"Bu müəllimlər ərizələrini yazıb, işdən çıxacaqlar" - Açıqlama






"Diaqnostik qiymətləndirmə peşə-ixtisas müəssisələrində çalışan müəllimlərə də şamil edildi”.

Bu barədə "Sherg.az”a peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin dərs yükünün və əməkhaqlarının, idarəetmə və təlim fəaliyyəti ilə məşğul olan işçilərin əməkhaqlarının artırılmasından danışarkən təhsil eksperti Nabatəli Qulamoğlu bildirib. 

O qeyd edib ki, maaşlarda artım təxmini 30 faizdən çox olacaq:

"Əslində maaşların artması elə də yüksək göstərici deyil. Ölkədəki inflyasiya göstəricisi maaşların bu qədər artımının kifayət etmədiyini göz önünə sərir.

Ölkədə müəllimlər çox deyil. Çünki şagirdlərə nisbətdə müəllimin sayı nəzərə alınmalıdır. 1 müəllimə təxmini 17-18 şagird düşür. Kadr problemi Təhsil Nazirliyində başlıca problemlərdən biridir. Diaqnostik qiymətləndirmə aparılır, müəllimlərin biliyinin tutduğu vəzifələrə uyğun olub-olmadığı yoxlanır. Bir neçə ildən sonra yenidən imtahanlar keçirildikdə müəllimin biliyində irəliləyiş yoxdursa, müəllim ərizəsini yazıb, işdən çıxır. 

Bu, çox müsbət və şəffaf prosesdir. Hansı müəllimin istedadı varsa, vakant yerə imtahan verib, işə qəbul oluna bilər. Diaqnostik qiymətləndirmənin tətbiqinin digər müsbət cəhəti yaşı 63-ə çatmış müəllimlərin təqaüdə çıxmasıdır. Bu yolla da müəllimlərin sayı tənzimlənir”.

Qeyd edək ki, dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılıb.

Aysel Aslan