İlham Əliyevin müxtəlif dövlətlərə müntəzəm və ardıcıl səfərləri həm ölkəmizin dünyaya inteqrasiyasını təmin edir, həm də milli maraqların təmin olunmasına xidmət edir
Azərbaycan Şimal-Cənub nəqliyyat qovşağında, eyni zamanda Qərb-Şərq nəqliyyat qovşağında yerləşir. Təbii ki, bu da balans siyasətinin saxlanılmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Azərbaycan dövləti hər bir halda öz vətəndaşını və milli maraqlarını nəzərə alaraq xarici siyasət həyata keçirir. Ən əsası isə çoxvektorlu siyasət aparır. Son dövrlər dövlət başçısı İlham Əliyevin müxtəlif bölgələrdə yerləşən xarici ölkələrə səfərləri də göstərir ki, rəsmi Bakı balanslı siyasətə üstünlük verir və xarici dövlətlərlə bərabər hüquqlu tərəfdaş kimi münasibət qurur.
Millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu da "Şərq"ə açıqlamasında bildirib ki, müasir beynəlxalq münasibətlər sistemində milli maraqların təmin olunması hər bir ölkənin və onun liderinin qarşısında duran əsas vəzifələrdən biridir.
Deputatın sözlərinə görə, milli maraqların təmin olunması, heç şübhəsiz ki, intensiv dialoq və fəal diplomatik münasibətlərdən keçir:
"Bu mənada, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq münasibətlər sisteminin aktoru olan müxtəlif dövlətlərə müntəzəm və ardıcıl səfərləri həm ölkəmizin dünyaya inteqrasiyasını təmin edir, həm də milli maraqların təmin olunmasına xidmət edir. Prezident İlham Əliyevin son bir neçə gün ərzində üç mühüm səfəri - Rusiya, Qırğızıstan və Xorvatiyaya səfərləri və əldə olunmuş nəticələr qarşılıqlı faydalı münasibətlərin inkişafı və milli maraqların təmin olunması baxımından olduqca əhəmiyyətlidir. Prezidentin Rusiyaya rəsmi səfəri nəticəsində ölkələrimiz arasında ikitərəfli münasibətlərdə yeni səhifə açıldı. Dövlət başçısının Xorvatiyaya rəsmi səfəri də həm iki ölkə arasında münasibətlərin, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində müxtəlif sahələri əhatə edən əməkdaşlığın inkişafına dair aktual məsələlər müzakirə edildi. Bu, hər iki ölkənin milli maraqlarının təmin olunması və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük önəm kəsb edir". H.Babaoğlu bəyan edib ki, Prezidentin Qırğızıstanın Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə görüşündə iştirakı da mühüm əhəmiyyətə malikdir: "Ümumiyyətlə, artıq ənənə halını alan bu tipli görüşlər çoxtərəfli diplomatik münasibətlərin, mədəni, iqtisadi və humanitar əlaqələrin inkişafına xidmət edir. Macarıstanın da bu görüşdə iştirak etdiyini nəzərə alaraq qeyd edə bilərik ki, bu format daha da genişlənir, gələcəkdə daha effektiv əməkdaşlıq və tərəfdaşlıq platformasına çevrilmək potensialına malikdir.
Bütün bu səfərlərin ortaq cəhəti ondan ibarətdir ki, onların əsasında Azərbaycanın ikitərəfli münasibətlərinin inkişafı, dünyaya inteqrasiya etməsi dayanır. Bu istiqamətdə həyata keçirilən intensiv diplomatik təmaslar uğurlu nəticələr verir. Xüsusilə də, Prezident İlham Əliyevin ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərindən biri olan Rusiya Federasiyasına səfər etməsi, bu dövlətin Cənubi Qafqazdakı nüfuzundan və Dağlıq Qarabağ münaqişəsinin həlli imkanlarından istifadə etməsi məsələsini aktuallaşdırması olduqca mühümdür".
Millət vəkili vurğulayıb ki, prezident tərəfindən həyata keçirilən fəal tərəfdaşlıq və əməkdaşlıq diplomatiyası yeni perspektivlər müəyyənləşdirməklə bərabər, eyni zamanda, ölkəmizin dünya iqtisadiyyatına uğurla inteqrasiya etməsinə və beynəlxalq siyasi proseslərdə söz sahibi olan dövlətlərdən birinə çevrilməsinə xidmət edir.
İsmayıl