"Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu şagirdləri də çaş-baş salıb"





"Bir şəxsin təklifi ilə dəyişdirilən hər hansı söz bütün ölkəyə təsir göstərir”.

Bu barədə "Sherg.az”a "Azərbaycan dilinin orfoqrafiya qaydaları”ndakı yeniliklərlə bağlı danışarkən danışarkən təhsil eksperti Elxan Eyyubov bildirib. 

O qeyd edib ki, söz nitqimizin ehtiyacını ödəyirsə, onu dəyişməyə lüzum yoxdur:

"Zərurət olmadığı halda dəyişdirilən hər hansı söz idarələrdə, təhsil müəssisələrində, məktəblərdə bütün gündəlik həyatımızda öz təsirini göstərir. Bəzi dəyişikliklər müəyyən şəxslərin maraqlarına xidmət edir.

Əskər, əskinas, İskəndər, işkəncə və s. tipli sözlər uzun müddət belə yazıldı. Sonradan dəyişdirildi və "k"-lar "g"kimi yazıldı. Hazırkı dəyişiklik isə lazım deyil. Çox sözlərdə cüzi dəyişikliklər edilib. Halbuki, bu cüzi dəyişikliklərə görə şagirdlər, müəllimlər, publisistlər - hər kəs çaş-baş qalıb.

Stress, ssenari, ekspress kimi sözlər bir "s" ilə yazılsa, daha məqsədəuyğundur. Çünki bu sözləri tələffüzə uyğunlaşdırmalıyıq. Bir məsələ də odur ki, dilimizdə çox sözlərin tələffüzü və yazılışı arasında böyük fərq var. Lüğətlərin tez-tez dəyişdirilməsi şagirdlərin marağını da azaldır.

"İlə" bağlayıcısı iki formada yazılır: həm sözə bitişik, həm də ayrı. Amma sözdən ayrı yazılanda sanki tələffüzdə ağırlıq yaranır. Ona görə, bu bağlayıcının bir qayda olaraq, bitişik yazılması daha məqsədəuyğundur. Ümumiyyətlə, bu cür hissəciklər zamanla şəkilçiləşməyə doğru getməlidir. "Mı” ədatı hər zaman sözə bitişik yazılıb, tək istisna olaraq "da, də” bağlayıcılarından sonra ayrı yazılır. Belə istisnalar dili ağırlaşdırır, dil öyrəncilərində çaşqınlıq yaradır. Bir qayda tətbiq etməyə ehtiyac var”.

Qeyd edək ki, "Azərbaycan dilinin orfoqrafiya qaydaları” layihəsini Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və AMEA Nəsimi adına Dilçilik İnstitutu hazırlayıb. Layihə Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 28 dekabr 2017-ci il tarixində keçirilən iclasında müzakirə olunub və çap üçün tövsiyə edilib.

Aysel Aslan