20 Yanvar tariximizə hüzn, qeyrət, namus günü kimi daxil olub"






"70 il "qardaşlıq” adlı ailədə yaşadığımızı düşünürdük. 20 Yanvar faciəsindən sonra SSRİ tərkibində "qardaşlığ”ın saxta, süni düşüncə olduğunu anladıq”.

Bunu "Sherg.az”a 20 Yanvar faciəsi haqqında danışarkən Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli söyləyib. 

O vurğulayıb ki, 1990-ci ildə Azərbaycan xalqının başına gətirilən faciədən sonra sovet ideologiyası tamamilə mahiyyətini itirdi:

"İmperiya Azərbaycan xalqının gözündə öldü. 70 il keçməsinə baxmayaraq 20 Yanvar hadisəsi 20 aprel işğalının nəticəsi oldu. Bu quruluşa, ideologiyaya xalqın nifrətini ortaya qoyan sonuncu damla da məhz 20 Yanvar faciəsi oldu. 1990-ci il yanvar ayının əvvəlində Azərbaycanda olan nümayəndə heyəti yanvarın 6-da Gəncəyə məxfi gəlmiş SSRİ hərbi naziri Yazov tərəfindən qəbul edilir. Azərbaycana qarşı əməliyyat da məhz bu zaman hazırlanır. 

Bu plan dövlətimizə münasibətin göstəricisi idi. Azərbaycan xalqının mübarizə əzmini qırmaq, azadlıq tutqusundan döndürmək üçün bəhanə lazım idi. Bəhanə isə ermənilərin Qarabağdakı özbaşınalıqlarına xalqımızın etiraz etməsi oldu. Sumqayıt hadisələri və Bakıda guya ermənilərin öldürülməsi söz-söhbətləri yanvarın 19-dan 20-nə keçən gecə 11-ci Qızıl Ordunun Azərbaycan xalqının üzərinə atəş açmasına səbəb oldu. Bu o ordu idi ki, azərbaycanlılar onun tərkibində vuruşaraq faşizm üzərində qələbə qazanmışdı. 

77-ci alayın bütün üzvləri Berlinə qədər gedib çatmışdı. Azərbaycanlı alim Yusif Məmmədəliyevin yüksək oktanlı benzini ixtira etməsi ilə "Katyuşa” silahının hazırlanması, SSRİ ordusunun tanklarının Azərbaycan yanacağı ilə təchiz olunması, İkinci Dünya Müharibəsində qəhrəmanlıq göstərən, qurban gedən insanlarımız unuduldu. Həmin Qızıl Odunun Azərbaycana silah qaldırması, 20 Yanvarı hüzn günü kimi qan yaddaşımıza yazdı.

Tək 20 Yanvar hadisəsi deyil. Dağlıq Qarabağ münaqişəsinin başlanmasından sonra torpaqlarımızın işğalı, Xocalı faciəsi, XX əsrin əvvəllərində xalqımıza qarşı soyqırımları 200 illik rus, xristian ağuşuna sığınmış erməni məkrlərinin siyasətidir. 

Bu qüvvələr dövlətimizi parçalamaq istəyirlər, biz dayanırıq, qurban veririk. Milli ruhumuzu sarsıtmağa çalışırlar, tankın qabağına yürüyüb, imkan vermirik. Azadlığımızı əlimizdən almağa çalışırlar, böyük dövlətlərin məngənəsində sıxılırıq, dözürük, amma məhv olmuruq. Bu baxımdan 20 Yanvar hüzn günü, qeyrət, namus, ləyaqət günü kimi tariximizə daxil olub. Şəhidlərimizin ruhu şaddır ki, Azərbaycan müstəqildir, regionun ən güclü dövlətidir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Aysel Aslan