Qazaxıstan Xəzər Boru Kəməri Konsorsiumu (CPC) vasitəsilə Qara dəniz üzərindən xam neft ixracını yenidən bərpa edib.
Axar.az xəbər verir ki, bu barədə Rumıniyanın “Antena 3 CNN” telekanalı məlumat yayıb.
Bildirilib ki, bir həftə davam edən fasilədən sonra Rusiyanın Novorossiysk limanındakı CPC terminalında neft yükləmə əməliyyatları yenidən başlayıb və ilk tanker partiyaları dünya bazarlarına yola salınır.
Məlumata görə, CPC operatoru təhlükəsizlik şəraitinin yaxşılaşmasından sonra terminalın fəaliyyətini bərpa edib. Hazırda bir neçə tanker Novorossiysk limanında Qazaxıstan nefti ilə yüklənir, daha bir neçə gəminin isə yaxın günlərdə limana daxil olacağı gözlənilir.
Qazaxıstanın Energetika Nazirliyi də ixrac əməliyyatlarının bərpa olunduğunu təsdiqləyib. Nazirlik bildirib ki, boru kəməri sistemində yükləmə prosesinin yenidən başlaması ilə əlaqədar neft hasilatının da mərhələli şəkildə əvvəlki səviyyəyə qaytarılması planlaşdırılır.
Qeyd edək ki, son günlər Novorossiysk terminalı yaxınlığında yaranmış təhlükəsizlik riskləri səbəbindən CPC marşrutu üzrə yükləmələr müvəqqəti dayandırılmışdı.