdan yaxşı təmin edəcək yeni dövrün liderini - İlham Əliyevi yetişdirməsi olub.
Bu gün ölkəmiz öz müstəqillik tarixinin ən şərəfli dövrünü yaşayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə siyasi, iqtisadi və sosial baxımdan Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edib. Qüdrətli və güclü dövlətə çevrilən Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkəsi olub. Dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın gördü. Prezident İlham Əliyev müqəddəs bir vəzifəni - Azərbaycanın ərazi bütövlüyünü bərpa edərək adını tarixə qızıl hərflərlə yazdı. Zəfər Paradı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun, dövlətinin gücünün göstəricisi, xalqın çoxdan arzuladığı tarixi bir hadisənin təsdiqi oldu. Azərbaycanın sarsılmaz, məğlubedilməz bir ölkə olduğunu bütün dünyaya sübut etdi. Bu müqəddəs yolun, bu şərəfli missiyanın bünövrəsi 15 İyun - Milli Qurtuluş Günündən başlayıb.
  Deputat Sevinc Fətəliyeva deyib ki, Ulu Öndər Heydər Əliyev xilaskarlıq missiyasını yerinə yetirərək bütün təhlükələri dəf etdi və müstəqilliyimizin dönməzliyi təmin olundu. Bu səbəbdən də 15 iyun tarixi haqlı olaraq tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu: "Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması və onun gerçəkləşdirilməsi də məhz Ulu Öndər Heydər Əliyev tərəfindən işlənib hazırlanan və müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının əsasını təşkil edən neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür. Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısına və təşəbbüskarına çevrildi. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Heydər Əliyev dühasının bəhrələri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi". Millət vəkili deyib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ötən illər ərzində daha da güclənib, dünyada nüfuzlu dövlətə çevrilib: “2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuz 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızı azad etdi, işğalçı ordu məğlub oldu. Bu qələbə tariximizə qızıl hərflərlə yazıldı. Təbii ki, bu qələbədə xalq və cəmiyyət olaraq birliyimiz və həmrəyliyimiz də mühüm rol oynadı. Beləliklə, Ulu Öndər Heydər Əliyevin xaos və anarxiyadan, dövlətçiliyin itirilməsi təhlükəsindən xilas edib dinamik islahatlar yoluna çıxardığı Azərbaycan hazırda onun layiqli davamçısı - Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilib. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Ümummilli Liderin qurduğu dünyəvi Azərbaycan dövləti öz tarixinin yüksəlişlə müşayiət olunan şərəfli bir dövrünü yaşayır".