Azyaşlıların müdafiəsi üçün sərt nəzarət başlayır - EKSPERT

  • "Yaş məhdudiyyəti formal tələb deyil, uşaqların təhlükəsizliyi üçün zərurətdir"

Azərbaycanda yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşib.

Bununla bağlı Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda edilmiş dəyişiklikləri imzalayıb.

Dəyişikliklərə əsasən, platformalar istifadəçilərin yaşının texniki üsullarla yoxlanılmasını təmin etməli, 16–18 yaşlı istifadəçilərin təhlükəsizliyi üçün əlavə qoruyucu mexanizmlər tətbiq etməli, zərərli məzmunun yayılmasının qarşısını operativ şəkildə almalı, fərdi məlumatların yalnız yaşın yoxlanılması məqsədilə istifadəsini təmin etməli və dövlət qurumlarının sorğularını müəyyən edilmiş müddətdə cavablandırmalıdır. Həmçinin yetkinlik yaşına çatmayan şəxslərin paylaşdıqları məlumatların onların və ya qanuni nümayəndələrinin müraciəti əsasında silinməsi də təmin edilməlidir.

Bu tələblərin pozulmasına görə vəzifəli şəxslər üçün 6–10 min manat, hüquqi şəxslər üçün isə 15–50 min manat məbləğində cərimələr nəzərdə tutulur. Qanun rəsmi dərc edildiyi gündən 12 ay sonra qüvvəyə minəcək.

Sherg.az xəbər verir ki, Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin üzvü Hacıbəy Heydərli yeni tələbləri uşaqların rəqəmsal təhlükəsizliyinin gücləndirilməsi və sosial şəbəkə platformalarının məsuliyyətinin artırılması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirib.

 Rəqəmsallaşmanın sürətlənməsi ilə sosial şəbəkələrin cəmiyyətin bütün təbəqələri üçün əsas ünsiyyət və informasiya məkanına çevrildiyini vurğulayan H. Heydərli bildirib ki, bu platformalardan uşaq və yeniyetmələrin istifadəsi də ildən-ilə genişlənir: 

"İnternet mühitində zərərli məzmun, kibertəzyiq, kiberbullinq, şəxsi məlumatların qanunsuz toplanması, müxtəlif psixoloji təsirlər və onlayn təhlükələr də artmaqdadır. Məhz buna görə dünyanın bir çox ölkəsində azyaşlıların rəqəmsal təhlükəsizliyini təmin etmək üçün yeni hüquqi mexanizmlər tətbiq edilir və sosial şəbəkələrin məsuliyyəti artırılır.

 Azərbaycanın da bu istiqamətdə yaşa görə sosial şəbəkə tələblərinin pozulmasına görə cərimələr müəyyənləşdirməsi qlobal çağırışlara uyğun atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Bu qərar ilk növbədə uşaqların və yeniyetmələrin hüquqlarının qorunmasına, onların internetdən təhlükəsiz istifadə etməsinə və rəqəmsal mühitdə daha sağlam inkişafına xidmət edir. Yaş məhdudiyyətlərinin tətbiqi sosial şəbəkələr üçün sadəcə formal tələb deyil. Bu, platformaların istifadəçilərin yaşını daha məsuliyyətli şəkildə yoxlamasını, azyaşlılar üçün xüsusi təhlükəsizlik mexanizmləri yaratmasını və onların qarşılaşa biləcəyi riskləri minimuma endirməsini təşviq edir. Cərimə mexanizminin mövcudluğu isə bu tələblərin real icrasını təmin edən mühüm vasitələrdən biridir. Əks halda, hüquqi öhdəliklər praktikada lazımi səviyyədə yerinə yetirilməyə bilər.

Azərbaycanda zaman-zaman "Meta" şirkətinə məxsus "Facebook" və "Instagram" platformalarında yerli xəbər resurslarının və informasiya səhifələrinin bloklanması, paylaşımların görünürlüğünün məhdudlaşdırılması, saxta və ya koordinasiyalı şikayətlər nəticəsində hesabların fəaliyyətinin dayandırılması ilə bağlı iddialar səsləndirilir. Belə hallarda qərarların əksəriyyətinin avtomatlaşdırılmış sistemlər və süni intellekt alqoritmləri vasitəsilə verilməsi, platformaların ölkədə yerli nümayəndəliyinin olmaması səbəbindən operativ izahat və ya hüquqi müdafiə imkanlarının məhdud qalması narahatlıq doğurur".

MŞ üzvü həmçinin qeyd edib ki, bu vəziyyət təkcə ayrı-ayrı istifadəçilər və media qurumları üçün deyil, həm də ölkənin informasiya təhlükəsizliyi baxımından müəyyən risklər yarada bilər:

"İctimai əhəmiyyət daşıyan məlumatların yayılmasına təsir göstərən qərarlar xarici platformalar tərəfindən qəbul edilir və həmin qərarların əsaslandırılması, onlardan şikayət verilməsi və ya məsuliyyət mexanizmləri hər zaman kifayət qədər şəffaf olmur. Nəticədə, yerli informasiya məkanına təsir imkanları genişlənir və milli maraqların qorunması ilə bağlı suallar yaranır.

Məhz bu baxımdan sosial şəbəkələrin fəaliyyətinə dair yeni hüquqi tələblərin müəyyənləşdirilməsi təkcə uşaqların qorunması məqsədi daşımır, həm də rəqəmsal platformaların məsuliyyətinin artırılmasına xidmət edir. Qanunvericilikdə nəzərdə tutulan məsuliyyət mexanizmləri sosial media şirkətlərini ölkənin hüquqi tələblərinə daha ciddi yanaşmağa, istifadəçilərin hüquqlarını qorumağa, qərarlarının əsaslandırılmasını təmin etməyə və qanunvericiliyin tələblərinə əməl etməyə təşviq edir".