Mövcud şəraitdə gərginliyin davam etməsi müəyyən mənada İranda təsir imkanlarını artıran SEPAH-ın maraqlarına daha çox uyğun gəlir
Aprelin 8-dən etibarən ABŞ və İran arasında formalaşan “nə müharibə, nə də sülh” vəziyyəti hələ də davam edir. Tərəflər arasında gərginlik yüksək olaraq qalsa da, nə Vaşinqton tammiqyaslı hərbi qarşıdurmaya getmək istəyir, nə də Tehran geri addım atmağa hazır görünür.
ABŞ İranla genişmiqyaslı razılaşma əldə etməyə çalışsa da, tərəflərin əsas məsələlər üzrə mövqeləri hələ də ciddi şəkildə toqquşur. Tehran Vaşinqtonun əsas tələblərini qəbul etmir, eyni zamanda özü də sərt şərtlər irəli sürür. Bu səbəbdən yaxın perspektivdə münasibətlərin normallaşacağı və ya yekun razılaşmanın əldə olunacağı inandırıcı görünmür.
Bunun fonunda İran tərəfindən verilən son açıqlamalar regionda hərbi eskalasiya riskinin hələ də gündəmdə qaldığını göstərir. İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şikarçi bildirib ki, mümkün yeni müharibə halında İranın cavabı əvvəlkilərdən daha sərt olacaq. Onun sözlərinə görə, ABŞ və ya İsrail tərəfindən hücum olarsa, İran əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə qarşı “sürpriz və yeni taktikalardan” istifadə edəcək. Şikarçi eyni zamanda mümkün müharibənin təkcə Yaxın Şərqlə məhdudlaşmayacağına da eyham vurub. O bildirib ki, İranın neft ixracına maneə yaradılacağı təqdirdə Tehran da qarşı tərəfə analoji cavab verəcək. Bu isə regionda enerji təhlükəsizliyi və qlobal bazarlar baxımından yeni risklərin yarandığını göstərir.
Mövzunu şərh edən siyasi ekspert Asif Nərimanlı Sherg.az-a açıqlamasında ABŞ ilə İran arasında davam edən danışıqlar fonunda hərbi ritorikanın yenidən sərtləşməsinin təsadüfi olmadığını deyib. Onun sözlərinə görə, tərəflər bunu bir-birinə qarşı siyasi təzyiq aləti kimi istifadə edirlər:
“İranın “müharibəyə hazırıq” mesajları Vaşinqtona yönəlmiş açıq xəbərdarlıq xarakteri daşıyır. Tehran bu bəyanatlarla ABŞ-ə mesaj verir ki, danışıqlar masasında İrana qarşı təzyiq və ultimatum dili işlətməyə çalışmasın. İran göstərmək istəyir ki, mümkün hərbi ssenariyə hazırdır və cavabı əvvəlkilərdən daha sərt ola bilər. Oxşar taktikanı ABŞ tərəfi də tətbiq edir. Prezident Donald Trump başda olmaqla, Amerika rəsmilərinin “İran razılaşmasa daha ağır zərbələr endiriləcək” tipli açıqlamaları da eyni məqsədə xidmət edir. Hər iki tərəf hərbi ritorikadan diplomatik prosesdə üstünlük qazanmaq və qarşı tərəfi daha çox güzəştə məcbur etmək üçün istifadə edir”. Ekspertin fikrincə, hazırda Vaşinqton və Tehran arasında tammiqyaslı müharibədən daha çox “təzyiq diplomatiyası” mərhələsi müşahidə olunur.
A. Nərimanlı qeyd edib ki, ABŞ ilə İran arasında yenidən uzunmüddətli və genişmiqyaslı müharibənin başlaması ehtimalı hazırkı mərhələdə zəif görünür. Onun sözlərinə görə, Vaşinqton artıq anlayır ki, hərbi müdaxilə yolu ilə İranda istədiyi siyasi nəticələri əldə etmək mümkün deyil: “ABŞ nə İran daxilində rejim dəyişikliyinə nail ola bildi, nə də hərbi təzyiqlə Tehranın geri addım atmasına və tam şəkildə öz şərtlərini qəbul etdirməsinə müvəffəq oldu. Bu baxımdan, uzunmüddətli müharibə ssenarisi Amerika üçün əvvəlki qədər cəlbedici görünmür. Mövcud şəraitdə gərginliyin davam etməsi müəyyən mənada İranda təsir imkanlarını artıran SEPAH-ın maraqlarına daha çox uyğun gəlir. Hazırkı vəziyyətdə təhlükəsizlik və hərbi ritorikanın güclənməsi İranda hakimiyyət daxilində sərt xətti təmsil edən qüvvələrin, xüsusilə SEPAH-ın mövqelərini daha da gücləndirir. Çünki İran rəhbərliyi də anlayır ki, uzunmüddətli müharibə ölkə iqtisadiyyatı üçün ağır nəticələr doğura bilər. Genişmiqyaslı qarşıdurmanın davam etməsi yeni iqtisadi blokada, daha sərt sanksiyalar və daxili sosial problemlərin dərinləşməsi deməkdir. Buna görə də hər iki tərəf tammiqyaslı müharibədə maraqlı deyil”.
Bununla yanaşı, siyasi ekspert lokal hərbi toqquşmalar ehtimalını da istisna etmir: “ABŞ öz təhdidlərinin real olduğunu göstərmək üçün İranın hərbi obyektlərinə və ya strateji hədəflərinə qarşı məhdud zərbələr endirə bilər. Eyni şəkildə, İran da ritorikasının blef olmadığını nümayiş etdirmək məqsədilə regiondakı Amerika hərbi bazalarından birinə raket hücumu həyata keçirə bilər. Yəni yaxın dövrdə tərəflər arasında kontrollu hərbi gərginlik və qarşılıqlı güc nümayişi davam edə bilər”.
Asif Nərimanlı İranın “müharibə regional çərçivədən kənara çıxacaq” mesajını ABŞ və müttəfiqlərinə ünvanlanmış daha genişmiqyaslı təhdid kimi qiymətləndirib. Onun sözlərinə görə, Tehran bununla mümkün qarşıdurmanın yalnız İran ərazisi və ya Yaxın Şərqlə məhdudlaşmayacağına işarə edir:
“İran daha əvvəl də müharibənin coğrafiyasını genişləndirməyə çalışaraq gərginliyi Yaxın Şərqə, xüsusilə körfəz ölkələrinə yaymağa cəhd etmişdi. Bu dəfə isə regiondan kənara çıxmaqla bağlı mesajlarda əsas hədəf kimi Avropa nəzərdə tutula bilər. Son qarşıdurmalar zamanı İranın arsenalında Avropa ərazisinə çata biləcək raketlərin olması ilə bağlı məlumatlar da gündəmə gəlmişdi: “Bu məlumatların nə dərəcədə real olduğu ayrıca müzakirə mövzusudur. Lakin Tehran bu tip mesajlarla həm ABŞ-yə, həm də Qərb blokuna göstərmək istəyir ki, mümkün müharibənin nəticələri regional sərhədləri aşa və daha geniş təhlükəsizlik böhranına çevrilə bilər”.