Azər Allahverənov: “Sərtləşən qaydalar əməkçi miqrantları çətin vəziyyətə salır”
"Miqrasiya qaydalarının sərtləşməsi əmək fəaliyyəti ilə məşğul olanlara mənfi təsir edəcək, əziyyət çəkən təbəqə məhz əməkçi miqrantlar olacaq"
Rusiyada qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində, təxminən 6 min xarici vətəndaşın ölkədən çıxarılması barədə qərar qəbul edilib.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün “Telegram” kanalında məlumat yayıb. Onun məlumatına görə, mart ayında keçirilmiş reydlərin nəticələrinə əsasən, təxminən min cinayət işi başlanıb, həmçinin axtarışda olan 138 nəfər müəyyən edilib. Bundan əlavə, 7,7 min xarici vətəndaşın Rusiyaya girişinə qadağa qoyulması barədə qərar qəbul olunub.
Bildirilir ki, ümumilikdə, 48 minə yaxın inzibati hüquqpozma faktı qeydə alınıb. 26 mindən çox miqrant məsuliyyətə cəlb olunub.
Reydlər ölkə üzrə Daxili İşlər Nazirliyi və Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının iştirakı ilə, Rusiya Qvardiyasının dəstəyi ilə keçirilib. Nəqliyyat infrastrukturu obyektlərinin, eləcə də bazarların, anbarların, sənaye zonalarının və xarici vətəndaşların yaşadığı yerlərin yoxlanılmasına xüsusi önəm verilib. Ümumilikdə, 130 mindən çox obyekt yoxlanılıb.
Yoxlama tədbirlərdə təxminən 60 min polis əməkdaşı iştirak edib. Səmərəliliyin artırılması məqsədilə pilotsuz uçuş aparatlarından və digər müasir texniki vasitələrdən istifadə olunub.
Daxili İşlər Nazirliyinin məlumatına görə, 2025-ci ildə Rusiyadan 72 min xarici vətəndaş ölkədən çıxarılıb.
Milli Məclisin deputatı, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov “Sherg.az"a açıqlamasında son bir ildə Rusiyada əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin qalması şərtlərinin sərtləşdirildiyini xatırladıb. O, bildirib ki, bir neçə müddətdir, miqrasiya qanunvericiliyinin təkmilləşməsi ilə bağlı bu və ya digər yeniliklər barədə məlumatları gündəmə gətirilir:
“Səbəb miqrasiya sahəsində nizam-intizama nail olmaqdır. Lakin bu da antimiqrant ritorikasını gücləndirir, nəticədə yerli əhali ilə miqrantlar arasında münasibətlər gərginləşir, xüsusilə də miqrantların kompakt yaşadığı bölgələrdə. Həmçinin, miqrasiya qaydalarının sərtləşməsi Rusiyada əmək fəaliyyəti ilə məşğul olanlara mənfi təsir edir. Birmənalı şəkildə deyə bilərik ki, miqrasiya qaydalarının sərtləşməsi əmək fəaliyyəti ilə məşğul olanlara mənfi təsir edəcək, əziyyət çəkən təbəqə məhz əməkçi miqrantlar olacaq. Çünki Rusiya vətəndaşlığı alanlara bu qaydalar şamil edilmir. Qaydaların sərtləşməsi məhz əməkçi miqrantlara hesablanıb. Yeni qaydalara görə xarici ölkə vətəndaşları qeydiyyat üçün müraciət etməlidirlər. Əgər onların Rusiya ərazisində qalmağa hər hansı əsasları varsa, o zaman şəxsin leqallaşdırılması baş verir, ona ölkə ərazisində qalmağa icazə verilir, əsas olmadıqda isə deport edilirlər. Rusiya ərazisində qeyri-qanuni yaşayanlar çoxdur. Rusiya hökuməti də zaman-zaman miqrasiya qanunvericiliyini təkmilləşdirmək və sərtləşdirməkdə, miqrantlara, ümumiyyətlə, miqrasiya məsələlərinə dövlət nəzarətinin güclənməsində maraqlıdır. Təkcə azərbaycanlı miqrantlara qarşı deyil sərtlik, ümumən qanunsuz miqrasiyaya qarşıdır”.