Politoloq etiraz edir

“BMT Təhlükəsizlik Şurasında mütləq bir türk və ya müsəlman dövləti daimi üzvlük statusu almalıdır"


Zaman-zaman siyasətçilər tərəfindən dünyanın taleyinin BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvünün əlində olduğuna dair müəyyən iddialar səslənir. Yəni bu ölkələrə necə sərf edirsə, dünyanı da eləcə idarə edirlər. Ən çox narazılıq doğuran isə hazırda BMT Təhlükəsizlik Şurasının tərkibində müsəlman ölkəsinin təmsil olunmaması ilə bağlıdır.

Bu məsələyə toxunan politoloqlar hər zaman BMT Təhlükəsizlik Şurasında ciddi dəyişikliklərin olmasını və Şuranın daimi üzvlərinin sayının artırılmasını təklif edirlər. Politoloqların fikrincə, bu təşkilat dünyada sülhü, əmin-amanlığı qoruyursa, orada bütün qitələrin, fərqli sivilizasiyaların nümayəndələri olmalıdır. Qeyd edək ki, Təhlükəsizlik Şurasına müvəqqəti üzvlər seçilsə də, bu üzvlərin rolu o qədər də əhəmiyyətli olmur.

Bu dəfə isə bu məsələ ilə bağlı öz iradını politoloq Nəzakət Məmmədova bildirib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasında mütləq bir türk və ya müsəlman dövləti daimi üzvlük statusu almalıdır: 

"İslam və türk sivilizasiyasını gözardı etməklə dünya düzəni qurmaq olmaz, qurulsa da, bu düzən uzun sürməz. Əsrlər boyu bəşəriyyətə töhfələr vermiş, dünya nizamını şəkilləndirmiş bu sivilizasiyalara ikinci dərəcəli kimi yanaşıb dünya nizamından kənarda saxlamaq olmaz. 

Fransa oradan getməlidir. Anlamıram, İkinci Dünya müharibəsində Almaniyanın işğal etdiyi bir dövlət nə haqla bu müharibədən sonra qalib dövlətlər tərəfindən yaradılmış, üstəlik, müstəmləkəçi bir dövlət bu sistemin mötəbər təşkilatında daimi üzv olur?! Üstəlik, Fransada Müqavimət Hərəkatı ilə yanaşı, faşistyönümlü Vişi hökuməti də var idi. 

Odur ki, Fransa faşizmə qarşı mübarizə aparması ilə tam olaraq oyünə bilməz. Dünyada Təhlükəsizlik Şurasına daimi üzv olmağa layiq çox dövlətlər var: Türkiyə, Almaniya, Braziliya, Hindistan. Əgər nüvə silahına malik olmaq əsasında daimi üzvlük təsbit olunubsa, Pakistan niyə olmasın?! O, nüvə silahı olan tək islam ölkəsidir və bizim böyük dostumuzdur".

Şəymən