Tehranın cavab zərbəsi qaçılmaz görünür - Politoloqdan PROQNOZ

  • Ukrayna İranı qarşısına almaqla ən böyük strateji səhvini etdi
  • Tofiq Abbasov: Kiyevin son addımı qlobal qarşıdurmanın başlanğıcı ola bilər

Dünya müstəvisində cərəyan edən münaqişələr hər keçən gün daha təhlükəli forma qazanır. Ötən gün Ukrayna Silahlı Qüvvələri İranın Xəzər dənizindəki ticarət gəmisinə hücum edib. Bir nəfərin ölümü ilə nəticələnən bu insident rəsmi Tehran tərəfindən kəskin etirazla qarşılanıb. İranın xarici işlər naziri Abbas Əraqçi hücumu cavabsız qoymayacaqlarını bəyan edib.

Tərəflərin hadisə ilə bağlı fikirləri fərqli müstəvidə formalaşıb. Ukrayna tərəfi, gəminin İranla Rusiya arasında hərbi yüklərin daşınması üçün istifadə edildiyini iddia etsə də, Tehran onun yalnız mülki ticarət gəmisi olduğunu vurğulayır. İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi bildirib ki, Ukrayna da tezliklə İranın heç bir addımı cavabsız qoymadığını anlayacaq. Tərəflər arasında diplomatik təmaslar can vermə mərhələsindədir. 

Mövzu ilə bağlı politoloq Tofiq Abbasov Sherg.az-a bildirib ki, bu insident çox təhlükəli tendensiyanın başlanğıcıdır:

“Ukraynanın hücumu əsasında, iki böyük müharibə arasında fiziki bağlılıq yarandı. Onsuz da, Ukrayna və İranın iştirakı olan qarşıdurmalar böyük senarinin tərkib hissələridir. Münaqişənin genişlənməsi bəzi qüvvələrin maraqlarına tam cavab verir. Görünür, onlar məqsədlərinə çatacaqlar. Proses lokal çərçivədən çıxaraq, qlobal miqyas almağa başlayır. İran tərəfi Kiyevin bu addımının arxasında İsrailin olduğunu düşünür. Kiyev isə həmin gəmi vasitəsilə, Rusiyaya silah-sursat daşındığını iddia edir. Artıq zərbənin arxasında kimin dayandığı ikinci dərəcəli məsələdir. Həqiqət odur ki, iki fərqli müharibə cəbhəsi vahid zəncirdə kəsişir. Ümumiyyətlə, İran tərəfi özünə təhdid kimi gördüyü qüvvələrə cavab zərbələri endirməkdən heç vaxt çəkinməyib”.

Politoloqun sözlərinə görə, Kiyevin gəmini bombalamaqda əsas niyyəti, ABŞ və Qərbin tam dəstəyini qazanmaqdır:

“Ukrayna mübarizəsinin yalnız öz əraziləri ilə məhdudlaşmadığını, Aropa üçün təhdid sayılan İrana qarşı da mübarizə apardığını sübut etməyə çalışır. NATO-ya inteqrasiya və ya gələcək təhlükəsizlik zəmanətlərinin hansı tempdə inkişaf etməsindən asılı olmayaraq, Kiyev özünü Qərb təhlükəsizlik arxitekturasının ön xəttində görür. Zelenski öz imkan və bacarıqlarını həddindən artıq yüksək qiymətləndirdiyi üçün belə bir addıma əl atıb. Lakin bu gedişat Ukraynanın mövqelərinə yaxşı heç nə vəd etmir. Çünki İranın hücum potensialı çox güclüdür. İranın arsenallarında dəf olunması demək olar ki, imkansız sayılan yeni raketlər var. Əgər dünənə qədər, «Xürrəmşəhr» raketləri Tehranın ən güclü silahı sayılırdısa, artıq onları «Fəttah-1» və «Fəttah-2» kimi yeni sistemlər əvəzləyib. Bu raketlərin hava hücumundan müdafiə vasitələri ilə vurulması son dərəcə çətindir”. 

T.Abbasov qeyd edib ki, Ukrayna İranı qarşısına almaqla ən böyük strateji səhvə yol verdi:

“Onsuz da ölkə viran qalmış vəziyyətdədir. Mövcud durumda, Ukrayna üçün təsəlli sayıla biləcək yeganə məqam, İranın zərbə taktikasıdır. SEPAH, ABŞ və İsrail ordusundan fərqli olaraq, əhalinin yaşadığı əraziləri hədəf almır. Böyük ehtimalla, Tehran Kiyevə göz dağı vermək üçün məhz hərbi obyektləri bombalayacaq. Ukraynanın riskli addımı, böyük fəlakətlə nəticələnə biləcək yeni cəbhənin açılmasına rəvac verir. Onsuz da gərgin olan Kiyev-Tehran münasibətlərində son diplomatik körpülər də yanmaq üzrədir. Ukrayna bugünədək Tehranı Moskvanı silah-sursatla təchiz etməkdə ittiham edirdisə, indi proses bilavasitə İranın suverenliyinə təhdid müstəvisinə keçib. Belə bir vəziyyətdə Tehranın cavab həmləsi ləngiməyəcək”.

Qalereya