Kreml rəhbəri yeni variantlarla Avrasiya İttifaqını genişləndirmək istəyir
"Bir sıra MDB ölkələri Avrasiya İqtisadi İttifaqında müşahidəçi ola bilərlər”. Bunu Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi İttifaqında sədrliyin Rusiya Federasiyasına keçməsi ilə əlaqədar danışarkən deyib. Putin bildirib ki, bu qərar inteqrasiya prosesinə əlavə impuls verəcək və üzv ölkələrin regionlar səviyyəsində daha sıx əməkdaşlığını təmin edəcək:
"2016-cı ildən Vyetnamla azad ticarət zonası uğurlu fəaliyyət göstərir. Hazırda Misir, İsrail, İran, Hindistan, Serbiya və Sinqapurla azad ticarət zonasının yaradılması ilə bağlı aparılan danışıqların müsbət nəticələnəcəyinə ümid edirik. Avrasiya İttifaqı ilə Çin arasında iqtisadi-ticarət sahəsində əməkdaşlıq haqqında imzalanan sazişin böyük perspektivlərini görürük”.
Rusiya rəhbərinin açıqlaması bəzi ekspertlər tərəfindən Putinin yeni taktiki gedişi kimi dəyərləndirilir. Hesab edilir ki, Kreml rəhbəri yeni variantlarla öz qurumlarına əlavə ölkələr cəlb etməyə çalışır.
Məsələni "Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli deyib ki, Rusiya kimi dövlətlə müxtəlif ölkələrin istənilən sahədə əməkdaşlığı normaldır. Onun sözlərinə görə, Rusiya böyük bir bazardır və üstəlik, dünyanın müxtəlif ölkələrində siyasi-iqtisadi maraqları var:
"Lakin hansısa ölkənin Avrasiya İttifaqına üzv olacağını düşünmürəm. Avrasiya İttifaqında Rusiyanın Qafqaz və Orta Asiyadakı forpostları Ermənistanla, Tacikistandır. Rusiya ilə Çinin arasında qalan Qazaxıstanın başqa yolu yoxdur. Bu ölkə məcburən Avrasiya İttifaqının üzvüdür. Üstəlik, şimal ərazilərini Rusiyadan qorumaq üçün məhz bu ölkə ilə ittifaqdadır. Belarus da Qərblə münasibətlərini tam düzəltməyənə qədər Rusiya ilə müttəfiqlik etməyə məcbur qalıb. Həmçinin, Ukrayna nümunəsi də Belarusla Qazaxıstanı Rusiya ilə "dostluq” etməyə sövq edir. Qırğızıstan isə heç bir önəm daşımayan, kasıb bir ölkədir. Yəni belə ölkələrin Avrasiya İttifaqında olmaları köklü heç nəyi dəyişmir. Rusiya ilə müxtəlif formatlarda dünya və region ölkələri əməkdaşlıq edəcək. Amma düşünmürəm ki, hansısa ölkə ən azı bu yaxınlarda Avrasiya İttifaqına tam hüquqlu üzv kimi qəbul olmağa razılıq versin”.
İsmayıl