Nazarbayev mənzərəni aydınlaşdırır

İndi tamamilə Rusiyadan asılı Mərkəzi Asiya ölkəsi yoxdur
Qazaxıstan prezidentinin ABŞ-a səfəri bir növ ölkənin xarici siyasət prioritetinin açıqlanmasıdır



Xəbər verdiyimiz kimi, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Amerika Birləşmiş Ştatlarına rəsmi səfər edib. Səfər zamanı Nazarbayev amerikalı həmkarı Donald Trampla görüşüb və bir neçə milyard dollarlıq sazişlər imzalayıb. Nazarbayev Qazaxıstanın bu ölkədən 7,5 milyard dollarlıq məhsul almağa hazır olduğunu bildirib.

Tramp isə öz növbəsində Qazaxıstana ixracatın Birləşmiş Ştatlara iş yerlərini artırmaqda yardım edəcəyini vurğulayıb. Qazaxıstan liderinin mətbuat xidməti səfər çərçivəsində 20-dən çox sazişin imzalandığı barədə məlumat yayıb. Xarici KİV-lərdə yer alan xəbərlərə görə, liderlərin görüşündə iqtisadi sazişlərlə yanaşı, siyasi məsələlər, o cümlədən müasir beynəlxalq böhranlar fonunda Moskva və Vaşinqtonun münasibətlərində yaranan problemlər ətrafında fikir mübadiləsi aparılıb. Nazarbayev və Tramp ikitərəfli əlaqələri də müzakirə ediblər. Nazarbayev bəyan edib ki, Qazaxıstan ölkəyə səfər edən Amerika vətəndaşları üçün vizasız rejim tətbiq edib və adekvat addıma ümid bəsləyir. Səfəri dəyərləndirən ekspertlərə görə, Nazarbayevin ABŞ yolçuluğu Rusiya rəhbərliyində ciddi qıcıq yaradıb. Lakin onların fikrincə, artıq Moskva keçmişdəki kimi MDB ölkələrinə təzyiq gücünə sahib deyil.


Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq İlqar Vəlizadə deyib ki, Mərkəzi Asiya ölkələrinin siyasətinə nəzərə salsaq, artıq 1990-cı illərin mənzərəsinə şahid olmayacağıq. Ekspertin sözlərinə görə, indi tamamilə Rusiyadan asılı Mərkəzi Asiya ölkəsi yoxdur: 

"Belə təsəvvür keçmişə məxsusdur, indi proseslər başqa məcraya yönəlib. Nazarbayevin timsalında bunu aydın görə bilərik. Son illər ərzində Qazaxıstanda həm daxili, həm də xarici siyasətdə çox mühüm addımlar atılıb. Bu da ölkənin müstəqil siyasət apardığından xəbər verir. Qazaxıstanın latın əlifbasına keçməsi də bunun bariz nümunəsidir. Bunun özü Moskvada qıcıq yaratmağa kifayət edir. Nəzərə alaq ki, Türkiyə bir müddət əvvəl Rusiya ilə gərgin münasibətlər yaşasa da, Qazaxıstan qardaş ölkə ilə əlaqələri daha da sıxlaşdırdı. Hətta iki ölkənin liderlərini barışdırmağa cəhd etdi və Azərbaycanın iştirakı ilə buna nail oldu. Qazaxıstan Yaxın Şərqdə gedən proseslərə də müdaxilə edərək Astana prosesinin başlanğıcını qoydu. Ölkə dialoq məkanına çevrildi. Xatırlayırsızsa, Ermənistan Avrasiya İttifaqına daxil olanda Qazaxıstan şərt qoydu ki, İrəvan öz əraziləri çərçivəsində quruma daxil olduğunu etiraf etməlidir. 

Bu da çox mühüm və cəsarətli bir davranış idi. Çox güman ki, bu addım da Rusiyanın qətiyyən xoşuna gəlməmişdi”. 

Politoloq bildirib ki, Nazarbayevin ABŞ-a səfəri müstəqil siyasət yeritmək baxımından olduqca səciyyəvidir: 

"Səfər bir növ ölkənin xarici siyasət prioritetinin açıqlanmasıdır. Nazarbayev göstərmək istəyir ki, Amerika Qazaxıstan üçün mühüm tərəfdaşdır. Maraqlıdır ki, səfər zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov bəyanat verdi və bildirdi ki, "5+1” formatında, yəni 5 mərkəzi ölkəsi ilə ABŞ arasında baş tutan dialoq çox təhlükəlidir. Bu açıqlama həm də Mərkəzi Asiya ölkələri üçün bir xəbərdarlıqdır. Ancaq bu, gecikmiş xəbərdarlıqdır. Artıq 2015-ci ildən bu cür formatlar gündəmdədir və reallaşmaqdadır”.

İsmayıl